Putin Ərdoğanla bütün mövzularda razılaşdı, lakin... - Politoloqdan şərh

img

04-04-2018 [09:09]


"Rusiya prezidenti Vladimir Putin prezident seçildikdən sonra ilk xarici səfərini Türkiyəyə reallaşdırdı. Bu, Putinin həm Türkiyə ilə münasibətlərə verdiyi dəyərlə bağlıdır, həm də doğrusu mövcud şərtlər daxilində Kreml sahibi üçün səfər edəsi yer də çox deyil".

Mia.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Putinin Türkiyəyə səfərini şərh edərkən deyib.

Onun sözlərinə görə, Qərbin sanksiyaları Putinin yolunu bir çox Avropa ölkəsinə bağlayıb:

"Türkiyədə isə Akkuyu kimi dəyəri 20 milyard dollar olan atom elektrik stansiyasının təməl daşı qoyuldu, S -400 raketlərinin satışı da tamamlandı, üstəlik, Putin Rusiya qazını Türkiyəyə və oradan Avropaya daşıyacaq "Türk axını” boru xəttinin sürətli tikintisindən də razıdır.

Ankara üçün vacib olan məqamlardan biri də Rusiyanın Türkiyə ordusunun Suriyada hərbi əməliyyata qarışmamasıdır. Ancaq Putin Ankaradakı ortaq mətbuat konfransında türkiyəli jurnalistlərdən birinin sualı üzərinə PYD və YPG-nin adını çəkməkdən yayındı, tam əksinə dedi ki, Suriyanın yenidən qurulmasında kürdlərin də rolu olmalıdır. Yəni bu cavab Ərdoğanı, türklər demişkən, təxmin etmədi. Olsun, əsas odur ki, Rusiya Amerika kimi Türkiyənin Suriyadakı hərbi əməliyyata mane olmaq istəmir. Ankaraya da elə bu lazımdır".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA