Baloğlan Əzrəfov: "Tüpürüm belə müasirliyə!"

img

27-09-2010 [06:04]


Cavad Rəcəbovun "Ağadadaş Ağayevlə Baloğlan Əşrəfova qarşı plagiatlıq ittihamı" başlığı ilə dərc olunan müsahibəsi əməkdar artist Baloğlan Əşrəfovu narazı salıb. O, redaksiyamıza zəng edərək yazı ilə bağlı fikirlərini bildirdi və eyni zamanda, bizi maraqlandıran sualları cavablandırdı: - Müsahibənin başlığı mənim mənafeyimə ziddir. İstəməzdim, adım bu formada hallansın. Bəli, "Uçan quşlar" mahnısını məndən öncə, 1979-cu ildə Cavad Rəcəbov İran müğənnisinin repertuarından götürərək, farsca oxuyub. Mən isə bu mahnını 1982-ci ildə digər İran müğənnisi - Peymanın repertuarından götürmüşəm və azərbaycanca oxumuşam. Burada heç bir plagiatlıq yoxdur, çünki həmişə qeyd etmişəm ki, mahnı Peymanın repertuarındandır. Başqasının mahnılarını öz adına çıxaran müğənnilərə nifrət edirəm. Bu, müəllifə qarşı hörmətsizlikdir. Mən belə işlərdən uzağam. Dəfələrlə həmkarlarıma bunu etməməyi tövsiyyə etmişəm. Bəzən böyük müğənnilərimiz də müəyyən mahnılara bir az əlavələr edib öz adlarına çıxarıblar. Kimin ağlına gələrdi ki, dövran gələcək, 40 il öncə oxunan mahnıların da müəlliflərinin kimliyi üzə çıxacaq. İndi kompüter əsridir. İstənilən mahnının mənbəyini 5-10 dəqiqəyə tapmaq mümkündür. Buna görə də plagiatlıq edənlər gec-tez öz adlarına ləkə gətirirlər. Mən çox sayda hind və fars mahnılarına söz yazıb oxumuşam. Amma hamı bilib ki, bu mahnılar haradandır. Hind filmindən götürülən mahnını necə öz adına çıxmaq olar? Sadəcə, onları mənim ifamda eşidənlər "Baloğlanın filan mahnısı", - deyiblər. Necə ki, 30 il öncə oxuduğum "Gözlərim gəzir səni" adlı bir mahnını "Baloğlanın mahnısı" kimi toylarda oxuyurlar. Həmişə oxuduğum bütün mahnıların müəlliflərinin kimliyini açıqlayıram. Əgər repertuarımdakı mahnıların müəlliflərinin adları bəzən haradasa çəkilmirsə, bu, mənim istəyimlə olmur. - Mahnı bəstələmək istedadınızdan çoxları 3 il öncə Sərdar Ortac repertuarınıza müraciət edəndən sonra xəbər tutdu. Belə başa düşdüm ki, şeir yazmağa da meyllisiniz. - Müğənni sözlərə fikir verməsə, oxuduğu mahnı bir həftəlikdir. Mahnı sözlərlə yaddaşlarda qalır. BDU-nun Filologiya fakültəsini bitirdiyimə görə, şeirin qaydalarını müğənnilərimizin 99 faizindən yaxşı bilirəm. Rəhmətlik Nüsrət Kəsəmənliyə bir şeirimi oxuyandan sonra, o, alnımdan öpdü və soruşdu ki, niyə yazmırsan? Dedim, adamda gərək üz olsun ki, Nizami, Füzuli, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Səməd Vurğundan sonra çıxıb desin ki, mən də şairəm. Amma şeirdən başı çıxmayanlar bəzən utanmaz-utanmaz mahnıya söz yazırlar. Mənim səriştəmdən isə şeiriyyat aləminə bələd olan insanlar xəbərdardırlar. Bəxtiyar Vahabzadə kimi müəllimim olub. Şeirlərimə kimsə qulp qoya bilməz. Hətta yazdığım şeirləri muğam üstündə də oxuyurlar. Amma adımın çəkilməsini tələb etmirəm, utanıram. [b]- Bəlkə elə buna görə də mahnı bəstələməyinizdən çoxları xəbərdar olmayıb? [/b] - Təxminən 1980-ci ildən mahnı bəstələyirəm. Mahnılarımı digər müğənnilərimiz də oxuyub. Amma Sovet hökumətinin vaxtında bunu desəydim, məni ilim-ilim itirərdilər. Canımın dərdindən onları xalq mahnısı, təsnif adı altında oxumuşam. Yalnız müəyyən status qazanandan sonra, rəhmətlik Nüsrət Kəsəmənlinin "Qayıtma" şeirinə bəstələdiyim mahnının müəllifinin özüm olduğunu dedim. Yeri gəlmişkən, çox müğənnilər mənim mahnılarımla toylarda pul qazanıblar. Halal xoşları olsun! Misal da çəkə bilərəm. "Aytac qızım", "Çağır məni", "Bu qız nə qəşəngdir, ay Allah"... Sonuncunun sözlərini yazmışam, bu, fars mahnısıdır. [b]- Bəlkə mahnılarınızı toylara görə yazdığınız üçün müəllifliyinizi gizləmisiniz? [/b] - O vaxt dahi bəstəkarlarımızın bir çoxu sağ idi. Onların yanında özümüzə ar bilmişik ki, mahnı yazdığımızı bəyan edək. Mahnılarımı Bəstəkarlar İttifaqına təqdim etməliydim? Kütlə bilməsə də, oxuyanlar bilirdi ki, müəllif mənəm. O vaxt Hafiz Baxışın bir mahnısına söz yazdım: Tale səni rəva görməyəydi, kaş mənə, ey gül. Yar olmadın, oldun ürəyi daş mənə, ey gül. Bu mahnını Cavanşir Məmmədov da oxuyub. Rəhmətlik Məmmədbağır Bağırzadə isə demişdi ki, Baloğlan bu qəzəli çox gözəl musiqiyə çevirib. Şükür Allaha, yaşayıram. Oxuduqlarımın dalında dayanmışam. Amma böyük səhvimdir ki, yazdıqlarımı indiyədək rəsmiləşdirməmişəm. [b]- Bəstələrinizi disk şəkilində buraxmaq fikriniz yoxdur? [/b] - Bu, səsyazma studiyalarının işidir. Təəssüf ki, o dövrdə yazdığım bir çox gözəl mahnıların aranjemanları müasir dövrün tələblərinə cavab vermir. Onları yenidən işləmək isə böyük vəsait tələb edir. [b]- Sizə mahnı üçün müraciət edən həmkarlarınız olub? [/b] - Əlbəttə, özü də çox. Amma ad çəkmək istəmirəm. Çünki çox vaxt imtina etmişəm. Axı mən bəstəkar deyiləm ki, sifariş götürüm. Nə vaxt beynimə gəlir, onda yazıram. O zaman Zeynəb Xanlarova üçün bir mahnı yazmışdım. Onu da xəcalət çəkib göstərmədim. Bir neçə il sonra görüşdük. Ona bu haqda dedim. Dedi, nahaq çəkinmisən. [b]- Maraqlıdır, mahnılarınızı hansı qiymətə verirsiniz? [/b] - Mən, Əşrəfov Baloğlan Xanoğlan oğlu o tərbiyə ilə böyüməmişəm. Sovetlər vaxtının övladıyam. Oxumaqla pul qazanıramsa, mahnı sata bilmərəm. Bu, mənim şəxsiyyətimə xələl gətirər. Pulla mahnı yazsam, Baloğlan olmaram, pis oğlan olaram. Mahnımı kim istəsə, oxuya bilər, amma bir şərtlə - məndən yaxşı oxusun, ləkələməsin. [b]- Bu işə hobbi kimi yanaşırsınız? [/b] - Yazdıqlarım ortabab olsaydı, buna hobbi deyərdim. Amma indi mahnılarımıza elə ləyaqətsiz, mənasız sözlər yazanlar özlərinə şair deyirlər... Adi qafiyəni də bağlaya bilmirlər. Bu, cinayətdir, millətin beynini zəhərləmək deməkdir. Bir alman alimi deyib ki, mən Füzulinin bir misrasında 60 ildir batıb qalmışam. Cındır-cındır sözləri şeiriyyətə gətirənlər isə özlərini qiymətə mindirirlər. Məni bu yaşa qədər xalqın diqqətində saxlayan mahnılarımın sözlərindəki məna, uyarlıqdır. Millətin ələyindən keçmək çox çətin məsələdir. Elə mahnım var, onu 15 ildir hər il toylarda oxutdururlar. Mənasız sözləri olan mahnını 15 gündən sonra bir köpəyoğlu sifariş etmir. Bəzən nəyinsə xətrinə kimlərinsə bərbad şeirlərini ağlaya-ağlaya əlavələr edərək oxumuşam. Amma yenə də o şeirdə eybəcərlik qalıb. Heç kim deməsin ki, belə mahnılar oxumayıb. [b]- Çox səmimi və həyat eşqi olan insansınız. Amma çox vaxt dalğın, fikirli görünürsünüz... [/b] - Bildiyiniz kimi, 2007-ci ildə ağır əməliyyatdan keçdim. 6 gün komada, 13 saat narkozun altında yatdım. Buna görə də özümdən asılı olmayaraq emosional və ya dalğın oluram. Bəlkə də Ginnesin rekordlar kitabına düşə bilərəm ki, çətin əməliyyatdan 2 ay sonra, "Yaşıl Teatr"da 4 saat ayaq üstə konsert verdim. Bu, tarixdə görünməyib. Çox ağzıgöyçək, insafsızlar var ki, toyda 3-4 saat canlı oxumağıma inanmırlar. Ölərəm, başqaları kimi fonoqramla toy yola verə bilmərəm. [b]- Sizi qeyri-milli yolla oxumaqda ittiham edənlər də var. [/b] - Məni ittiham edənlər tənəzzülə uğradılar. Çünki bir qrup musiqişünas mənim ifa tərzimi araşdırdılar və onun İraq kərküklərinin tərzilə eyni olduğunu müəyyən etdilər. Belə oxumağı kimsədən öyrənməmişəm. Bu, mənə Allahdan gəlib. Hər halda muğamlarımızın ruhunu olduğu kimi saxlayıram. Bəlkə də səsimi sözdən formalaşdırıram deyə, oxumaq üslubum başqadır. Burada heç bir cinayət yoxdur. Şəhvani, insanların zövqünü korlayan mahnılar oxumuram ki?! Əsas odur ki, xalq məni dəstəkləyir, hətta, əstəğfürullah, bölgələrdə mənə peyğəmbərsayağı münasibət bəsləyirlər. Çox müğənni ilə rayonlarda dövlət tədbirlərinə getmişəm, amma məni elə qarşılayıblar ki, hamı mat qalıb. Bununla belə, oxuduqlarıma mız qoymağa çalışırlar - fars belə gəldi, hind belə getdi. Mənim oxumağım heç olmasa, Şərq musiqisinə yaxındır. İndiki oxuyanlarsa, fransız, alman, yopon ruhunda oxuyurlar. Bəs bu, mənim millətimə nə verir? [b]- Bunu müasirlik kimi qələmə verirlər. [/b] - Tüpürüm belə müasirliyə! Bunun axırı hara çıxır, şou-biznesdə özün görürsən. Dizdən iki qarış yuxarı yubka geyinməklə müasirlik göstərənləri xalq qəbul etmir. Onlar kimi heç zaman çıxıb yalvarmamışam ki, ay millətim, nə olar mənə səs verin və ya məni toylara aparın. Həmişə xalqıma arxalanmışam. Bir kişi deyə bilməz ki, Baloğlanı mən qabağa çəkdim. Çox haqsızlıqla rastlaşmışam. İnsanlar Allahın varlığından qorxsaydılar, başqa cür olardı. O gün qəzetlərin birində belə sorğu gördüm - Allahın varlığına inanırsınız? Bu sorğunun müəllifini görsəm, onu traktorun altında xıncım-xıncım edib ətini itlərə paylatdıraram. Allahın da varlığına şəkk etmək olar? Bunu heç erməni də eləməz. [b]- Qarşıda nə kimi planlarınız var? [/b] - İnşallah, oktyabrın 8-də 59 yaşım tamam olur. "Srace" telekanalı ad günümü qeyd etməyi planlaşdırır. Muğam Teatrının direktoru Arif Qazıyev isə orada konsertimi keçirməyi təklif edib. Xatırladım ki, oranın solistiyəm. 2-ci ad günüm də var. Bu, 30 mart - ağır əməliyyatdan çıxdığım gündür. Bu tarixi evdə ailə üzvlərimizlə qeyd edirəm. [b]- Yeri gəlmişkən, əməkdar artist adını da o zaman aldınız. [/b] - Artıq millətin gözündə xalq artistiyəm. Bəlkə də hörmətli prezidentimiz İlham Əliyev bilmir ki, hələ əməkdar artistəm. Allah qoysa, bu da olacaq. Amma dövlətimdən narazı deyiləm. Azərbaycanı sevirəm, daima öz dövlətimin ideyalarını təbliğ edirəm. Bəziləri kimi, hər xırda şeyə görə özümü gözə soxmuram. Dalımca kamera salıb xeyriyyəçiliyimi reklam etmirəm. Çox hərbi hissələrdə, uşaq evlərində olmuşam. Amma bunu el gözünə etməmişəm. Döyüş gedə-gedə öz ansamblımla yaralı əsgərlərə konsert vermişəm. Bunu harada yazdılar? Heç yerdə, çünki mən istəmədim. Amma bəziləri harasa 2 kilo qənd aparırlar, sonra da az qala bütün kanallara çıxıb bağırırlar ki, cəbhə bölgəsində konsert verdim. [b]Elşad ÜMİD[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA