"Toylar kraliçası-2" müsabiqəsinin ilk günü qalmaqala imza atan müğənni cəmi 1 xal topladı

img

18-09-2010 [09:18]


ANS telekanalında növbəti dəfə start götürən "Toylar kraliçası" müsabiqəsinin ilk günü qalmaqalla başladı. Belə ki, İlahə Aslanova ilə musiqi rinqinə çıxacaq müğənni Nəzakət Məmmədova verilişə bir neçə saat qalmış iştirakdan imtina etdi. Telemüsabiqə efirdə canlı yayımlandığından onu başqası ilə əvəz etmək gec oldu. Nəzakət Məmmədovanın bu hərəkəti verilişin aparıcısı Çingiz Əhmədovun və münsiflər heyətinin qəzəbinə səbəb olduğundan onlar kraliçalıq şansından imtina edən müğənninin dalınca "gözəl" çıxışlar edərək, onu səsi olmadığı üçün canlı yarışmadan qorxan kimi qələmə verdilər. Çıxış edənlər "cinayətkarın" öz layiqli cəzasına çatacağına ümid etdiklərini də bildirdilər. Həftə ərzində yeri boş qalan iştirakçıya gələn cəmi 1 SMS-ə lağ edənlər də tapıldı. Nəzakət xanım Müstəqil İnformasiya Agentliyinə müsabiqəyə qatılmaqdan imtina etməsinin səbəbini belə izah etdi: "Öncə deyim ki, haqqımda deyilən sözlər əsassızdır. Mənim istedadım da, özümə güvənim də var. Səs diapazonum isə 2 oktavadan artıqdır. Sadəcə olaraq, rəqibələrim məni qane etmədilər. Mənə demişdilər ki, müsabiqədə samballı, az-çox tanınmış müğənnilər iştirak edəcəklər. Amma sonra məlum oldu ki, iştirakçıların çoxu nəinki efirə çıxmayıblar, heç restoranlarda belə oxumurlar. Onların şəxsiyyətləri barədə heç nə demirəm. Hərəsi özünə görə xanımdır. Amma mən dövlət tədbirlərində iştirak edirəm, Flora Kərimova, Niyaməddin Musayev, Cavanşir Məmmədov, Firuzə İbadova kimi tanınmış müğənnilərlə eyni səhnəni paylaşmışam. Buna görə də özümü müsabiqəyə qatılan iştirakçılar arasında görmək istəmədim. Onsuz da son nəticədə hər şeyi SMS, yəni pul həll edəcək. İstəməzdim ki, mənim hərəkətim ümumilikdə həmin yarışmaya və onun keçirildiyi telekanala qarşı hörmətsizlik kimi qiymətləndirilsin. Əks halda, orada iştirak etmək istəyində olmazdım". Söhbət əsnasında Nəzakət xanım gələn ay konsert proqramı ilə çıxış etməyi planlaşdırdığını da bildirdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA