Beynəlxalq Mədəniyyət izçiləri Həmkarlar ittifaqları Birliyi Məsləhət Şurasının iclası olub

img

13-09-2010 [05:33]


Sentyabrın 13-də Azərbaycanda Atatürk Mərkəzində ölkəmizdə ilk dəfə olaraq Beynəlxalq Mədəniyyət İşçiləri Həmkarlar İttifaqları Birliyi Məsləhət Şurasının iclası keçirilib. Iclasda Azərbaycan, Rusiya, Ukrayna, Qazaxıstan, Moldova, Belarus, Gürcüstan və Qırğızıstandan nümayəndə heyətləri iştirak edib. Bu iclas ildə bir dəfə müxtəlif şəhərlərdə keçirilir. Sonuncu iclas Kiyevdə olub. Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoyub. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də tər güllər düzülüb. SSRİ-nin və Azərbaycanın xalq artistləri Rəşid Behbudov və Müslüm Maqomayevin də məzarları ziyarət edilib. Sonra iclas iştirakçıları Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anıb. İclas iştirakçıları Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müavini İlyas Əliyev ilə görüşmüşlər. Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunmuşdur. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının fəaliyyətini yüksək qiymətləndirən qonaqlar dünyada baş verən iqtisadi böhrana baxmayaraq, ölkəmizdə işçilərin sosial rifahının yüksək olduğunu qeyd etmişlər. Sonra həmkarlar ittifaqındakı xidmətlərinə görə Beynəlxalq Mədəniyyət İşçiləri Həmkarlar İttifaqları Birliyi Məsləhət Şurasının sədri-baş katib Tatyana Oqorodova medalla təltif olunmuşdur. Digər qonaqlara da fəxri fərmanlar verilmişdir. Daha sonra Azərbaycanda Atatürk Mərkəzində iclas öz işinə başlamışdır. Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin (MİMHİRK) sədri Cəmilə Səttarova bildirmişdir ki, iclasda keçən il ərzində Mədəniyyət İşçiləri Həmkarlar İttifaqlarının nailiyyətləri barədə danışılacaq, təcrübə mübadiləsi aparılacaq, qarşıda duran mühüm vəzifələr müzakirə olunacaqdır. C.Səttarova rəhbərlik etdiyi komitənin maliyyə böhranı vəziyyətində mədəniyyət işçilərinin əmək hüquqlarının və onların maraqlarının müdafiəsi sahəsində fəaliyyəti barədə danışmışdır. Bildirmişdir ki, ölkəmizdəki sosial-iqtisadi tərəqqi, demokratik institutların inkişafı, əsaslı hüquqi bazanın yaradılması ittifaq hərəkatının genişlənməsi üçün geniş imkanlar yaratmışdır. Qeyd edilmişdir ki, Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı üzvlərinin sosial-iqtisadi, əmək və s. hüquqlarının müdafiəsi, işçilərlə əməkdaşlığın qurulması və konstruktiv dialoqun aparılması sahələrində müstəqil fəaliyyət göstərir. Hər il Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə bağlanılan Baş Kollektiv Saziş üçün materialların hazırlanmasında komitənin bilavasitə iştirakı bu sənədə mədəniyyət işçilərinin əmək maraqlarını müdafiə edən bir sıra konstruktiv təklifləri daxil etməyə imkan yaradır. MİMHİRK-nin sədri vurğulamışdır ki, bu gün komitə mədəniyyət işçilərinin maraqlarının müdafiəsi və təminatı üçün sahə kollektiv sazişlərinin bağlanılması təcrübəsindən istifadə edir. Bundan əlavə, komitə müxtəlif dövlət proqramlarının uğurla həyata keçirilməsində fəal iştirak edərək, gender bərabərliyi sahəsində və gənclərlə bağlı məsələlərin həllində də böyük işlər görmüşdür. Bu illər ərzində həmkarlar ittifaqlarının üzvləri beş faiz artmış və 53 min 172 nəfər olmuşdur. Onların 78,9 faizini qadınlar, 28,3 faizini isə gənclər təşkil edir. Bu, çox uğurlu göstəricidir. Bundan əlavə, həmkarlar ittifaqının maddi-texniki bazası da gücləndirilmişdir. Regionlarda isə həmkarlar ittifaqının nümunəvi rayon komitələrinin əsasında metodik mərkəzlər yaradılmışdır. Mərkəzlərin məqsədi qabaqcıl təcrübənin öyrənilməsi və yayılması, seminarların təşkilidir. Həmkarlar ittifaqı strukturunun bütün hissələrində gender bərabərliyi və qadınların problemləri üzrə komissiyalar yaradılmışdır. Hazırda bu cür 294 komissiya fəaliyyət göstərir. C.Səttarova cəmiyyətin inkişafı üçün mövcud olan yüksək iqtisadi göstəriciləri sadalamış, bütün bunların insanların sosial rifahının inkişafına yönəldiyini bildirmişdir. Digər çıxışçılar də təmsil etdikləri ölkələrin mədəniyyət işçiləri həmkarlar ittifaqlarının keçən il ərzində fəaliyyəti barədə məlumat vermişlər. Çıxışlardan sonra vətəndaş cəmiyyətində mədəniyyət işçiləri müstəqil həmkarlar ittifaqının inkişaf meyilləri, problemlər və vəzifələr ətrafında fikir mübadiləsi aparılmışdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA