05-09-2010 [06:02]
[b]Sərdar Cəlaloğlu: "...qoy, sübut eləsinlər ki, nəqliyyat naziri Ziya Məmmədov bizim bloku maliyyələşdirir" [/b]
2010 parlament seçkilərinin startına çox az vaxt qalıb. Proses ötən parlament seçkilərindən fərqlidir. Hakim partiya hələlik seçki taktikasını müəyyən qədər gizli saxlasa da, müxalifət düşərgəsi 4-5 blokla prosesə qoşulur. Əgər qeydiyyat məsələsində problem olmasa, ən azı 5 blok mübarizə meydanında olacaq. Bu və ya digər məsələlərlə bağlı müsahibə verən bu bloklardan birinə - "Qarabağ" Seçki Blokuna daxil olan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu seçkiyə ayrı-ayrı partiyalar şəklində getməkdənsə, bu varinatı daha üstün sayır.
- Seçkiyə blok şəklində getmək müxalifətin dağınıqlığını aradan götürmək baxımından önəmlidir. Ona görə də hesab edirik ki, digər partiyalar da seçkiyə blok şəklində getsəydilər, vəziyyət daha yaxşı olardı. Hesab edirəm ki, seçkiyə blok şəklində getməyimizi xalq da müsbət qiymətləndirəcək. Çünki Azərbaycan cəmiyyətinin ən ciddi problemlərindən biri birlik problemidir. Biz başqa partiyalar üçün də bir nümunə ortaya qoyduq ki, partiya və şəxsi maraqları kənara qoymaq mümkündür, yəni, birlik naminə hər cür fədakarlıq etmək olar.
[b]- Məsələ ondadır ki, müxalifətdə 4-5 blok yaranıb... [/b]
- Hansı bloklardır ki?
[b]- Məsələn, Sizin "Qarabağ" bloku, ALP və VİP-in "İnsan naminə" bloku, VHP ilə DİP-in "Demokratiya" bloku, BQP-BAXCP-Ədalət-in "İslahat" bloku. Yəni, hərə bir tərəfdə bloklaşır... [/b]
- Müxalifətin seçkiyə blok şəklində getməsi, hər halda seçkiyə ayrı-ayrı getməkdən yaxşıdır. Partiyalar ayrı-ayrı getsəydilər, hər dairədə 10-15 müxalifət namizədi olacaqdı. O zaman da seçki bataqlığı kimi bir vəziyyət yaranacaqdı.
Onu da deyim ki, bu bloklaşmanın bəzisi süni surətdə həyata keçirilir. Adətən müxalifət hər hansı bir addımı atanda iqtidar onu mənasızlaşdırmaq üçün müəyyən addımlar atır. Amma hətta hansı formada yaranmasından asılı olmayaraq, seçkilərə blok şəklində getmək cəmiyyət üçün xeyirlidir.
[b]- Bir neçə ay öncə müxalifətin ümumi birliyindən, vahid blokdan danışırdınız, amma buş tutmadı. Bunun üçün müxtəlif səbəblər göstərdiniz. Hazırda cinahlar bəllidir, ötən müddətə nəzər yetirdikdə nə baş verdi ki, müxalifət 4-5 blokda ancaq birləşə bildi? [/b]
- Bəzi partiyalar siyasi reallıqları nəzərə almadılar. Elə bil, hansısa bir "knopka" basılmışdı ki, nəyin bahasına olursa-olsun müxalifət birləşməsin. Lap başlanğıcda bir partiyanın bəhanəsi sonradan bütün partiyaların birləşmədən imtinasına gətirib çıxardı. Mənə elə gəlir ki, bu, kortəbii hadisə deyil. Müxalifətin belə bir dağınıq vəziyyətə düşməsi məqsədyönlü siyasət idi. İndi o siyasətin nəticəsini də seçkilərdə görəcəyik. Görək nəticələr nə olacaq, onda o nəticələrə uyğun olaraq bu prosesə daha düzgün qiymət verə biləcəyik. Bizim məlumatımıza görə, bəzi beynəlxalq təşkilatların vasitəsi ilə bəzi partiyalar hökumətlə seçkilərlə bağlı müəyyən danışıqlar aparıb. Həmin danışıqların da bu yaranmış vəziyyətə çox ciddi təsiri var.
[b]- Maraqlı məsələyə toxundunuz, açıq danışmağın məqamıdır. Sizin təbirinizcə desək, o "knopka"nı kim basdı və kimlər ona uyğun hərəkət elədi? [/b]
- Bu cür şeyləri deməyin cəmiyyətə xeyri yoxdu. Azərbaycanda seçkilərdə hər dəfə kimsə hansısa rolda oynayır. Əslində biz pozitiv məqamlara daha çox üstünlük verməliyik. O şey ki, pisdi, hətta onu söymək naminə belə təbliğ eləmək lazım deyil.
[b]- Ancaq hər halda müxalifətin seçkiyə ən azı 3-4 blokda getməsi səslərin parçalanması ilə nəticələnəcək...
[/b]
- Təbii ki, vahid bloka nisbətən bir neçə partiyanın blokları ilə seçkiyə getmək o qədər də sərfəli deyil. Amma nəzərə alsaq ki, ayrı-ayrı getmək daha ağır nəticə ola bilərdi, onda bunu da müsbət qəbul etmək olar. Onsuz da məlumdur ki, hər partiyanın real mübarizə apara biləcək 10-15 namizədi var. Demokratiya da tələb edir ki, əgər sənin 125 yerə namizədin olsa da, müəyyən yer qoymalısan. Ona qıcqırma yeri də deyirlər, yəni, imkan verməlisən ki, başqa qüvvələr də öz gücünü orada nümayiş elətdirsin. Əgər hər müxalifət partiyası 10-15 namizəd versəydi, müxalifətin çox möhkəm bir bloku yaranardı. Amma bizim bütün səylərimizə baxmayaraq, inadlı şəkidə müxalifətin vahid blokunun yaradılmasının əleyhinə çıxdılar. Burada da biz gücsüz olduq, yəni, ən azı digər partiyaları bir yerə yığa bilmədik. "Azadlıq" bloku dağıldı. Sonra da proses davam edərək, tam dağınıqlığa çıxdıq.
[b]- Müttəfiqiniz Ümid Partiyası İsa Qəmbəri dəstəkləmək naminə onun dairəsindən namizəd verməyəcəyini bəyan etdi. Siz analoji jesti kimə qarşı etmək istərdiniz? [/b]
- Mənim özümə məxsus heç bir şeyim yoxdur ki, kiməsə güzəştə gedim. Ona görə də bu, çox gülünc olar ki, deyim, filankəsə güzəştə gedim. Adama deyərlər, sənə məxsusdur ki, kimsə güzəştə gedirsən. Adam yalnız özünə məxsus olan şeyi güzəştə gedə bilər. Şəxsən mən nə kimdənsə güzəşt gözləyirəm, nə də ki, kiməsə güzəştə getmək fikrim var. Hətta deyərdim ki, bəzi partiyaların liderləri gəlsinlər alternativ olsunlar, bir yerdə mübarizə aparaq.
[b]- Hansı müxalifət lideri ilə üz-üzə gəlmək istərdiniz? [/b]
- Kim özünü ötkəm, güclü hesab edirsə və çalışırsa ki, mənə gücünü göstərsin, gəlsin mənimlə eyni dairədən namizəd olsun. Gəlsin yarışaq, daha uşaq-muşağı qabağa verməsin.
[b]- Blokunuzun adını "Qarabağ" qoymusunuz, bunun özəl bir səbəbi varmı, yoxsa... [/b]
- Bunun özəl səbəbi odur ki, biz hesab edirik Azərbaycanın bütün prolemləri Qarabağ problemindən qaynaqlanır. İkincisi, biz Ümid Partiyası ilə Qarabağ və Respublika Uğrunda Hərəkatda olmuşuq. Bu hərəkatda bizdən başqa dörd partiya da var idi. O partiyalar olmadığı üçün biz blokun adında ixtisar da elədik. Biz bir şeyi də müşahidə eləmişik ki, seçkilər zamanı qrup və fərdi maraqlar qabardığı bir vaxtda Qarabağ problemi bir çox məqamlarda arxa plana keçir. Buna imkan verməmək üçün Qarabağ adını götürdük. Nəhayət, hakimiyyət hansı formada razılaşsa da, Qarabağın son taleyi parlamentdən keçəcək. Əgər kimsə Qarabağın Azərbaycandan qoparılmasını istəmirsə, "Qarabağ" blokuna səs verməlidir. Əgər biz kifayət qədər səs toplasaq, parlamentdə Qarabağ fraksiyası adı altında fəaliyyət göstərməyi düşünürük.
[b]- Sərdar bəy, Sizdən başqa müxalifətin bir neçə bloku var. Müxalifət cinahındakılar arasında özünüzə əsas rəqib kimi görürsünüz?
[/b]
- Qoy, hamı blokunu elan eləsin, görək kimin namizədi hardan gedir, şüarı nədir. Belə bir şəraitdə nəsə demək düzgün olmur axı.
Mətbuat yazırdı ki, guya Lalə Şövkət bloku yaranır, sonra məlum olur ki, "İnsan naminə" blokudur. Deyirlər, bir neçə partiyanın bloku yaranır, sonra deyirlər ki, əməkdaşlıq mrkəzidir. Yəni, ortada real mənzərə yoxdur. Kampaniya başlasın, bloklar qeydiyyata alınsın, sonra bir söz demək olar.
[b]- Müxalifətin seçkidə mübarizə aparacaq cinahları bəllidir. Əsas opponentiniz isə mübarizə meydanına buraxacağı namizədlərini açıqlamır. Bunun səbəbini müxtəlif cür izah edirlər. Siz nə düşünürsünüz? [/b]
- Birincisi, gözləyirlər ki, müxalifət öz namizədlərini elan eləsin, ondan sonra öz əsas namizədlərini müxalifətin zəif həlqəsinə alternativ eləsinlər. İkincisi, ötən seçkilərin acı təcrübəsi var ki, iqtidarın müəyyən güc mərkəzləri parlamenti nəzarət altına almaq istəyir. Yəni, YAP siyahısını tez elan eləmir ki, qalan şəxslər namizədliklərini müstəqil elan edəcəklər. Çox güman ki, YAP siyahısını ona görə elan etmir ki, göz muncuğu məsəli kimi 4-5 nəfərə mandat söz veriblər. İstəyirlər ki, seytnota salsınlar, bəzi namizədlər siyahıdan kənar seçkilərə qatılmasınlar. Yəni, elə qısa zamanda açıqlayacaqlar ki, siyahıdan narazı olanlar bir şey edə bilməsinlər.
[b]- Deyilənə görə, müxalifət partiyalarının yaratdığı bloklardan biri hakimiyyətin bloku olacaq... [/b]
- Vallah, mən onu deyə bilmərəm. Bəzən gözlənilmədən elə adamlar elə addımlar atır ki, adam məəttəl qalır. Bu barədə bir söz deyə bilmərəm. Bir də ki, biz elə mübarizə metodu seçəcəyik ki, parlament yeri uğrunda mübarizə aparaq. Kim hakimiyyətdən maliyyə dəstəyi alıb, Allah bərəkət versin.
[b]- Siz isə namizədlərinizin hərəsinə təbliğat üçün min manat ayıracağınızı... [/b]
[i]- (Sözümüzü kəsərək) [/i]Mən demişəm ki, orta dərəcəli təbliğat aparmaq üçün ən azı hər dairədən namizəd olana min manat lazımdır. Amma ola bilsin, namizədlərin bir qismi öz hesablarına kampaniya aparsınlar. Mən ümumi şəkildə belə bir söz demişdim. Üzvlərimizin çoxu öz imkanları ilə seçkilərə gedəcəklər.
[b]- O fikirlər də səslənir ki, Sizin "Qarabağ" Seçki Blokunu nəqliyyat naziri Ziya Məmmədov maliyyələşdirəcək...
[/b]
- Allah eləsin!.. Sənin Ziya Məmədova əlin çatırsa, denən bizi maliyyələşdirsin.
[b]- Yox, deyirlər ki, Sizin əliniz çatır... [/b]
- Onu səndən başqa deyən, qələt eləyir, başını da daşa döyür. Belə bir söz var ey, oğru elə qışqırdı, doğru özünü itirdi. Azərbaycanda adətən özü hökumətə satılan, qeyd etdiyiniz kimi, hökumətdən gizli yollarla maliyyələşən dairələrin hamısı hər kəsdən tez başqalarına böhtan atır ki, diqqəti özündən yayındırsın. Bu, elementar şayiə kampaniyasının bir hissəsidir. Uşaq da bilir ki, kim birinci belə şeylər deyirsə, elə onun özü şübhəlidir. Baxmaq lazımdır ki, bu cür şayiə kampaniyasını aparanların özləri nə işlə məşğuldur? Mən sizdən eşidirəm ki, bu sözü bizə aid edirlər. Qəzetdə belə getmişdi ki, guya Ziya Məmmədov AXCP-Müsavat blokuna qarşı blok yaradır. Başa düşmürəm, AXCP-Müsavat parlament uğrunda mübarizə aparır, yoxsa Ziya Məmmədova qarşı mübarizə ararır ki, o da onlara qarşı blok yaradır? Bax, bu mənə çatmır. Əgər bunu mənim ünvanıma rəsmi şəkildə deyə bilən adam varsa, desin. Mən də onu məhkəməyə verim, qoy, sübut eləsinlər ki, nəqliyyat naziri Ziya Məmmədov bizim bloku maliyyələşdirir.
[b]- Bu fikirlərin Sizə yönəlməsi namizədlərinizə pul ayıracağınızı demənizdən sonra baş verib... [/b]
- Mən axı deməmişəm ki, namizədlərimizə pul ayıracağıq. Demişəm ki, minimum bu qədər pul ayrıla bilər. Amma bizim namizdlərimizin hamısına pul ayırmaq imkanımız yoxdur. Sadəcə, bunu bir qədər təhrif ediblər. Bilirsiniz, bütün bunların hamısı ucuz piardır. Kimin kimə işlədiyini hamı yaxşı bilir. Mənim Ziya Məmmədovla alış-verişim ola bilməz. Bu günə kimi çıxışlarımda, qəzetlərimizdə Ziya Məmmədovun hansı mənimsəmələr etməsini, milyonların necə göyə sovrulmasını demişik. Necə olur ki, qəzetimizin səhifələrində bütün detalları ilə ifşa elədiyimiz adamla işbirliyinə gedib blok yaradırıq? Bunların hamısı iyrənc böhtandan başqa bir şey deyil. Əslində Ziya Məmədovun sifarişinə uyğun işləyənlər bəllidir. Hansı ki, qəzetlərində Kəmaləddin Heydərovu və digərlərini "yıxıb-sürüyür", amma Ziya Məmmədovdan bir kəlmə belə yazmırlar. Kimin Ziya Məmmədovdan maliyyə dəstəyi aldığı bəllidir. Heç vaxt hakimiyyətdəki hansısa qruplaşma ilə çirkin oyunlara getmərəm. Bir də ki, bizim üçün hakimiyyət bütövdür. Kəmaləddin Heydərovu da, Ramil Usubovu da, Ziya Məmmədovu da - hamısı birdir, onların hamsı bu xalqa zülm etmək yolu tutublar. Ona görə də heç kim məni hansısa hakimiyyət mənsubu ilə işbirliyində ittiham edə bilməz. Əgər kimin hünəri vasa, rəsmi şəkildə desin, görək qarşımda dayana bilərmi? Amma bu cür iyrənc böhtanlar adama pis təsir edir.
Mən bütün həyatımı tutduğum yola qurban vermişəm, işgəncələrə məruz qalmışam, qohumlarım, övladlarım didərgin düşüblər. Ona görə də hamı yaxşı bilir ki, mənim ünvanıma deyilən bu sözlər böhtandan başqa bir şey deyil.