AMiP rəhbərliyi ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndələri ilə görüzüb

img

30-08-2010 [04:22]


Bu gün AMİP-in müvəqqəti qərargahında AMİP sədri Yusif Bağırzadə və Baş Katib Arzuxan Əlizadə ilə ABŞ-ın Azərbaycandakı səfirliyinin siyasət şöbəsinin rəhbəri cənab Rayan Kəmpbel və demokratiya və insan haqları üzrə müşavir xanım Brijit Buşe arasında görüş keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, görüşdə Azərbaycanda qarşıdan gələn parlament seçkiləri və seçki qabağı mühit, ölkədəki ictimai-siyasi vəziyyət, insan haqları, Dağlıq Qarabağ problemi, regional məsələlər və Güney Azərbaycanda gedən proseslər müzakirə predmeti olub. AMİP sədri Y.Bağırzadə seçki və seçki qabağı mühit barədə rəhbərlik etdiyi partiyanın mövqeyini çatdıraraq qeyd edib ki, AMİP ölkədə ilk yaranan partiya olaraq böyük seçki təcrübəsinə malikdir və 2010-cu ilin payızında keçiriləcək parlament seçkilərinə ciddi hazırlıq işlərinə start verib. Bununla bərabər ölkədə demokratik inkişafın və hüquqi cəmiyyətin qurulmasının seçkilərdən birbaşa asılı olduğunu deyən AMİP sədri bildirib ki, məhz buna görə də rəhbərlik etdiyi siyasi təşkilat həmişə seçkilərə xüsusi önəm verib. Ölkədəki ictimai-siyasi vəziyyətə toxunan Y.Bağırzadə onu da əlavə edib ki, rəqabət mühitinin olmaması, cəmiyyətə basqıların qalması, siyasi partiyaların və müstəqil mətbuatın fəaliyyətinə məhdudiyyətlər qoyulması həlli vacib problemlər olaraq qalmaqdadır. AMİP Baş Katibi Arzuxan Əlizadə Ermənistan-Azərbaycan münaqişəsi və Dağlıq Qarabağ probleminin ədalətli həllinin təmsil etdiyi partiyanın yürütdüyü siyasətində prioritet sahə olduğundan və bu problemin tezliklə çözülməsində Birləşmiş Ştatların əhəmiyyətli rolundan danışıb. O, ABŞ hökümətinin Azərbaycana səfir göndərilməsinin gecikdirilməsində partiyanın narahatlıqlarını ifadə etməklə yanaşı, ABŞ-Azərbaycan əlaqələrinin daha da möhkəmlənməsi və regionda təsirini artırması üçün fəallığını artıracağına ümidvar olduğunu söyləyib. O, həmçinin Güney Azərbaycanda gedən proseslərə Birləşmiş Ştatların diqqət yetirməsini alqışlayıb. Cənab Rayan Kəmpbel və Brijit Buşe isə öz növbəsində təmsil etdikləri dövlətin Azərbaycanda keçiriləcək parlament seçkilərinə böyük önəm verdiyini və bu seçkiləri diqqətdə saxlayacağını bildiriblər. Onlar həmçinin ümid ediblər ki, Azərbaycan beynəlxalq təşkilatlar qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcək və ölkədə demokratik inkişafın qarşısına çıxan problemləri aradan qaldıracaq. Qonaqlar, həmçinin, ABŞ-ın fundamental azadlıqların və insan hüquqlarının qorunmasında Azərbaycana bundan sonra da öz dəstəyini əsirgəməyəcəyini və bununla bağlı hökümətlə və vətəndaş cəmiyyəti ilə əməkdaşlıq edəcəyini deyib. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barəsində də fikir mübadiləsi aparılıb. Görüşdə AMİP-in Beynəlxalq məsələlər üzrə katibi Elşən Mustafayev və Mətbuat və təbliğat katibi Əli Orucov da iştirak ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA