ADP idarə Heyətinin növbəti toplantısı keçirilib

img

23-08-2010 [03:13]


Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, toplantıda ölkədə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. Türkiyə prezidenti Abdulla Gülün ölkəmizə səfərinin nəticələrinə diqqət çəkən toplantı iştirakçıları bu səfərin iki qardaş ölkə arasında qardaşlıq və dostluq münasibətlərinin davam etdirilməsi və strateji əməkdaşlıq baxımından çox əhəmiyyətli olduğunu bildirib və əldə edilən strateji əməkdaşlığın hər iki ölkə üçün faydalı olduğunu qeyd edib. Bununla yanaşı İdarə Heyəti üzvləri səfər zamanı iki ölkə arasında viza rejiminin götürülməsinin qeyri-müəyyən vaxta təxirə salınması və hərbi əməkdaşlıq haqqında konkret razılaşmalar əldə edilməməsinin görüşün yüksək səviyyədə keçirilməsi barədə aparılan rəsmi təbliğatla uyğun gəlmədiyini bildirib və hakimiyyəti qardaş Türkiyə ilə münasibətləri daha yüksək səviyyədə qurmaq üçün səyləri artırmağa çağırıb. Rusiya prezidenti D.Medvedevin Ermənistana səfəri və bu səfər zamanı iki ölkə arasında əldə edilmiş hərbi razılaşmaların ölkəmiz və bütövlükdə Cənubi Qafqaz üçün yarada biləcəyi təhlükədən narahat olduqlarını bildirən İdarə Heyəti üzvləri Azərbaycan hakimiyyətini Rusiya ilə siyasi və digər münasibətlərində daha həssas olmağa və onun regionda qüvvələr nisbətini hərbiləşdirdiyi Ermənistanın xeyrinə dəyişdirmək cəhdlərinin qarşısını almaq üçün beynəlxalq səyləri gücləndirməyə çağırıb. Səfər zamanı qondarma genosid memorialı önündə hər iki ölkənin prezidentinin etdiyi çıxışların Türkiyə və Azərbaycan əleyhinə kökləndiyini bildirən toplantı iştirakçıları bu cür davranışların beynəlxalq hüququn ruhuna zidd olduğunu qeyd edib və iki ölkə arasında yaranan münasibətlərin üçüncü ölkə əleyhinə yönəlməsinin yolverilməz olduğunu diqqətə çatdırıb. Adı çəkilən ölkələr arasında müqavilə bağlanana qədər hərbi ritorikaya üstünlük verən Azərbaycan rəsmilərinin müqavilədən sonra susqunluq göstərmələrinin anlaşılmaz olduğuna diqqət çəkən İdarə Heyəti üzvləri məhz bu hərbi anlaşmanın əldə edilməsində bu cür hərbi ritorikanın da rol oynadığını bildirib. İdarə Heyəti üzvləri beynəlxalq təşkilatları Ermənistanın təhlükəsizliyini təmin edən amma regionun digər dövlətlərini təhlükə altında saxlayan Rusiyanın birtərəfli qaydada apardığı hərbiləşdirmə siyasətinin qarşısını almağa və hakimiyyəti bu dövlətin Minsk qrupundakı missiyası ilə uyğun gəlməyən fəaliyyətinə son qoymaq üçün addımlar atmağa çağırıb. Moldova prezidentinin səlahiyyətlərini icra edən Mixail Qimpunun Gürcüstanda GUAM-ın gücləndirilməsi ilə bağlı səsləndirdiyi bəyanata mövqe bildirən İdarə heyəti üzvləri bu bəyanatı müsbət dəyərləndirib və qurumun aktivləşməsinin demokratik coğrafiyanın genişlənməsinə və bu qurumda təmsil olunan ölkələrin Rusiyanın hərbi-siyasi təsirindən qurtulub Avroatlantik məkana inteqrasiya olunacağına əminliyini ifadə edib. Dövlət müəssisələrinin qarşılıqlı borclarının silinməsi ilə bağlı hökumətin qərarına münasibət bildirən İdarə Heyəti üzvləri korrupsiyaya yol açan bu addımın ayrı-ayrı müəssisələr tərəfindən dövlət vəsaitinin mənimsənilməsinə zəmin yaratmaq baxımından pisləyib və belə bir qərarın təkcə dövlət müəssisələrinə deyil, kifayət qədər yoxsulluq içində yaşayan vətəndaşlara da şamil edilməsinin vacibliyini diqqətə çatdırıb. Son vaxtlar şimal sərhədimizdə terror aktlarının artması və bu aktlar zamanı xeyli insan itkisinin yaranmasından narahat olduğunu bildirən partiya yetkililəri beynəlxalq təşkilatları Rusiya ərazisində baş verən terror aktlarının qarşısının alınmasında yardımçı olmağa və adı çəkilən ölkənin terrora qarşı mübarizə adı altında antidemokratik fəaliyyət göstərməsinə imkan verməməyə çağırıb. Sonda cari məsələlərlə bağlı bir sıra qərarlar qəbul edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA