Mübariz Qurbanlı: Regional təhlükəsizlik baxımından Ermənistanın silahlandırılması olduqca qorxuludur

img

20-08-2010 [04:55]


Ermənistanla Rusiya arasında hərbi əməkdaşlığa dair yeni müqavilənin imzalanmasına münasibət bildirərkən YAP İcra katibinin müavini, MM-in deputatı Mübariz Qurbanlı deyib: ?Rusiya ATƏT-in Mink qrupunun həmsədri kimi aparılan danışıqlarda əsas vasitəçilərdən biridir. Belə bir müqavilənin imzalanması isə Rusiyanın bu vasitəçilikdə rolunu müəyyən mənada, bitərəf yox, tərəf kimi göstərir. Onun Ermənistanın tərəfində olduğu faktiki olaraq açıq şəkildə ortaya çıxır. Regional təhlükəsizlik baxımından Ermənistanın silahlandırılması olduqca qorxuludur. Digər tərəfdən, Qafqaz həssas bir bölgədir. Belə bir şəraitdə Rusiyanın bu addımı atması Qərb tərəfindən də adekvat addımlarla müşaiət oluna bilər. Bütövlükdə bu, bölgədə gərginliyi daha da artıracaqdır. Ona görə də, Rusiyanın Ermənistanı birtərəfli qaydada silahlandırması, bu cür müqavilənin imzalanması əslində təcavüzkarı şirnikləndirmək siyasətidir. Tarix belə hadisələrin nə qədər acı nəticələr verdiyini dəfələrlə sübut etmişdir. Təbii ki, Ermənistanın təmənasız olaraq birtərəfli qaydada silahlandırılması Azərbaycan ictimai rəyində haqlı narazılıq və narahatlıq yaradır? deyə o, vurğulayıb. M.Qurbanlının sözlərinə görə, Azərbaycanla Rusiya strateji tərəfdaşdırlar, bu dövlətlə sıx əlaqələrimiz var. Rusiya prezidenti Dmitri Medvedevin Azərbaycana səfərinin gözlənildiyini deyən millət vəkili qeyd edib ki, biz dost ölkəyik və Azərbaycan tərəfi bu dostluğu yüksək qiymətləndirir. Bununla belə YAP İcra katibinin müavini qeyd edib ki, Azərbaycan Rusiya xarici siyasətində Ermənistana əlahiddə münasibət göstərilməsini düzgün hesab etmir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA