Bank sektoruna nəzarət edənlər dövlətə qarşı təxribat edirlər - Ekspertlərdən ittiham

img

13-10-2017 [21:14]


Kreditor borcları ödəməkdən qəsdən yayınmaya görə cəzalar sərtləşdirilir. Bununla bağlı Cinayət Məcəlləsinin 196-cı maddəsininin (Kreditor borclarını ödəməkdən qəsdən yayınma) 196.1 və 196.2-ci bəndlərinə dəyişiklik təklif edilir.

Mia.az xəbər verir ki, məhkəmənin qanuni qüvvəyə minmiş müvafiq qərarına əsasən, təşkilat rəhbərinin və ya vətəndaşın kreditor borclarını, yaxud qiymətli kağızları ödəməkdən qəsdən yayınması xeyli miqdarda ziyan vurduqda - üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən dörd mislinədək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
teyyub-qeni-yenni.jpg (290×230)
Bu barədə fikirlərini mia.az-la bölüşən iqtisadçı alim Teyyub Qənioğlu deyib ki, bu dəyişiklik dövlətə qarşı təxribatdır: 

"Kreditor borcları qaytarmaq iqtidarında olmayanların,bunu kreditləri qaytarmaqdan imtina edənlər kimi qələmə vermək istəyirlər, həbs edilməsinə dair cinayət məcəlləsinə müvafiq maddə əlavə etmək istəyirlər. Əcəba, bu bank sektorunun sahibi olan və bu sektora nəzarət edən yüksək vəzifəli məmurların növbəti fitnəkar gedişi deyilmi? Bu günədək banklar kreditləri qaytarmaq iqtiarında olmayan 200 mindən çox müştərini məhkəməyə veriblər. 

Düşünmürlər ki, yaranmış (yaradılmış) ağır şəraitdə müştərilərin mütləq əksəriyyəti mövcud ağır şərtlərlə kretiti qaytarmaq iqtidarında deyillər? Nə istəyirlər bu məmurlar borc içində üzən müştərilərdən? Müştərini həbsə almaqla pullarını ala biləcəklərini düşünürlərmi? Əslində bu dövlətə qarşı təxribata daha çox bənzəyir. Kimlərsə ölkədə sosial gərginlik yaratmaq istəyirlər”. 

İqtisadçı onu da bildirib ki, məsələnin müzakirəsi zamanı millət vəkilləri buna etiraz etməlidirlər.
2015-12-22-14-19-21natiq-ceferli.jpg (440×330)
Məsələ ilə bağlı fikirləriniz bizimlə bölüşən Real Hərəkatının icra katibi, iqtisadçı Natiq Cəfərli vətəndaşların əleyhinə ola bu dəyişikliyə qarşı olduğunu deyib. O bildirib ki, hökumət yalnız sıxma-boğma üsulları ilə problem həll etməyə çalışsa da, buna nail olmayacaq: 

"Hökumətdəkilər hələ də elə bilirlər ki, iqtisadi qanunları "zopa" ilə, qorxu-hürkü, həbslə idarə edə bilərlər. Bir rəsmi şəxs çıxıb demir ki, camaat niyə borcunu qaytara bilmir, nədən kreditini ödəyə bilmir. Millət nə etsin ki, hökumət manatı 2 dəfədən çox ucuzlaşdırdı, götürdükləri borc həm yüksək faizlədir, həm də 1 ildə iki dəfədən çox artdı. İqtisadi tənəzzül davam edir, ÜDM azalır, əhalinin nominal gəlir artımını inflyasiya yeyir, real gəlirlər azalır, qiymətlər artır, dolanışlq ağırlaşır. 

Ölkədə 2 milyona yaxın vətəndaşın kredit borcu var, indi nə edəcəklər, yüzminlərlə insanı həbs edəcəklər? Onlarla yeni zindan tikəcəklər? Hər məhbusun 1 gün zindanda qalması dövlətə 19 manata başa gəlir, ay qalstuklular dəstəsi, həbs edib hələ bir günə 19 manat xərcləmək dövlətə daha baha başa gələcək! Hökumətdəkilər belə sadə məsələni belə anlamırlar. Həqiqətən faciədir”.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA