ADP seldən zərər çəkənlərə qarzı hökumətin münasibətinə etiraz edir

img

16-08-2010 [02:39]


Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, toplantıda ölkədə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. İdarə Heyəti üzvləri son vaxtlar Rusiyanın Ermənistanla olan əlaqələrinin hərbi müstəvi üzrə daha da möhkəmləndirilərək Rusiya hərbi bazalarının adı çəkilən dövlətin ərazisində daha 49 il müddətində saxlanılması ilə bağlı militarist cəhdlərindən narahat olduğunu bildirib və Rusiyanın Cənubi Qafqazda uzun müddətli sülh və sabitliyi təhdid altında saxlayan hərbi ekspansiyasının qarşısını almaq üçün beynəlxalq səylərin birləşdirilməsinin vacib olduğunu diqqətə çatdırıb. Birtərəfli qaydada Ermənistanın silahlandırılmasına yönələn bu hərəkətin arxasında Cənubi Qafqazda nüfuz üstünlüyünü qorumağa çalışan Rusiyanın imperialist niyyətlərinin durduğunu bildirən partiya yetkililəri bu cür militarist cəhdləri qətiyyətlə pisləyib və beynəlxalq təşkilatları Rusiyanın Azərbaycan və Ermənistan arasında olan münaqişənin daha da dərinləşməsinə xidmət edən davranışlarına adekvat reaksiya verməyə çağırıb. Eyni zamanda guya Azərbaycanla Rusiyadan S-300 tipli raket qurğularının alınması ilə bağlı razılaşma əldə edilməsinə diqqət çəkən İdarə Heyəti üzvləri hakimiyyəti bu cür razılaşmalarda vaxtı ilə Rusiya və İraq arasında olan silah alverindəki uğursuzluqlardan nəticə çıxarmağa və Azərbaycanın hərbi qüdrətinin artırılması istiqamətində alternativ yollar axtarmağa çağırıb. İdarə Heyəti üzvləri daşqın və sel nəticəsində zərər çəkən fəlakət zonalarında vəziyyətin getdikcə ağırlaşmasından, daşqından zərər çəkən ailələrə lazımi qədər kompensasiya verilməməsindən və hakimiyyətin diqqətsizliyindən narazılıq edənlərə yerli polis orqanları tərəfindən zorakılıq göstərilməsindən narahat olduğunu bildirib və bu neqativlərin qarşısının alınması üçün təcili tədbirlər görülməsini tələb edib. Ölkədə yeridilən monopolist siyasət nəticəsində taxıl qıtlığının yaranmasını və bu faktın hətta kənd təsərrüfatı nazirliyinin rəsmiləri tərəfindən etiraf edilməsini diqqətə alaraq partiya üzvləri yarana biləcək taxıl böhranının aradan qaldırılması üçün bu sahədə və ümumiyyətlə iqtisadi monopoliyanın qarşısının alınmasının, ölkəyə gətirilən taxıl məhsulları üzərində olan məhdudiyyətin götürülməsinin və qış mövsümü üçün gözlənilən taxıl qıtlığının təcili olaraq qarşısının alınmasının zəruri olduğunu bildirib və iqtidarı bu böhranın aradan qaldırılması üçün tədbirlər kompleksi hazırlamağa çağırıb. Türkiyə Respublikasının prezidenti Abdulla Gülün Azərbaycana səfərinə diqqət çəkən İdarə Heyəti üzvləri bu səfəri hazırkı dövrdə ölkəmiz üçün çox mühüm bir hadisə kimi dəyərləndirib və bu səfərin iki qardaş ölkə arasında qarşılıqlı əlaqələrin daha da möhkəmlənməsinə, Dağlıq Qarabağ probleminin həllinə yeni töhfə olacağına və türk dilli xalqların vahid birliyinin yaranmasına xidmət edəcəyinə əminliyini ifadə edib və hakimiyyəti Türkiyənin regionda və beynəlxalq aləmdə artan nüfuzundan istifadə edərək Azərbaycanın mövqeyinin möhkəmlənməsinə səylər göstərməyə çağırıb. Qafqaz Müsəlmanlar İdarəsinin dini vəzifələri daşıyan dindarlar üçün attestasiya qaydalarını tətbiq etməsinin yolverilməz olduğuna diqqət çəkən İdarə Heyəti üzvləri bu qaydaların islamın demokratik təməl prinsiplərinə zidd olduğunu bildirib və bu məsələnin müzakirəsinin İslam universiteti tərəfindən aparılmasını məqbul hesab edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA