12-08-2010 [04:42]
Gənclik illərinin, tələbəlik çağlarının ali məktəblərdə təhsil almış hər insan üçün özünəməxsus unudulmaz anları var. Orta məktəb qucağında keçən ilk yetkinlik çağları, ali məktəbdə oxumaq həvəsi hər insanın arzu və istəyinə, yaşadığı mühitin, ab-havanın gözdə-könüldə qalan izlərinə görə xatırlanır.
Kiminin ali məktəb qapısına ata-ana ilə gəlməsi, imtahandan uğurlu qiymət alıb çıxanda, onların övladlarının boynuna sarılıb onu təbrik etmələri yadına düşür. Kiminin ürəyində isə bu ali təhsil yollarına uzaq bir rayondan tək-tənha çıxması, paytaxta gəlib soraqlaya-soraqlaya ali məktəb qapısını tapması ? sevincinin də, kədərinin də şahidi təkcə özü olması xatirə yuvası salır. Mən bu ikincilərdən idim. Təhsil yollarına kimsənin dəstəyi olmadan, üzümü Allaha tutub çıxmışdım. Bir taxta parçasının üstündə dərya üzündə küləyin insafına qalıb sahilə boylanan adama bənzəyirdim...
1952-ci ilin yayında sənədlərimi APİ-nin (V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu ? red.) qəbul komissiyası otağının pəncərəsindən verib, sənədlərin qəbzi əlimdə geri dönəndə çiynimə isti bir əl qondu. İlk dəfə gördüyüm, qaynar qara gözlü, xoşsifət bir insanın əliydi bu əl. ( Bu, ilk dəfə gördüyüm Şıx-Əli Qurbanov idi). Əlimdəki qəbzi alıb nömrəsinə baxdı və mənə qaytardı.
? Hansı rayondan gəlmisən? ? deyə qayğılı və mehriban bir tərzdə soruşdu.
? Gədəbəydən gəlmişəm, ? dedim, ? amma qəbul olmağıma gümanım yoxdur, rus dilindən qorxuram!
O, şən bir səslə bir az da zarafatla:
? Başqa imtahanları verəcəyinə arxayınsanmı? Əgər o biri imtahanlardan yaxşı qiymətlər alsan, rus dili imtahanına kömək edərlər.
? O biri imtahanlardan qorxmuram. İnanıram ki, ?4?-üm, ?5?-im var. Mən sənədlərimi əvvəlcə ADU-ya (Azərbaycan Dövlət Universitetinə ? red.) vermişdim. Orda rus dilindən inşa yazılacağına görə işimi geri götürüb bura gətirdim. Dedim APİ-də heç olmasa imladan ?üç? ala bilərəm.
Bu ara kürən saçlarını qısa kəsdirmiş ortaboylu kök bir qadın da bizə yaxınlaşdı. Mənimlə, xoş danışan müsahibimlə salamlaşıb, mənim vəziyyətimlə maraqlandı:
? Hansı rayondan gəlmisən?
Müsahibim mənim əvəzimdə cavab verdi:
_____________
* ?Kredo? qəzeti, 2 aprel 2005-ci il, ss.3 və 5; ?Kaspi? qəzeti, 14 aprel 2005-ci il, s.6. ? (red.)
2
? Susanna Abramovna, Gədəbəydən gəlib. Uzaq dağ rayonundan. Deyir ?rus dili? imtahanından qorxuram.
Qadın amiranə bir səslə:
? Cavan oğlan, o biri imtahanları verib yaxşı qiymətlər alsan, partkom otağına gəl, biz rus dili müəllimindən xahiş edib sənə kömək edərik.
Mən onlara ürəkdən razılıq edib çox sevindim. Onların bu nikbin sözü ürəyimdə böyük bir ümid işığı yandırdı.
Bir neçə gündən sonra əsas fənlərdən qiymətlər aldım. Bir ?əla?, iki ?yaxşı?. Ürəklənib partkom otağına getdim. Partkom qadın telefonla danışıb Şıx-Əli müəllimlə rus dili imtahanı gedəcək otağa baş çəkmələrini məsləhətləşdi. Mənə dedilər sən get auditoriyaya. Biz müəllimlə danışarıq. Sıralarda əyləşib müəllimin imla deməsini gözləyirdik. Qaralama və ağartma üçün vərəqlər paylanmışdı. Birdən qapı açıldı. Susanna Abramovna, Şıx-Əli müəllim və fakültə dekanı Sədi Əfəndiyev imtahan otağına daxil oldular. Əliyev familiyalı müəllimlə bir neçə dəqiqəlik söhbət edib, getdilər. Mən hiss etdim ki, Şıx-Əli müəllim məni göstərib müəllimə nəsə xüsusi sözlər deyirdi...
Müəllim imlanı deyib qurtardı, sıralara baş çəkib uşaqlardan nəsə soruşa-soruşa mən əyləşən partanın yanına da gəldi. Gözü ilə yazımı nəzərdən keçirib üç-dörd hərf səhvimi mənə göstərdi. ?Ağlamaya səliqə ilə yaz. Bu sözləri düzəltdiyim kimi yaz?, ? dedi və əvvəlki yerinə qayıtdı. Bir-iki gün sonra rus dilindən yazıların nəticəsi elan olundu. Çox az adam kəsilmişdi. Mən ?üç? qiyməti almışdım. Bir neçə gün əvvəldən bilirdim ki, ?üç? alsam qəbul ediləcəyəm.
Sən demə, bu imtahanlar vaxtı Şıx-Əli müəllim qəbul üçün verdiyim sənədlərdən, arayışlardan bilirmiş ki, mənim atam 1941 ? 1945-ci illər müharibəsində həlak olub. Bunu da həmin müəllimə bildirib mənə kömək etməyi xüsusi xahiş edibmiş. Rus dili müəllimi hər adamın xahişini nəzərə alan müəllim deyildi. O, Şıx-Əli müəllimin təmiz vicdanlı, təmənnasız və xeyirxah bir insan olduğunu bildiyinə görə onun sözündən heç vaxt çıxmırdı.
Mən sonrakı illərdə daha yaxşı öyrəndim ki, ictimai vəzifələrdə çalışan o vaxtkı müəllimlərin çoxu tələbələrin instituta verdiyi sənədləri gözdən keçirir, onların ailə vəziyyətini, əsgəri xidmətini, uzaq dağ rayonundan gəlməsini nəzərə alıb, onların yataqxana ilə təmin edilməsinə, təqaüdə düşmələrinə qayğı göstərirdilər. Təqaüdə düşmək üçün tələbənin aldığı qiymətlər əsas şərt idi. Lakin bəzi müəllimlər tələbənin biliyini dərindən yoxlamayıb, təsadüfi bir sualla onun qiymətini aşağı salırdı. Aşağı qiymətsə tələbənin ruhunu, həvəsini öldürür, onu maddi çətinliyə salır, hətta institutu tərk edib getməsinə səbəb olurdu. Ancaq M.Rəfili, Ə.Dəmirçizadə, Ş.Qurbanov, İ.Şıxlı, Ş.Ağayev kimi müəllimlər tələbələri həvəsləndirir, onların özlərinə inamını artırırdı.
Şıx-Əli müəllimin, Mehdi Mehdizadənin, Əbdüləzəl Dəmirçizadənin, Səyyarə Rzayevanın, İsmayıl Şıxlının, Böyükxanım Rəhimovanın, Musa Hacıyevin tələbələrə qayğıkeş və mehriban münasibəti tələbələri elmə, biliyə, vətəndaşlığa, vətənpərvərliyə ruhlandırırdı.
3
Mən oxumaq arzumun bir qismini ?Məktəb? şeirimdə əks etdirmişəm. Bu şeirdəki fikirlər Şıx-Əli müəllimin alovlu nitqlərindən bəhrələnmişdir. O, məktəbə, bu ulu məbədə, müəllim əməyinə xüsusi məhəbbət bəsləyirdi. Bizi gələcəkdə şərəfli işlər görməyə, uca müəllim adına layiq olmaq üçün mütaliəyə, tələbə məsuliyyətinə, bu gənclik illərinin qədrini bilməyə ruhlandırırdı.
Xeyirxah əllər ilə
Qoyulubdu təməlin.
Uğurlu dillər ilə
Başlayıb hər əməlin.
Gələcəyin yolları
Pillələrindən keçir.
Ömrün gənclik qatarı
Şən illərindən keçir.
Qoynunda hər səhərin
Təzə yaz nəfəsi var.
Əziz müəllimlərin
Ürəyinin səsi var.
Sənə könül verənin
Açılır gözü, məktəb!
Ən şirin xatirənin
Ən şirin sözü məktəb!
Tələbəlik illəri ? ilk sevgi illəri, yaxud sadəcə desəm: böyük arzular illəri. Bu illərdə nə qədər xeyirxah, unudulmaz insanlar gördüm. Onlar Vətəni, xalqı, ədəb-ərkanı, şeiri-sənəti bizə sevdirdi. Ömrün, həyatın mənasını anlatdı. Bü günümdən həmin sevimli, unudulmaz illərə boylanıram. Yarım əsrlik bir müddətə məndən uzaqda qalsa da, elə bil hər şey dünən olub; ali məktəb auditoriyaları da, çılğın arzularla qanadlanan tələbə dostlarımla, gülərüzlü, xeyirxah baxışlı müəllimlərimlə əlli ilin üzərindən boylanıb qəlbimdə, ürəyimdə görüşürəm. Nə yaxşı qanadlanıb uzaq illərin xatirəsilə bizi baş-başa qoyan xəyallar var! Biz onun şimşək qanadında bir anda həmin illərə qovuşuruq.
Əziz müəllimlərim ? heç zaman yadımdan çıxmayan Şıx-Əli Qurbanovla, İsmayıl Şıxlı ilə, Əbdüləzəl Dəmirçizadə ilə, Şövqü Ağayevlə, bizdən bir neçə kurs yuxarıda oxuyan Sərdar Əsədlə, Musa Həsənovla, Həsən Mirzəyevlə o illərin astanasında görüşürük.
Onlardan biri Şıx-Əli Qurbanov təkcə tələbələrinin, müəllim dostlarının deyil, bütün Azərbaycan xalqının ürəyində əziz xatirəyə çevrildi. Ölməz insanlar sırasında bu gün də xatirəsi heç zaman unudulmur. Şıx-Əli müəllim tələbəlik
4
illərindən fəallığı ilə seçilən, gənclik çağlarından dərin hörmət qazanmış bir insan olmuşdur. Bunu, ona dərs demiş müəllimlər bizə danışmışdı. Dərs otaqlarımızda, auditoriyalarda bəzən görərdik, ya Ağamməd müəllim (professor Ağamməd Abdullayev nəzərdə tutulur ? red.), ya Böyükxanım müəllimə deyərdi:
? Bilirsiniz, bu partada keçən il kim otururdu? ? Və özləri də cavab verərdilər:
? Sizə rus ədəbiyyatından dərs deyən müəlliminiz Şıx-Əli Qurbanov! Biz onunla fəxr edirik. Sizin də elə oxumağınızı, çalışqan olmağınızı arzu edirik!
Şıx-Əli müəllim tələbə ikən özünü ancaq əlaçı tələbə kimi deyil, həm də qayğıkeş bir insan, ictimaiyyətçi, təşkilatçı kimi tanıtmışdı. İnstitutun həmkarlar komitəsinin sədri, dil və ədəbiyyat fakültəsi partiya təşkilatının və institutun komsomol komitəsinin katibi olmuşdu.
Şıx-Əli müəllimə dərs demiş müəllimlərin onun haqqında ağızdolusu xoş sözlər deməsi, bizim könlümüzdə xoş duyğular yaradırdı. Bu təriflər, xoş sözlər sadəcə xoşagəlimliliyə rəğbət bəsləmə deyildi. Onun dərin idraklı, müdrik və son dərəcə qayğıkeş bir insan olduğuna görə idi.
Mənim Şıx-Əli müəllimdə gördüyüm ilk yüksək müəllimlik keyfiyyəti onun sırf ədəbi dildə danışması idi. Bəzi müəllimlərimiz xeyli təcrübəli olsalar da, ağızlarını açıb dərs deyəndə hiss edirdik ki, ya lənkəranlı, ya qarabağlı, ya qazaxlı, ya da bakılıdırlar. Lakin Şıx-Əli müəllim heç bir sözün vurğusunu, tələffüzünü yerli ləhcənin təsirinə salmazdı. Onun nitqində Azərbaycan dili nə qədər mükəmməl və səlis idi!
Rus dili müəllimimiz Vəkilov da Şıx-Əli müəllimin rus dilində sərbəst və heyrətamiz dərəcədə gözəl danışmasını bir neçə dəfə örnək göstərib, onunla fəxr etdiyini iftixarla söyləmişdi.
Şıx-Əli müəllim bizim qrupa ?Rus ədəbiyyatı? fənnini keçirdi.
O qədər gözəl, aydın, məntiqli mühazirə söyləyirdi ki, o dərsin üzərindən bir neçə gün keçəndən sonra, biz həmin dərsi əzbər danışa bilərdik. O, hər mövzunu ətraflı bütün təfsilatı ilə çatdırmağı bacaran ən gözəl pedaqoq idi.
Şıx-Əli müəllim A.S.Puşkin yaradıcılığı və həyatı haqqında elə təsirli danışırdı ki, biz dərsdən çıxandan sonra kitab mağazalarına yollanıb, dahi şairin kitablarını almışdıq. Şıx-Əli müəllimin mühazirəsindən sonra mən A.S.Puşkinin ?Kapitan qızı? povestini tapıb bir gecədə oxumuşdum. Şıx-Əli müəllim Puşkinin Qafqazı ilahi bir məhəbbətlə sevməsini, Azərbaycanda olmasını, Fərhad bəylə görüşüb ona şeir ithaf etməsini, M.F.Axundovun Puşkinə ?Şərq poemasını? həsr etməsini, böyük rus şairinin A.Bakıxanovla dostluğunu sözlə, böyük məhəbbətlə sanki gözlərimiz önündə nümayiş etdirirdi. Dahi rus şairinin zadəgan dedi-qoduları ilə cavan yaşında Dantesin gülləsindən ölməsini o qədər hissiyyatla söyləmişdi ki, biz tələbələr dərsin sonunda böyük şairin ölümündən kədərlənib kövrəlmişdik. Halbuki həmin dərsə qədər A.S.Puşkin haqqında dərsliklərdə biz çox şey oxumuşduq, lakin şairin böyük kədərli taleyini, faciəsini hiss etməmişdik.
5
Şıx-Əli müəllim Nekrasov, Turgenev haqqında da çoşğun ürəklə, bütün səmimiyyəti və hərarətilə söhbət açmışdı. Nekrasovun şeirlərini kitaba baxmadan, əzbər söyləyirdi.
Koridorda belə Şıx-Əli müəllimlə rastlaşanda nə qədər sevinərdik. O, çox zaman sevimli yazıçı və insan olan, müəllimimiz İsmayıl Şıxlı ilə söhbət edərdi. İsmayıl müəllim də bizə Avropa ədəbiyyatından dərs deyirdi. Onlar çox səmimi söhbət edər, çox qayğılı görünərdilər.
Şıx-Əli müəllim mühazirələrində M.F.Axundovun A.S.Puşkinə münasibətini xüsusi bir ahənglə, hətta bəzən bir qədər pafosla nəql edirdi. Axundovun Puşkinin ölümünə şərq poemasının tərcüməsindən, onun tarixi əhəmiyyətindən, bu gün belə öz güclü bədii dəyərini saxlamasından ürəkdolusu danışırdı. Həmin əsərin Cəfər Xəndanın və Böyükağa Qasımzadənin tərcümələrini yüksək qiymətləndirirdi. O zaman dərsliklərdə C.Xəndanın tərcüməsi verilirdi. O, şair-tərcüməçi Böyükağa Qasımzadənin tərcüməsini də təhlil edib onun da yüksək keyfiyyətli tərcümə olduğunu tələbələrə çatdırırdı.
Bir neçə ildən sonra xeyirxah insan olan, ?Azərbaycan? jurnalının baş redaktor müavini, Yazıçılar İttifaqının həmkarlar təşkilatının sədri istedadlı şair və tərcüməçi Böyükağa Qasımzadə qəflətən rəhmətə getdi. Bu hadisə Şıx-Əli müəllimi və İsmayıl Şıxlını bərk sarsıtmışdı. Onların arasında çox yaxın dostluq münasibəti vardı. APİ-nin dilçilik kafedrasında Azərbaycan dilindən dərs deyən hörmətli müəllimimiz Sona xanım Böyükağa Qasımzadənin həyat yoldaşı idi. Tələbələr Böyükağa Qasımzadənin vəfatını dərin kədərlə qarşıladılar. Çünki, Şıx-Əli müəllim mühazirələrində onu şeir-sənət həvəskarı olan tələbələrə gözəl şair, klassik tərcüməçi kimi sevdirmişdi.
Şıx-Əli müəllim dostluqda da çox etibarlı və sədaqətli idi. Böyükağa müəllimin vəfatından sonra onun kədərli çöhrəsi özü deməsə də, bunu hər kəsə deyirdi.
Şıx-Əli müəllim yaradıcılığa meyilli tələbələri həmişə ruhlandırırdı. Bir dəfə mühazirədən sonra Puşkinin Fərhad bəyə həsr etdiyi şeirin sətri tərcüməsini mənə verib bədii tərcümə etməyi məsləhət gördü. Mən o vaxta kimi tərcümə ilə məşğul olmamışdım. Xeyli əlləşib o şeiri tərcümə etdim. Şıx-Əli müəllim həmin tərcüməni bəyənməklə məni tərcümə ilə də məşğul olmağa ruhlandırdı. Tərcüməmi götürüb qovluğuna qoydu və dedi: ?Puşkinin yaradıcılığı haqqında yazacağım məqalələrdə istifadə edəcəyəm?. Mən buna çox sevindim. Şıx-Əli müəllimin tərcüməmi bəyənməsi mənim üçün mükafata bərabər idi. O, Puşkinin poetik yaradıcılığının əsasən çox gözəl tərcümə edildiyini deyirdi. ?Yevgeni Onegin? poemasının tərcüməsini isə şedevr tərcümə kimi qiymətləndirirdi. Böyük şairimiz Səməd Vurğun tərəfindən tərcümə edilmiş ?Yevgeni Onegin?də həm forma, həm məzmun saxlanmaqla əsərin bədii dəyərinin çox yüksək olduğunu qeyd edirdi. Şıx-Əli Qurbanov S.Vurğunun Puşkinin poemasını bütün ürəyi-canı ilə tərcümə etdiyini, Səməd Vurğunun öz dili ilə desək:
6
?Rusiya şerinin şah əsərini
Çevirdim Vaqifin ana dilinə?
misralarını necə şirin və iftixarla səsləndirirdi. Şıx-Əli müəllim deyirdi: ?S. Vurğunun tərcüməçilik məharəti də şairliyi kimi çox yüksəkdir?. ?Yevgeni Onegin?in bədii məziyyətləri, onun rus ədəbiyyatında əvəzsiz yeri, Rusiya milli düşüncəsinin ən böyük əsərlərindən olması Şıx-Əli müəllimin bizə öyrətdiyi yaddançıxmaz fikirlərdir. Biz tələbə ikən həmin poemanı təkrar-təkrar oxumuşuq.
Çox böyük təşkilatçılıq istedadına, dərin biliyinə və yetkin bir ziyalı olmasına görə Şıx-Əli müəllimi o zaman Bakı şəhərinin ən böyük rayonlarından biri olan Voroşilov rayonunun (indiki, Səbail rayonu) birinci katibi, Azərbaycan KP MK-sının Təbliğat və təşviqat şöbəsinin müdiri vəzifələrinə irəli çəkdilər. Şıx-Əli Qurbanov həmişə tutduğu vəzifələrdən xalqının xeyrinə, millətinin rifahı üçün istifadə edirdi.
Yüksək milli düşüncəyə malik olması, Azərbaycanın maddi və mənəvi sərvətlərinin qorunması uğrunda bütün varlığı ilə çalışması Şıx-Əli müəllimin xalq arasında çox hörmətlənməsinə səbəb oldu. Sov.İKP-nin bəzi rəhbərləri bu milli keyfiyyətdən qorxuya düşüb Şıx-Əli Qurbanovu vəzifəsindən azad etdilər. Lakin Şıx-Əli müəllim bu zaman qaynar elmi fəaliyyətini davam etdirib az vaxtda filologiya elmləri doktoru oldu.
Şıx-Əli müəllimin bilik və bacarığına, müdrikliyinə olan ehtiyac onu yenə yüksək vəzifə mərtəbəsinə gətirdi. O, Azərbaycan KP MK-nın ideoloji iş üzrə katibi seçildi. Məhz bu vəzifəsindən istifadə edərək Şıx-Əli müəllim xalqımızın ən əziz bayramı olan Novruz bayramını dövlət səviyyəsində elə bir təntənəylə keçirdi ki, bu hələ də insanların yaddaşındadır.
Şıx-Əli müəllim vəzifəsinin yüksəlməsinə baxmayaraq sadəliyini, xeyirxahlığını, dostlarına sədaqətini heç zaman unutmadı. O, dəfələrlə biz tələbələrini görəndə işimizlə yaşayışımızla maraqlanıb, nə çətin problemlərimiz olsa, ona müraciət etməyi tövsiyə edirdi...
Şıx-Əli Qurbanovu Azərbaycanın ziyalıları çox istəyirdilər. O, hər hansı bir tədbirdə çıxış etsə, onun çıxışı gurultulu alqışlarla qarşılanırdı. Özünün bədii yaradıcılığı ilə az zamanda çox böyük hörmət qazanmışdı. Partiya və dövlətçilik sahəsində olduğu kimi bədii yaradıcılığında əsl vətəndaşlığı, yüksək səviyyəli yetkin insan olmağı, xalqı, Vətəni üçün faydalı işlər görməyi, bəşəri mədəni səviyyəyə çatmağı təbliğ edirdi.
?Uşaqgəncnəşr?in direktoru Hamid Qasımzadə ilə yaxın dost olan Şıx-Əli müəllim Azərbaycan gəncləri və uşaqları üçün ən yaxşı ədəbi nümunələri çap etməyi məsləhət bilirdi. Bir gün belə bir vəziyyət yarandı. Hamid Qasımzadəni istəməyən, lakin onu işdən çıxara bilməyən bəzi adamların əlilə ?Uşaqgəncnəşr? özünü doğrultmayan nəşriyyat kimi ixtisara düşüb bir şöbə kimi ?Azərnəşr?ə qatıldı. Şıx-Əli müəllim bundan bərk qəzəblənmişdi.
7
O, Mərkəzi Komitə katibi seçiləndə nəşriyyatın ?Gənclik? adı ilə fəaliyyətə başlamasını təşkil etdi.
Çox təəssüf ki, o, ömrünün ən müdrik, ən yetkin çağında dünyanı tərk etdi. Namərd ölüm Azərbaycanın köksünə yeni bir dağ çəkdi ? Şıx-Əli Qurbanov dağı! İllər keçir, Şıx-Əli Qurbanov kədəri onu tanıyanların ürəyindən silinmir. Hər ilin Novruz bayramında xalqımız onun məzarını Novruz güllərinə qərq edir, adını hörmətlə, məhəbbətlə yad edir. Şıx-Əli ömrü Azərbaycan ömrünə qarışan bir ömürdür! Biz onu həmişə Azərbaycanın Bahar, Bayram rəmzi kimi xatırlayırıq.
İLYAS TAPDIQ, şair
Bakı şəhəri, mart 2005-ci il