"Bu gün Azərbaycanda dövlət xalqa və qanuna qarzıdır"

img

09-08-2010 [06:17]


[b]Zərdüşt Əlizadə: "Cəmiyyət təqətsizdir, halsızdır, mənəviyyatsızlaşıb, gələcəyini, şərəfini, vətənini düşünməyən bir məxluqata çevrilib" [/b] Siyasi partiyalar səviyyəsində müəyyən aktivlik olsa da, seçkiyə az vaxt qalmasına baxmayraq, cəmiyyətdəki durğunluq hələ də davam edir. Müxalifətin bu durğunluğu pozmaq cəhdləri isə yetərli deyil. Yəni, yaranan aktivlik sadəcə olaraq, məhdud bir çərçivəni əhatə edir. Ümumilikdə ictimai rəy hələ də ölgün vəziyyətdədir. Politoloq Zərdüşt Əlizadə ilə söhbətimiz də bu mövzuda başladı. - Azərbaycanda neçə ildir ki, bu vəziyyət hökm sürür. Hazırkı hakimiyyət səlahiyyət sahibi olandan bəri iqtidara öz siyasi kursuna uyğun adamları topladı. Hansı ki, onlar Azərbaycan qanunlarına, xalqına hörmət eləmirlər, onlar üçün hər şeydən vacib pul qazanmaq, qarət etmək, sərvət toplamaqdır. Bununla da dövlət hakim zümrənin əlində bir dəyənəyə çevrildi. Sonra da başladılar bu dəyənəklə cəmiyyəti vurmağa. Vurdular, əzdilər, sındırdılar, mənəviyyatını korladılar, qorxutdular və gözlənilən nəticə alındı. Yəni, hazırda Azərbaycan cəmiyyəti təqətsizdir, halsızdır, mənəviyyatsızlaşıb, gələcəyini, şərəfini, vətənini düşünməyən bir məxluqata çevrilib. Belə bir vəziyyətdə də hakim partiya-YAP, əslində isə simasız quldurlar partiyası, seçkiyə gedir. Bəli, bunun adı seçkidir, əslində isə bu, seçki deyil, mərasimdir. Yuxarıda təsdiq olunan siyahı ilə parlamenti doldurmaq istəyirlər. Əminəm ki, bu yolla formalaşan parlamentin də 90 faizi simasız quldurlar olacaq. [b]- Bəs, belə bir vəziyyətə qarşı hər hansı bir müqavimət olmamalıdırmı? [/b] - Olmalıdır. Amma vəziyyət acınacaqlıdır. Xalqın müqavimət gücü yoxdur, ona görə də passivlikdir. Müqavimət necə görsənməlidir? Güllə atmalıdırlar, yoxsa bomba partlatmalıdırlar? Konstitusiyada yazılıb ki, insanların sərbəst toplaşmaq hüququ var. Amma aksiya keçirmək üçün müraciət olunur, icazə vermirlər. İcazəsiz yığışırlar, belə oduqda isə bir nümayişçinin üstünə 5 polis düşür, döyürlər, həbs edirlər, aparırlar Qobustana, işgəncə verirlər, təhqir edirlər. Bu da onu göstərir ki, bu gün Azərbaycanda dövlət xalqa və qanuna qarşıdır. Yəni, bu gün dövlət yalnız və yalnız öz mənafeyini düşünür, xalqı yox. [b]- Əgər xalqı düşünmürlərsə, hüquqları tapdalanırsa və müqavimət də yoxdursa, onda belə çıxır ki, xalq hakimiyyətin mövqeyi ilə razılaşıb... [/b] - Belə düşünəndə demək olar ki, faşizm dövründə də, stalinizmdə də xalq razı idi. Nəyə razı idi? İnformasiyası yox idi, orda Gestapo, burda "KQB" var idi, səsini çıxaranı öldürürdülər. Sonra da deyirdilər ki, xalq razıdır. Əslində xalqı totalitar şəkildə aldadırdılar. İndi də Azərbaycanda televiziya kanalları, satqın mətbuat səhərdən axşama kimi xalqı aldadır. Məktəblərdə müəllimlər şagirdlərin beynini yeyir, yalan danışırlar. Məktəb proqramları, kitablar, dərsliklər - hər şey yalan üzərində qurulub. [b]- Məsələ ondadır ki, xalqa nəsə deməyə ehtiyac yoxdur, həmin problemləri gündəlik həyatında yaşayır... [/b] - Bilir, amma demək lazımdır. Bir də ki, bilməklə kifayətlənmək lazım deyil, nəsə etmək gərəkdir. Xalq gəlib mitinqə çıxa bilərdi, mitinqə də icazə vermirlər. Gedib müxalifət partiyasına üzv yazıla bilər, amma müxalifət partiyasında olanların gözünü çıxarırlar. Gedib seçkidə hakimiyyətin əleyhinə səs verə bilər, amma nəticələr saxtalaşdırılır. İndi nə qalıb? Bircə silahlı üsyan qalıb, amma silah da yoxdur. [b]- Bütün vasitələr və imkanlar məhdudlaşdırılıbsa, təklifiniz nədir? [/b] - Vəziyyətdən çıxış yolu tapmaq istəyirlərsə, vətəndaşlarla işləsinlər, gecə-gündüz təbliğat aparsınlar, onları təşkilatlandırsınlar, xalqı dinc siyasi mübarizəyə öyrətsinlər. Məsələ ondadır ki, hakimiyyətdəkilər çox azdır, 9 milyon xalq onlara qarşıdır. Bu xalqı təşkilatlandırandan sonra hansısa nəticəyə gəlmək mümkündür. Amma bu gün xalqı pərakəndə salıblar, bir-birindən aralayıblar. Belə bir şəraitdə əlbəttə ki, xalq heç nə edə bilməyəcək. [b]- Bu gün mətbuatda nazirlərin, onların övladlarının özbaşınalıqlarından, milyonları göyə sovurmalarından, jurnalistləri bağlarında döymələrindən yazılır. Necə düşünürsünüz, bu qədər problemləri olan hakim komanda seçkiyə necə gedir? [/b] - Hakimiyyət seçkiyə çox inamla gedir. Çünki yaxşı bilir ki, cəza aparatı olan dövlət onun öz əlindədir və bu da xalqı istədiyi kimi əzməyə kifayət edir. Ona görə də hansı nazir nə elədi, kim hara nə qdər pul xərclədi, onun elə bir əhmiyyəti yoxdur. Harda narazılıq qalxacaq, cəza manışı öz işini görəcək. [b]- Ancaq bəziləri bildirirlər ki, hazırkı vəziyyət tufanqabağı sakitliyə bənzəyir. Siz nə düşünürsünüz? [/b] - Neçə illərdir bu sözləri eşidirik. Tufandan sonra nə baş verir? Tufandan sonra, evlər, komalar uçur, ağaclar dibindən qopur, hər şey dağılır. Bunumu istəyirlər? Görmüşük də, bir dəfə həmin "tufan"ı. 93-cü ildə ayın 15-də gəldilər və "tufan" qopardılar. İndiyə qədər toparlana bilməmişik... [b]- Ümumiyyətlə, Siz inqilabi dəyişiklik, yoxsa siyasi tufan gözləyirsiniz? [/b] - Mən, Azərbaycanda inqilabi dəyişiklik üçün zəmin görmürəm. Özü də inqilabın əleyhinəyəm. Çünki hər inqilabdan sonra diktatura gəlir. Xalq Cəbhəsi hakimiyyəti yıxılandan sonra indiki diktatura gəldi. Bolşeviklərin inqilabından sonra Stalin diktaturası gəldi. Yəni, indi bunlar növbəti diktaturanı istəyirlərmi? Ümumiyyətlə, inqilab nəyə lazımdır, ondansa savadlansınlar?! İndi camaatı ələbaxan ediblər. Camaatın qabağına nəsə atırlar, ziyalıları satın alırlar, hətta adi vətəndaşların qabağına nəsə atırlar, hər kəs də bunlara boyun əyir. Ona görə də deyirəm ki, ölkədə inqilab üçün şərait yoxdur. [b]- Normal demokratik dəyişiklik üçün necə, zəmin varmı? [/b] - Normal demokratik dəyişiklik üçün gərək mütləq demokratik mədəniyyət olsun. Azərbaycanda isə həmin mədəniyyət yoxdur. Hardadır o demokratik mədəniyyət ki, onun da zəminində ölkədə demokratik dəyişiklik baş versin? Baxırsan YAP-a, baxırsan müxalifət partiyalarına, demokratiyadan əsər-əlamət belə yoxdur. [b]- Onda belə çıxır ki, bu hakimiyyətlə də, elə bu müxalifətlə də demokratik dəyişiklik etmək olmaz? [/b] - Bəli. Həm müxalifətdə, həm iqtidarda dərin islahatlar aparmaq lazımdır. İqtidar öz-özünə dəyişməyəcək. Ta ki gerçəklik onlara bir təpik vurmasa, ayılmayacaqlar. Yadınıza kommunistləri salmaq istəyirəm. Nə qədər alimlər yazırdılar ki, filan şeyi dəyişmək lazımdır. Hətta 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində mən də yazırdım, amma qanmırdılar. Müxalifət də onun kimi. İndi də bu hakimiyyətin özü yaxınlaşan dərin böhran qarşısındadır. Hakimiyyətdəkilər isə bu böhranın nə ilə nəticələnəcəyini anlamırlar. Çünki neftdən gələn milyonlar onların gözlərini tutub. Müxalifətin də zəka potensialı çatmır ki, vəziyyəti öyrənsin və hakimiyyətə yol göstərsin. [b]- Ancaq o fikirlər də səslənir ki, hakimiyyətin daxilində ciddi "çat" yaranıb... [/b] [i]- (Sözümüzü kəsərək)[/i] Onu mən demirəm. Bu barədə "hakimiyyətşünaslar" danışır, onlardan soruşun. Mən isə hakimiyyətşünas deyiləm. Şəxsən mən hakimiyyətin daxilində hansısa "çat"ın, parçalanmanın, nə bilim qopmanın, qırılmanın olduğunu görmürəm. [b]- Zərdüşt bəy, seçkiöncəsi müxalifət düşərgəsində birləşmə, yaxınlaşma prosesi başlayıb. Bu barədə nə düşünürsünüz, birləşmələrin prosesə hansısa təsiri olacaqmı? [/b] - Allah, axıracan eləsin! Birləşirlər, birləşsinlər də... Şəxsən mən bu birləşmələrin hansısa müsbət nəticə verəcəyini gözləmirəm. [b]- AXCP ilə Müsavatın bir araya gəlməsi... [/b] [i]- (Tələsik)[/i] Nə deyirəm ki, Allah onlara ömür versin, amma mən heç nə gözləmirəm. Seçki haqqında onu demişəm ki, 2010-cu ilin noyabrında keçiriləcək parlament seçkilərində kimlərin seçiləcəyi ilə bağlı siyahı artıq hazırdır. Yəni, bu birliklərin hansısa təsiri gözlənilmir. Hakimiyyət necə istəyir, seçkini elə də keçirəcək. Müxalifət istəyir birləşsin, ya ayrı getsin, hakimiyyətin planına təsir edə bilməyəcək. [b]- Nəyə əsaslanıb AXCP-Müsavat birliyinin perspektivinin olmayacağını deyirsiniz? [/b] - Ona görə ki, bunların resursu yoxdur. Nə pul var, nə insan potensialı var, nə proqram var. Bu səbəbdən də nəticəsiz olacağını deyirəm. Təki mən yanılım. Allah eləsin ki, mən səhv etmiş olum, birdən-birə ortaya nəsə gülməşəkər bir şey çıxsın. Amma dünyanın tarixini bildiyimdən və bu təşkilatları, bu insanları 20 ildir tanıdığımdan, mən orda nəsə müsbət şey gözləmirəm. [b]- Lalə Şövkət də öz ətrafında yeni seçki bloku yaradır...[/b] - Allah onlara da kömək olsun! Onların da nəyəsə nail olacağını gözləmirəm. [b]- Özünüz də qeyd etdiniz ki, ölkədə sərbəst toplaşmaq azadlığı məhdudlaşdırılır. Amma müxalifət bir neçə dəfə icazəsiz aksiyalar keçirib. Bunu necə qiymətləndirirsiniz? [/b] - Bəli, müxalifət aksiya keçirir, amma hər bir nümayişçiyə 5 polis düşür. Onları döyürlər, sürüyüb aparırlar, işgəncə verirlər. Budurmu, sərbəst toplaşmaq azadlığı? Bu cür etirazları mitinq, aksiya da adlandırmaq olmaz. [b]- Ancaq müxalifətçilər "Haqq alınar, verilməz",- prizmasından yanaşaraq, bu metoddan istifadə etdiklərini deyirlər... [/b] - Yaxış edirlər, onda alsınlar öz haqlarını. Mənə elə gəlir ki, başqa üsuları qoyub bu üsullardan istifadə eləmək savadsızlıqdan, biveclikdən və bacarıqsızlıqdan irəli gəlir. Seçkilərarası dövrdə bunlar nə işlə məşğul olublar, mən bilmirəm? Nə edirlər axı, mitinqdən mitinqə yığışırlar də. Beş il ərzində nə etdilər, nə qədər insanların yanına getdilər, nə qədər yeni ideyalar verdilər, mən görmədim. [b]- Ölkədə demokratik dəyişikliklərə nail olmaq üçün həm də beynəlxalq təşkilatların, Qərbin və digər demokratik ölkələrin dəstəyi lazımdır. Bu istiqamətdəki vəziyyəti necə dəyərləndirirsiniz? [/b] - Beynəlxalq təşkilatların hərəsinin öz mandatı var, hərə də öz işi ilə məşğuldur. Heç kəs gəlib Azərbaycan xalqının, onun qabaqcıl hissəsinin əvəzinə ölkənin müşküllərini həll etməyəcək. Azərbaycan xalqı özü, eyni zamanda, müxalifəti də, iqtidarı da bu istiqamətdə üzərinə düşən məsuliyyəti dərk edərək, işlərini görməlidir. [b]- Hər halda beynəlxalq təşkilatlar demokratiyaya dəstək verə bilərlər... [/b] - Hər bir hökumət öz xalqı qarşısında cavabdehdir. Məsələ ondadır ki, Azərbaycan xalqı qarşısında cavabdeh olan hökumətin özü anti-demokratikdir. Avropanın və Amerikanın demokratik hökumətləri də öz xalqları qarşısında cavabdehdirlər, bizim qarşımızda yox. [b]- O fikirlər də səslənir ki, Azərbaycandakı demokratikləşmə prosesinə ona görə dırnaqarası baxılır ki, regionda İran və digər daha ciddi problemlər var... [/b] - Xeyr, elə şey yoxdur. İran məsələsi ona görə aktualdır ki, Amerikanın dövlət maraqları həmin ölkənin neft-qaz sərvətləri üzərində nəzarət qurmağı tələb edir. Onları İran xalqının demokratiyası maraqlandırmır. Onlar bir vaxtlar İran şahı ilə dost idilər, o da diktatorun biri idi. Odur ki, özümüzü aldatmayaq. Dünyada gedən siyasi proseslər sərvət və resurslar uğrundadır. Azərbaycanın resursları nəzarətə alınıb. Ona görə də beynəlxalq aləmin Azərbaycanda demokratiya və insan haqları ilə bağlı möhtəkirlik etməyə ehtiyacı yoxdur. Bir də ki, əgər Azərbaycanda demokratik qüvvələr olsa, ona dəstək verərlər. Amma görəndə ki, belə bir qüvvə yoxdur, nəyi dəstəkləsinlər? [b]- Bəs müxalifət? [/b] - Müxalifət özünü demokrat adlandırır. Mən də özümü Çin imperatoru adlandıra bilərəm, belə deməklə Çin imperatoru olmuram axı? [b]- Başqa bir məsələ də odur ki, ABŞ Senatı bu günlərdə Azərbaycanda müstəqil mətbuata basqılarla bağlı hakimiyyətə tövsiyyədə bulundu. Necə düşünürsünüz, bu, tövsiyyə olaraq qalacaq, yoxsa... [/b] - Sadəcə tövsiyyədir, onun ardınca heç nə gəlməyəcək. Bilirsiniz, burada sadə bir şey var. Azərbaycan hakimiyyəti haqq sözdən qorxur, ona görə də haqq sözü boğur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA