ADP rus qozunlarının Cənubi Qafqazdan çıxarılmasını vacib hesab edir

img

09-08-2010 [02:32]


Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, toplantıda ölkədə və beynəlxalq aləmdə baş verən ictimai siyasi proseslər və seçki qabağı şərait əsas müzakirə obyekti olub. ABŞ Senatının maliyyə komitəsinin Azərbaycan və Ermənistana humanitar yardım məqsədi ilə bu ilə nəzərdə tutulan ayırmalarına diqqət çəkən toplantı iştirakçıları Dağlıq Qarabağ separatçı rejimin bu ayırmalardan kənarda saxlanmasını təqdir etsə də, işğalçı Ermənistana Azərbaycandan daha çox yardım edilməsini adı çəkilən ölkənin hərbi teatrda üstünlük əldə etməsinə və bu yardımlara güvənərək beynəlxalq hüquq normalarına bundan sonra da sayğısızlıq göstərməsinə səbəb ola biləcəyindən narahatlığını ifadə edib və təcavüzkar bir ölkəyə hər hansı qaydada yardım edilməsinin yolverilməz olduğunu diqqətə çatdırıb. Həmçinin Senatın bu fərqli ayırmaları Azərbaycanda insan hüquq və azadlıqlarının pozulması ilə əlaqələndirməsindən dolayı xalqımıza dəyən maddi və mənəvi itkilərə görə Azərbaycan hakimiyyətinin məsuliyyət daşıdığını bildirən partiya yetkililəri, iqtidarı insan hüquq və azadlıqları sahəsində beynəlxalq qınağa səbəb olan davranışlardan çəkinməyə və ölkəmizin demokratik imicinin möhkəmlənməsi istiqamətində səyləri artırmağa çağırıb. İdarə Heyəti üzvləri son vaxtlar İran siyasi dairələrinin Dağlıq Qarabağ məsələsində aktivləşməsini və münaqişənin həllində bu dövlətin təklif etdiyi format əsasında problemin çözülməsini gündəmə gətirməsini İran dövlətinin ayrı-ayrı vaxtlarda nümayiş etdirdiyi ermənipərəst mövqeyinə görə məqbul hesab etməyib və problemin öz təsir dairəsini genişləndirmək istəyən vasitəçilik missiyası ilə deyil, siyasi müstəvidən çıxarılaraq beynəlxalq hüquq çərçivəsində həll edilməsinin tərəfdarı olduğunu bir daha diqqətə çatdırıb. Türkiyənin Bodrum vilayətində dörd türkdilli respublikanın xarici işlər nazirlərinin iştirakı ilə keçirilən qeyri rəsmi sammitin nəticələrinə toxunan İdarə Heyəti üzvləri bu sammitdə türk dilli xalqların vahid birliyinin yaradılmasının vacibliyi ilə bağlı edilən çağırışları təqdir edib və xeyli əvvəl başlayan bu prosesin həmin ölkələrdə demokratik rejimlərin bərqərar olması şərti ilə dünya birliyi tərəfindən xoş niyyətlə qarşılana biləcəyinə əminliyini ifadə edib. İdarə Heyəti üzvləri keçən həftə Rusiya Federasiyası Prezident administrasiyasının rəhbəri S.Narışkinin Azərbaycana səfəri ətrafında müzakirə aparıb və bu səfərin qapalı xarakter daşımasından və aparılan danışıqların yekunları barədə ictimaiyyətə geniş məlumat verilməməsindən narahat olduğunu bildirib və istənilən ölkənin rəsmiləri ilə keçirilən görüşlərin informasiya vasitələri ilə xalqımızın diqqətinə çatdırılmasının vacibliyini qeyd edib. İdarə Heyəti üzvləri yeni anlaşmalara görə Rusiya qoşunlarının Ermənistanda daha 49 il qalması faktının reallaşmasından narahat olduğunu bildirib və dünya ictimaiyyətini Rusiyanın Cənubi Qafqazda sülhün və sabitliyin qorunmasına əngəl olan militarist siyasətdən çəkindirmək üçün səyləri birləşdirməyə çağırıb. Eyni zamanda Rusiya qoşunlarının Ermənistan ərazisindən çıxarılmadığı təqdirdə Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi və ümumiyyətlə Cənubi Qafqazda uzunmüddətli sülhün bərqərar olmasının mümkün olmayacağı da qeyd edilib. İdarə Heyəti üzvləri Məhəmməd peyğəmbərin mövludu günü Xocalı şəhidlərinin yad edilməsi ilə əlaqədar şəhidlər xiyabanına yürüş etmək istəyən dindarlara azadlıqdan məhrum etməklə həbs cəzası verilməsi və Naxçıvanda dövlət tədarükü olmadığına görə öz məhsulunu fərdi qaydada satmağa məcbur olan bir qadının tutularaq dəlixanaya salınması faktlarını müzakirə edib və ölkəmiz üçün biabırçı olan bu faktların arxasında hakimiyyətin vicdan azadlığı hüququna kəskin müdaxiləsinin və sosial ədalətsizliyə göz yummasının durduğunu bildirib və dövlət başçısını bu məsələlərə müdaxilə etməyə və hər iki fakta görə günahkar olan şəxsləri cəzalandırmağa çağırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA