"AXCP-Müsavat birliyi birləzməyən zeyin birləzdirilməsi cəhdidir"

img

04-08-2010 [07:51]


[b]Eldəniz Quliyev: "Hər iki partiya liderinin təbiətləri birləşməkdən çox ayrılmağa, haçalanmağa şərait yaradır"[/b] Məlum olduğu kimi, "Azadlıq" bloku parçalandıqdan sonra Azərbaycan Liberal Partiyası (ALP) ilə Vətəndaş və İnkişaf Partiyası (VİP) yeni seçki bloku yaratmağa qərar veriblər. Artıq Azərbaycan Ziyalılar Birliyi də bu bloka qoşulmaq niyyətini açıqlayıb. Müsahibə verən Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev yaradılacaq blokun parlament seçkilərində uğurla təmsil olunacağını və müsbət nəticələr əldə edəcəyini düşünür. - Biz, 2005-ci ildə "Yeni Siyasət" blokunun yaranmasında fəal iştirak eləmişdik. Arzu edirik ki, Azərbaycan ziyalıları siyasi fəaliyyətdən kənarda qalmasınlar. Bizim formalaşacaq seçki blokuna qoşulmağımızda Lalə Şövkət fneomeni rol oynadı. Həmişə hesab etmişik ki, Lalə xanım yeganə liderdi ki, öz xalqının, dövlətinin və Allahının qarşısında alnı açıqdır. Onun rəhbərliyi ilə yaranan seçki blokuna dəstək verməyimizdə qəribə bir şey yoxdur. İstəyirik ki, nəhayət, Azərbaycanda azad və ədalətli seçki keçirilsin. [b]- 2005-ci ildə "Yeni Siyasət" blokunda oldunuz, nəticələrin saxtalaşdırılıb-saxtalaşdırılmamasından asılı olmayaraq, nəticə uğursuz oldu. Budəfəki blokun perspektivi barədə nə deyə bilərsiniz? [/b] - Belə bir məsələ var: Mən o qədər sadəlöhv deyiləm ki, siyasətin nə olduğunu bilməyəm, amma o qədər səfeh də deyiləm ki, onunla məşğul olam. Yəni, Azərbaycanda seçkinin nəticələri reallığı əks elətdirmir. "Yeni Siyasət" bloku seçki bloku deyildi. Mənə elə gəlir ki, ictimai rəydə adı kifayət qədər hallandı, fəaliyyəti göz qabağında oldu. İki nəfər də o blokdan Milli Məclisə üzv seçildi. Yəni, mən, o qədər də sadəlöhv deyiləm ki, ALP ilə VİP-in Milli Məclisdə onlarla yer tutacağını iddia edim. Ancaq real surətdə düşünmək olar ki, mütərəqqi fikirli insanlar, öz xalqını, dövlətçiliyini uca tutan şəxslər orada cəm olacaqlarsa, onların ikisi artıq var, Lalə Şövkət və Əli Əliyev, bir neçə yerlə də kifayətlənmək olar. Əgər Azərbaycanda seçki təcrübəsinə nəzər salsaq, saxtakarlığın artıq peşəkar səviyyəyə çatdığını nəzərə alsaq, 3-4 yerin özü də böyük nailiyyət ola bilər. Bu gün kifayət qədər problemlərimiz var. Hesab edirəm ki, seçkidə aktiv iştirak etmək lazımdır ki, problemlərimiz faciəyə çevrilməsin. [b]- Eldəniz müəllim, müxalifətdə Sizə rəqib olan Müsavat-AXCP birliyi də yaranır. Müxalifətdəki opponentinizi özünüzə alternativ görürsünüzmü? [/b] - Mən hansısa qüvvəni ittiham etmək kimi hərəkətlərdən uzağam. Əvvəla AXCP ilə Müsavata müvəfəqiyyət arzulayıram. Ancaq bir şeyi deyim ki, AXCP-Müsavat birliyi birləşməyən şeyin birləşdirilməsi cəhdidir. Hər iki partiya liderinin təbiətləri birləşməkdən çox ayrılmağa, haçalanmağa şərait yaradır. Ona görə də bu iki qüvvənin bir araya gələcəyi ilə bağlı inamım yoxdur. [b]- Axı, hər iki lider birləşmənin vacibliyi barədə bəyanatlar verirlər...[/b] - Təəssüf ki, bu məmləkətdə müxalifətin sözü ilə əməli uyğun gəlmədiyi üçün bu düşərgə demokratik qüvvəyə çevrilə bilmədi. Amma indi gücdən daha artıq səmimiyyətdən danışmaq lazımdır. Düzdür, siyasət səmimiyyəti bir o qədər də həzm eləmir, amma tarix göstərir ki, kim öz siyasətində səmimidirsə, o irəliləyə bilir. Mən bu gün meyar kimi səmimiyyəti götürürəm və hesab edirəm ki, bizim dəstək verdiyimiz blok öz mayasında səmimidir. [b]- Bir ara deyirdiniz ki, ziyalı siyasətə qarışmamalıdır, amma indi özünüz siyasətə qoşulursunuz, fikrinizi dəyişmisiniz, yoxsa... [/b] - Mən fikrimdə qalıram. Bəli, o vaxt demişdim ki, ziyalı siyasətə qarışmamalıdır, amma bu, heç də o demək deyil ki, ziyalı siyasətlə məşğul olmamalıdır. Bunlar ayrı-ayrı şeylərdir. Xəzərdəki balıq duzlu suda yaşayır, amma heç bir balığın əti duzlu deyil. Sadəcə, ziyalı siyasətə əxlaq gətirməyə çalışmalıdır. Ziyalı hesab etməlidir ki, bu siyasət o qədər adi və sadə bir şey deyil ki, bunu ancaq siyasilərin ixtiyarına verəsən. Bax, bu nöqteyi-nəzərdən ziyalı siyasətə qarışmalı, cəmiyyətdə mövqeyini bildirməlidir. [b]- Ziyalı mövqeyindən söz düşmüşkən. Son dövrlər Yazıçılar Birliyinin sədri Anar susmaqda, mövqe bildirməməkdə ittiham olunur. Yazı-pozu adamı kimi mövqeyinizi bilmək istərdik, Anarı "daşlayanlarla" razısınızmı? [/b] - Hesab edirəm ki, ziyalı həmişə cəmiyyətdə olan problemlərə fikrini bildirməlidir. Amma məsələ ondadır ki, Anarın bostanına daş atanların özləri elə daş kimi bir şeydir. Yəni, biri var katlizator rolunu oynayasan, hər hansı bir bəndəni haqqa gətirəsən, tərpədsən, biri də var ki, ancaq elə daş atasan. Mən bilirəm kimi nəzərdə tutursunuz. Yadınızdadırsa, onlarla da mətbuatda yazışmamız oldu. Məsələ ondadır ki, hər saqqal qoyanın sözü keçmir. Anar böyük ziyalıdır, böyük yazıçıdır. Razıyam, hərdən onun susmaları da olur. [b]- Hərdən niyə, son illər Anarın ortaya hansısa mövqe qoyduğunun şahidi olmamışam... [/b] - Bir kəlmə sözə görə adamları ayaqlarından asan vaxtı "Yaxşı padşahın nağılı"nı yazan Anar idi. Mən də ona haqq qazandırmıram. Sözümü ona gətirirəm ki, hərdən onun susmasına heç cür haqq qazandırmaq olmaz. Gözümüzün qabağında rus ziyalaları və digər ölkələrdəki incəsənət xadimləri, yazıçılar var. Sadəcə, bizdə sistem o qədər idbardır ki, adamı biabır edirlər. Anar bir az abırlı adamdır, o, abırını gözləmək üçün çox zaman susur. Təbii ki, bunu deməklə ona haqq qazandırmıram.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA