Xalq artisti Zümrüd Məmmədova damarlarını kəsmək istəyib

img

04-08-2010 [07:45]


[b]Bəzi həmkarlarını saxta vətənpərvərlikdə suçlayan xalq artisti deyir ki, onu əsl vətənpərvərliyinə görə ölümlə də hədələyiblər [/b] Xalq artisti Zümrüd Məmmədova müsahibəsində şəxsi həyatı və yaradıcılıq işləri ilə yanaşı, sənətin bugünkü durumu və bəzi həmkarları haqda da maraqlı fikirlər söylədi. Hələ istirahətə imkanının olmadığın deyən xalq artisti, yeganə qızı İlahənin yüksək balla Musiqi Akademiyasının Bəstəkarlıq fakültəsinə daxil olduğını da bildirdi: - Buna görə rahatlığım pozulsa da, sevincimin həddi-hüdudu yoxdur. Yəqin, bundan sonra istirahət edəcəyəm. [b]- Qızınızın müğənniliyə meyli yoxdur? [/b] - Qızımın da gözəl səsi var. "Bülbül"də həm fortopiano, həm bəstəkarlıq, həm də muğam siniflərində oxuyub. Yəni, oxumaq üçün səsi də, savadı da var. [b]- Yəqin ki, Sizdən də dərs alır. [/b] - 15 ildir Mədəniyyət və İncəsənət Universitetində, eləcə də İncəsənət Gimnaziyasında muğamdan dərs desəm də, qızımla məşğul olmuram. Övladlar valideynlərindən dərs alanda yetərincə məsuliyyətli olmurlar. İlahənin Qəzənfər Abbasov kimi ustad müəllimi olubsa, əlavə dərsə ehtiyacı yoxdur. [b]- Öz tələbələrinizdən uğur qazananlar varmı? [/b] - Mirzə, Alış, Anar, Şəfəq müsabiqələrdə layiqincə iştirak ediblər. Quba televiziyasının aparıcısı Şakir də məndən özəl dərslər alıb. Amma onların populyar olması üçün güclü dəstək lazımdır. İndi toy müğənniləri daha tez tanınırlar. [b]- Bəzi sənət adamları üçün bu çətin dövranda necə dolanırsınız? [/b] - Qeyd etdiyim kimi, həm müğənnilik, həm də müəllimlik fəaliyyəti göstərirəm. Bundan əlavə, 20 ilə yaxındır, Müdafiə Nazirliyinin Nəfəsli Alətlər Nümunəvi Orkestrinin solistiyəm. 2002-ci ildən isə xalq artistiyəm. Allah bərəkət versin, dolanıram. Böhranı da nəzərə alıram. Gəlirimi elə istifadə edirəm ki, qarşıdakı ayla ayaqlaşım. Əlbəttə, bəzi müğənnilər kimi xaricdə istirahət etməyə imkanım çatmır. Amma geyimimə, dolanışığıma çatdıra bilirəm. Allaha şükür edən insanam. Hacıxanımam, namaz qılıram, oruc tuturam. [b]- Ailəni Siz dolandırırsınız? [/b] - Xeyr. Yoldaşım da işləyir, qazancını evə gətirir. [b]- Fəxri ada sizdən sonra layiq görülənlər daha çox gündəmdədir. [/b] - Mən çox işləyirəm, amma gündəmə az çıxıram. Heç vaxt qapı-pəncərə döymürəm ki, verilişə çıxım. İnstitutu bitirəndən filarmoniyada, televiziyada işləmişəm, bir çox xarici ölkələrdə qastrol səfərlərində olmuşam. 1976-cı ildən işimdə bir gün də durğunluq olmayıb. Heç analıq məzuniyyətinə də çıxmamışam. Hətta o vəziyyətimdə cəhəyə də getmişəm. Çünki öz işimi çox sevmişəm. Amma bir dəfə çıxıb özümü reklam etməmişəm, "mənəm-mənəm" deməmişəm. [b]- Sizinlə çiyin-çiyinə işləyən bəzi müğənnilərin fəxri ad almamasını nə ilə izah edərdiniz? [/b] - Elələri var, "Azkonsert" dağılıb, oturublar evdə. Kimisi də ərə gedib, uşaq saxlayıb. Mən isə "Azkonsert" dağılan kimi Müdafiə Nazirliyində işlədim. Hər ay 3-4 dəfə hərbi hissələrə getmişəm, başımın üstündən minamyot, pulemyot atıblar. Bundan əlavə, müəlliməlik etmişəm, qastrollara çıxmışam. Xəstə-xəstə də işə getmişəm. Həmişə göz önündə olmuşam. Əlbəttə ki, fəxri ad almalıydım. Hazırda isə elmi işlə məşğulam. Dosentəm, professorluğa doğru gedirəm. Amma heç nəyə asanlıqla, nə də tez bir vaxtda nail olmamışam. Əməkdar artist adını 27 illik səhnə fəaliyyətimdən sonra aldım. Bu adı məndən qabaq elə müğənnilər aldılar ki, sənətə məndən 20 il sonra gəliblər. Danışmadım, başımı aşağı salıb işimlə məşğul oldum. Rəhmətlik Heydər Əliyev namizədliyim təqdim ediləndə təəccüblə demişdi ki, bunun hələ "əməkdarı" yoxdur?! Fəxr edirəm ki, adımı zəhmətimlə, çarpışa-çarpışa almışam. Şikayət edənlərin isə əmək kitabçasına baxmaq lazımdır, hansı müddətdə və harada işləyib. [b]- Bir çox müğənnilər Qarabağ müharibəsi başlayanda susmağa qərar verdilər... [/b] - Müharibə başlayanda dedim ki, oğullarımız şəhid olur, itkin düşür, qan tökülür. Mən də bu vətənin övladıyam, onlardan artıq deyiləm. Cəbhədə konsertlər verməyə başladım. Hətta bir dəfə oxuyan zaman snayper tankın üstündəki əsgəri başından vurdu. Ürəyim getdi, hospitalda ayıldım... Qarabağ müharibəsi çoxunun əlində bayraq olub. Soruşmaq lazımdır, niyə oxumamısınız? Müharibədir, mənəvi dəstək ol! [b]- Yəni, müğənni mütləq müharibədə də oxumalıdır? [/b] - Bəli. Müğənni harada olursa-olsun, öz missiyasını yetinə yetirməlidir. Mən xaricə getmişəm, görmüşəm ermənilər "Qarabağ Respublikası" adı altında çıxış etmək istəyirlər. Demişəm ki, özümü öldürəcəyəm, asacağam, damarımı kəsəcəyəm, amma onlar bu ad altında səhnəyə çıxmayacaqlar. Bu hərəkətlərimə görə mənə hədə-qorxu da gəliblər. Tapançaya işarə ediblər, hərəkətlə göstəriblər ki, başını kəsəcəyik. Buna görə məni konsertlərə cangüdənlərlə aparıblar. ABŞ, Yaponiya, Fransa, Norveç, İsveç, Almaniya, İsrail və s. ölkələrdə səfərlərdə çox olmuşam. Hər yerdə də azərbaycanlılığımı göstərmişəm, Qarabağın bizim olduğunu demişəm. Demişəm, başımı kəssəniz də, tikə-tikə doğrasanız da, sözümdən dönməyəcəyəm. [b]- Bəzi həmkarlarınızın süni vətənpərvərlik nümayiş etdirməsinə münasibətiniz necədir? [/b] - Mənim 60-a yaxın vətənpərvərlik mövzusunda mahnım var. Hətta bu mahnılara görə bəzən məni toylara aparmaq istəməyiblər. Maskalananlar isə çoxdur. Kameranı da götürüb hərbi-hissələrə gedirlər. Çox vaxt heç Bakıdan da kənara çıxmırlar. Yalandan hərbi paltar da geyirlər, ad olur ki, Qarabağa getdilər. Hətta bəziləri bu kadrları kliplərinə də həkk etdirirlər. Şəxsən mənim üçün 12 hərbi paltar tikilib. Hətta bir neçəsi orkestrimiz üçün məxsusi olaraq Türkiyədə tikilib. Formam da var, rütbəm də. Hətta 2 dəfə - hərbi orkestrdəki əməyimin 10 və 15 illiyində "İşdə qüsursuz" medalına layiq görülmüşəm. Hərbi işdə qüsursuz olmaq çox çətindir. 5 dəqiqə gecikdin, ya forman qaydada olmadı, töhmət alırsan. Amma əksər müğənnilər günorta 3-ə, hətta 5-ə kimi yatırlar. [b]- Sənət aləmindəki bugünkü durumdan razısınız? [/b] - Çox şey telekanalların təbliğatından asılıdır. Bəzən eyni müğənnini yüz dəfə eyni yerə çağırırlar. Hansı kanalı açırsan, eyni simaları görürsən. Mənsə bir yerə çox gedəndə, özümdən acığım gəlir. Birini yağlayıb, birini dağlamaqla ayrı-seçkilik salmaq düz deyil. Elə sənətkarlar var ki, öz qiymətlərini hələ də almayıblar. İstərdim hər kəs öz haqqını alsın. [b]- Yaradıcılıq işləriniz nə yerdədir? [/b] - Yeni mahnılarım çoxdur. Oqtay Kazımi, Nəriman Məmmədov, Ramiz Mirişli, Sehran Əliyev, Rauf Məmmədov, Elşən Nicat və başqa bəstəkarların mahnılarını lentə aldırmışam. Zəminə Xınalının, Sürəyya Küskünün sözlərinə yazılmış mahnılarım da var. Qızım İlahə İsrafilovanın da 7-8 mahnısını repertuarıma salacağam. [b]- Sənətin hər üzünü görmüsünüz. Zümrüd Məmmədova sənətdə istədiyi hər şeyi əldə edibmi? [/b] - 3 yaşım olanda evin kandarına özüm üçün səhnə düzəldirdim. Pərdənin arxasından çıxıb deyirdim: "Oxuyur, Zeynəb Xanlarova". Şükürlər olsun, bu gün xalqım məni Zümrüd Məmmədova kimi sevir, rəğbət edir. Daha nə əldə etməliyəm ki? Mən çox böyük iddia ilə gedənlərdən deyiləm. Bir balaca evim, yeməyim, içməyim, geyimim, işim var... Bəziləri deyir, evim var, bağım, villam da olmalıdır. Mənim belə iddialarım yoxdur. Halbuki xalq artistiyəm, amma evlə təmin olunmamışam. Bu evdə iki yaradıcı insan var. Pianonun səsi gələndə, təpəmdən tüstü çıxır. Müğənnilər də var, 5 yerdə evi var. Mən buna görə hay-küy salmıram. Heç evdə tapılıram ki?.. Başım sənətimə, qastrollara qarşanda, deyirəm ki, o ev də mənə lazım deyil. Gözütox insanam. Kəbə ziyarətində olmuşam. Bunu bütün müsəlman ümmətinə arzu edirəm. Oraya hər kəs əyninə bir kəfən geyib gəlir. Dünyadan da 5 metrlik kəfənlə gedəcəyik. Alnımda nə yazılıbsa, Allah-Təala onu mənə verəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA