25-07-2010 [05:13]
Bir müddət bundan öncə "Ay Zaur" verilişində dedilər ki, tanınmış el sənətkarı, qarmon ifaçısı, xeyriyyəçi Aslan İlyasov şəxsi avtomobilini satışa çıxarıb. Bunu eşidən əksər tamaşaçılar düşündülər ki, görəsən, xeyriyyəçiliklə məşğul olan sənətkar avtomobilini niyə satmaq istəyir? Bu və digər suallara cavab almaq üçün yolumuzu el sənətkarı A.İlyasovun evindən saldıq. Aslan müəllim müsahibəyə səhhətindəki problemlərdən danışmaqla başladı:
- Ayaqlarım sözümə baxmır. Xəstəlik də bir yandan. İki dəfə ağır əməliyyat olundum. Hiss edirəm ki, son günlərimi yaşayıram. Allah xalqımıza cansağlığı versin! ?ə yaxşı ki, bu xalq var, ağır günümdə mənə dayaq durdular. Avtomobili satışa çıxarmışdım, elə ki, "Ay Zaur"da elan verildi, gəldilər...
[b]- Müştərilər, yoxsa... [/b]
- Yox, dostlar-tanışlar. Dedilər ki, "Aslan, bəyəm biz ölmüşük ki, sən bu maşını satırsan? Dost hansı gündə gərəkdir?". Qoymadılar. Əməliyyat üçün lazım olan xərci ödədilər. Bütün Azərbaycan, o cümlədən Abşeron camaatı məni çox istəyir. Elə bir toy olmaz ki, onlardan mənə dəvət gəlməsin.
[b]- Repertuarda nələr var? [/b]
- Dövlət Fondunda Aslan İlyasovun 22 musiqi nömrəsi var. Onların hər birini özüm yazmışam. Camaat bu musiqi nömrələrini istəyir. Daha mənə demirlər ki, "Şalaxo", yaxud da "Hopstop" çal. Onlar istəsə də, mən bu xahişi yerinə yetirə bilmərəm.
[b]- Nəyə görə?
[/b]
- Çünki mən öz repertuarımdan savayı heç nə çalmıram. Özü də çıxışlarım həmişə məclisin yaxşı vaxtlarına düşür. Toyun ən gözəl vaxtı saat 9-du.
Görürsünüz, əhvalım pisdir. Bir yandan xəstəliyim, bir yandan da istilər. ?eçə vaxtdır ki, səhhətimə görə toylara da ara vermişdim. Dəvətlər isə arası kəsilmədən gəlir. Mən bu dəvətlərin arxasında müəyyən şeylərin olduğunu hiss etdim. Hiss edirəm ki, xalqım mənə kömək etmək, xeyir vermək üçün dəvətləri daha da artırır. Xəstəyə dava-dərman lazımdır axı. Toya getməsəm dərmanları hansı pulla alacam? Çoxları küsüb-inciyir, deyirlər ki, "biz dəvət edirik, sən gəlməlisən". Deyirəm, toyum var. Deyirlər, "çox gözəl, bizim qonaqlara bircə ifan bəsdir". Bunu qiymətləndirmək lazımdı. Onlar mənim sənətimi və yaradıcılığımı necə qiymətləndirirsə, mən də qarşılığını verməliyəm.
[b]- "İndra Qandi" rəqsinə necə, təlabat varmı? [/b]
- İndra Qandi öləndə mən pərişan oldum. Ağbirçək bir qadın idi, öldürdülər. O zaman dayana bilmədim, bir rəqs yazdım, adını da qoydum "İndra Qandi". Bu rəqs də Dövlət Fondundadır. Axır vaxtlar mobil telefonlara da qoyublar. Əlbəttə, bu məsələdə mən "Ay Zaur"a minnətdaram. Bilmirəm, hardansa eşitmişdilər ki, Aslan İlyasov ağır xəstədir. Kameraları götürüb evimə gəlmişdilər. Gözəl bir veriliş yayımladılar. "İndra Qandi"dən də danışdıq. Sonra mən bu havanı ifa etdim. Ondan sonra bu rəqs telefonlara köçürüldü. Mənim rəqslərimə bütün dövrlərdə tələbat olub. "Aslanı", "Səlyanı", "Zeynəbim", "Ülviyyə", "İndra Qandi" və s. rəqslərə...
[b]- Siz ifa edəndə sanki sinənizdəki qarmonunuzla birlikdə ağlayırsınız... [/b]
- Küçədə gedərkən, bəzən şikəst adamla qarşılaşıram. Bir anlığa özümü onun yerində təsəvvür edirəm. Məsələn, qaçqın-köçkünlərimiz var, hamısı ev-eşiklərindən didərgin düşüblər. Özümü bir anlığa onların yerində qoyuram. Bu zəmanədə evsiz-eşiksiz yaşamaq nə qədər ağırdır. Bunu evsiz bilər, evi olan adam hardan biləcək ki, küçədə yaşamaq nədir? Ağlamaq məndən asılı deyil. Dəmi gəldi ha, onun qarşısını heç nə ilə ala bilməzsən.
Efirə çıxanda aparıcıların mənə ünvanladığı sual bu olur -Aslan müəllim, nə çalacaqsınız? Deyirəm, bilmirəm, bunu ancaq qarmonu əlimə götürəndə biləcəm. Hərdən sintizator çalana işarə edirəm ki, filan ifanı çalacam. Amma səhnəyə çıxıb qarmonu sinəmə basmağımla, fikrimi dəyişməyim bir olur. Əksər vaxtlarda da qəmli hava ifa edirəm. Əslində, bu məndən asılı deyil. Aslanın Aslan ağırlığında dərdi var. Gəzdirə bilmirəm bu dərdi.
[b]- Deyilənə görə, Azərbaycan Dövlət Filarmoniyasında da nalə çəkmisiniz. Konsert göz yaşları ilə başa çatıb... [/b]
- O konsert deyildi, doğrudanda nalə çəkmişdim. Fakt göz qarşısındadır. Kasetə qulaq asanlar indi də ağlayır. Toylarım da belədir. Bir toydan çıxıram, üstündən bir həftə keçəndən sonra toy sahibi məni axtarır.
[b]- Sizi axtarmaqda məqsəd nədir? [/b]
- Rayonda toydaydım, zəng gəldi. Bir həftə bundan əvvəlki toy sahibi idi. Dedi ki, "sənətkar, sizinlə görüşmək istəyirik. Biz toy kasetinə baxmışıq, sizin iki ifanız bütün toya bərabərdir. Deyəsən, biz pulu sizə az vermişik. Mümkünsə görüşüb, səhvimizi düzəldək". Bir ay telefonda qaldılar, üç gündən bir zəng etdilər. Hər dəfə görüşdən yayındım, bir bəhanə ilə aradan çıxdım. Axırda məcbur olub toydakı ünvanımı verdim. Gəldilər. İki dənə böyük qızıl medalyon gətirmişdilər, taxdılar qarmona.
[b]- Deyilənə görə, qarmonunuz keçmiş polis rəisi Məhərrəm Əliyevin də medalyonu ilə təltif edilib. [/b]
- Hə. Bu qarmona kimlər qızıl medalyon taxmayıb ki? Məhərrəm Əliyevdən tutmuş digər generallara kimi hamısı mənə qızıl medalyon hədiyyə ediblər. Gördülər ki, mən puldan qaçıram, çıxış yolunu qızıl medalyonda tapdılar.
[b]- Amma qarmonunda bu qədər "orden-medal" gəzdirən Aslan İlyasov nədənsə fəxri ad almış dəstədən gen düşüb. [/b]
- Bugünkü xalq artistləri var ha, Aslan meydanda olanda onların çoxu dünyaya gəlməmişdi. Amma efirə çıxmaları ilə fəxri ad almaları bir olur. Görəsən, bu necə olur?
Amma mən traktorla bölgələrə gedib konsertlər vermişəm. Müharibə dövründə bölgələrdə olmuşam, hamısının video-görüntüsü var. Konsert verib, ondan əldə etdiyim pulu imkansızların hesabına köçürmüşəm. Ancaq gedib kiminsə qapısını döyüb, kiməsə yalvarmamışam ki, mənə fəxri ad verin. Mənə adı xalqım verib. O adla da qəbirə gedəcəm. Mən el sənətkarıyam. Bu, daha böyük addır və mənə kifayət edir.
[b]- Dədə Süleyman kimi muğam ifaçısının da hələ fəxri adı yoxdur. Deyilənə görə, o, mərhum prezident Əbülfəz Elçibəylə yaxın münasibətdə olduğunun cəfasını çəkir... [/b]
- 11 yaşımdan səhnədəyəm, 14 yaşımdan konsertlər verirəm. Zəhmətim çox böyükdür, hazırda isə Azərbaycan Dövlət Filarmoniyasının solistiyəm. Dəfələrlə yuxarılara təqdimatım göndərilib. Görünür, adım hardasa "ilişib qalır", nazirlikdən lazımi ünvana göndərmirlər.
[b]- Sizcə, buna səbəb nədir? [/b]
- Bilmirəm. Biz el sənətkarıyıq. Dəxli yoxdur, müxalifət, ya iqtidar. Zeynəb Xanlarova da el sənətkarıdır. Görün, o nə qədər padşahlarla işləyib. Hansı gəlibsə, Zeynəb çıxıb qarşısında oxuyub. Əgər elə olsa, onda gərək Zeynəb xanımı səhnəyə buraxmayaq, deyək ki, sən filan padşahın dövründə niyə oxumusan? Elə də şey olar? Sənətkar azaddır, harda istəsə, oxuya bilər. Hər sənətkarın öz yolu var. Yolu olan sənətkar həmişə seçilir, onun adı həmişə yaxşı mənada hallanır.
[b]- Elə Sizin də adı xeyriyyəçilikdə hallanır. [/b]
- Bəli. Yol adamları üçün məscid, evi olmayanlar üçün ev tikdirmişəm. Böyük bağ saldırmışam. Evi olmayanlar var, həmin evdə yaşayır. Azərbaycanda Heydər Əliyev bağını ilk dəfə mən saldırmışam. O, 1993-cü ildə hakimiyyətə gəldi. Dedi ki, "hər kəs iki ağac əkib öz övladı kimi boya-başa çatdırsa, boş qalan sahələrimiz tamamiylə yaşıllaşar". Dedim nə gözəl, mən bunu həyata keçirəcəm. Susuzluqdan cadar-cadar olmuş bir sahədə bağ saldım, Ulu Öndərin istəyini həyata keçirdim. Heydər Əliyevin büstünü ilk dəfə mən qoydurmuşam. İndi hamı heykəllərini qoyur.
Mən Prezidentlə görüşdüm, amma ondan heç nə istəmədim. Adam var ki, Prezidentlə bircə görüş arzulayır. Ürəyindən keçənləri, nəinki özünə, hətta oğluna belə istəyir. İlham Əliyev mənə dedi ki, nəyə ehtiyacın var?. Dedim, sənin sağlığına, vəsallam!
Müəyyən yollarla verilən fəxri ad mənə lazım deyil.
[b]- İnternetdə kasetləriniz, diskləriniz, bir sözlə, yaradıcılığınız haqqında geniş məlumatlar var. Bəs, mətbuatdan qaçmağınızın səbəbi nədir? [/b]
- Bir sandıq qəzetim var. Çoxusu da hökumət, dövlət qəzetləri. Bir sandıq kasetim var, hamısında da xeyriyyəçi işlərim əks olunub. Amma nə mənası? Bu işləri mən görmüşəm, ada çatanda başqasına verirlər. Mətbuata çıxıb nə deyəcəm ki?
[b]- Deməli, Siz də inciksiniz? [/b]
- Əlbəttə! Mənə Prezident təqaüdü, ev verilməliydi. Mən boyda sənətkar gör harada yaşayıram. "Azkonsert"in solisti olmuşam, dünyanı gəzmişəm. Amma xeyri nədir?
Digər tərəfdən, mənim qapım hamının üzünə açıqdır.
[b]- Axı indi o açıq qapını bağlamaq istəmisiniz? [/b]
- Hə. Bu günlərdə uşağa dedim ki, get "qlazok" al, qapıya düzəldək. Dedi "ay ata, "qlazok"u neynirik?. Dedim ki, "qlazok"u vuraq, qapını bağlayaq. Dedi, "axı, biz heç vaxt qapını arxadan bağlamamışıq". Baxdım ki, uşaq düz deyir. Sənətkar evidir, heç sənətkarın da qapısı bağlı olar? Düz qəlbin qapısı da düz olar.
Danışıram, heç olmasa, ürəyimi boşaldıram. Bu boyda da haqsızlıq olar? Dünyaya gəlməyimə peşmanam. Adam nifrət edir. Elə adamlara ev, təqaüd, fəxri ad verirlər ki... Ayıbdır ey! Ya gərək bunları ləğv edək, ya da layiq olanlar alsın. Görürsən, (qartalı görsədir-B.R.) bunun da bir vaxtı vardı. Yerə-göyə sığmırdı, canlı bir quş idi, indi...
[b]- Canlı qartalı heykələ kim döndərib? [/b]
- Rəhmətlik qardaşım. Ovçu idi. Bir gün ovuna tuş gəlib. O da tənbəllik etməyib vurub. Gətirib həkimə ki, bunu heykələ döndər. Həkim də iynə vurub, dərmanlayıb qartalı heykəl etdi. Baxdım qartala könlüm razı olmadı. Dedim ki, səni təbiət qoynunda saxlayacam. Götürüb qoydum üzüm ağacına. Dedim ki, mən nə qədər sağam sən də yaşa burda! İndi hər gün qartal mənə, mən də qartala baxıram. Axı, mən də sənət qartallarından sayılıram.
[b]Bahar RÜSTƏMLİ [/b]