"...birləzmiz partiyanın bazqanı mən seçiləcəm"

img

25-07-2010 [05:04]


[b]Vurğun Əyyub: "Elə ola bilər ki, Əli Kərimli mənim rəhbərliyim altında işləyər" [/b] Müsavat Partiyasının Azərbaycan Xalq Cəbhəsi Partiyası ilə yaxınlaşması və bu yaxınlaşmanın ən azı seçki bloku formatında davam etdiriləcəyi ilə bağlı verilən bəyanatlar siyasi düşərgədə yeni situasiya yaradıb. Artıq müxalifətin seçki perspektivi ilə bağlı müəyyən müsbət fikirlər səslənməkdədir. Bəzi ekspertlər hesab edirlər ki, müxalif düşərgənin aparıcı iki qüvvəsinin bir arada olması seçki prosesinin maraqlı keçməsinə zəmin yaradır. Bu və ya digər məsələlərə münasibət bildirən Müsavat Partiyasının Divan üzvü Vurğun Əyyub da ümidli danışır: - Müsavat Partiyası xeyli müddətdir, bəlkə də bir neçə il bundan əvvəl bu partiyaların birləşməsi haqqında təklif irəli sürüb. Söhbət bir partiyadan getmir, ümumiyyətlə, Rəsulzadə-Elçibəy ideologiyasına sadiq olan, o siyasi xətdə dayanan qüvvələrin birləşməsi fikri irəli sürülüb. Təbii ki, bu müddət ərzində bəzən Azərbaycan Xalq Cəbhəsi Partiyası ilə birləşmək, müttəfiqlik və əməkdaşlıq etmək haqqında fikirlər də ayrı-ayrı şəxslər tərəfindən səsləndirilib. Bildiyiniz kimi, bu il seçki ili olduğundan hələ ötən ilin dekabr, 2010-cu ilin yanvar aylarında Müsavat Partiyasının başqanı İsa Qəmbər tərəfindən seçkilərdə Xalq Cəbhəsi Partiyası ilə birgə əməkdaşlıq ideyası ortaya gəldi. Görünür, AXCP-də bu müzakirələr uzun çəksə də, sonda onlar da bu istiqamətdə müsbət qərar qəbul etdilər. Azərbaycan Xalq Cəbhəsinin yaranmasının 21-ci il dönümü ilə bağlı tədbirdə Müsavat başqanı İsa Qəmbər uzun illərdən bəri müzakirə olunan və Müsavat rəhbərliyində razılıqla qarşılanan ideyanı bir daha təkrar elədi. Hesab edirəm ki, bu partiyaların, eləcə də Rəsulzadə-Elçibəy xəttində olan digər siyasi qüvvələrin vahid bir mərkəzdə toplaşması cəmiyyətə çox müsbət impuls verəcək və ölkədəki siyasi fəallığın artmasına səbəb olacaq. [b]- Vurğun bəy, bu birlik digər birliyin - "Azadlıq" blokunun dağılması üzərində quruldu... [/b] - Bu, bir faktdır. Amma biz, müttəfiqlərimizin daxili işlərinə qarışmaq fikrində deyilik. Əvvəlcədən elan etmişdik ki, "Azadlıq" blokunun daxili işlərinə və planlarına qarışmadan Azərbaycan Xalq Cəbhəsi Partiyası ilə müttəfiqlik eləmək arzusundayıq. İndi "Azadlıq" bloku hansı səbəbdən dağılıb, nə məqsəd güdülüb, bu barədə biz onların daxili işlərinə qarışmırıq. [b]- Blokun dağılmasına səbəb kimi Müsavat Partiyası göstərilir... [/b] - Niyə ki? [b]- Ona görə ki, Müsavat AXCP-yə "müttəfiqlərini kənara qoy, gəl əməkdaşlıq edək",- təklifini irəli sürürdü... [/b] [i]- (Gülür)[/i] Ola bilər. Hətta havaların isti keçməsinin səbəbini də Müsavat Partiyasında axtara bilərlər. Bizim təklifimiz hər hansı bir şərt deyildi. Hər hansı bir partiya öz mövqeyini müəyyənləşdirməkdə sərbəstdir. Müsavat Partiyası da öz mövqeyini müəyyənləşdirmişdi ki, o, "Azadlıq" bloku ilə əməkdaşlıq etmək niyyətində deyil. Bu da "Azadlıq" blokunun dağılmasında Müsavatı günahkar göstərmək üçün səbəb ola bilməz. Ona görə də hesab edirəm ki, o məsələlərə blokun vaxtiylə səlahiyyətli nümayəndələri olmuş şəxslər və yaxud indiki partiyaların rəhbərləri cavab verə bilərlər. [b]- Müxalifətin ümumi birliyini istəyirsiniz, ancaq "Azadlıq" blokundakı digər partiyalarla əməkdaşlıqdan imtina edirsiniz. Özü də həmin partiyalar prinsipial müxalif mövqeyindədir. Yəni, bu ayrı-seçkilik nə ilə bağlıdır? [/b] - Müsavat Partiyası kiməsə qarşı ittihamla çıxış etmək niyyətində deyil. Qəribə sual çıxır ki, sən niyə filankəslə müttəfiqlik etmək istəmirsən? Hər bir partiya müttəfiqini özü seçir. Onu da deyim ki, siz cümləni bütöv işlətmədiniz. Müsavat Partiyası təklifini irəli sürəndə deyib ki, Rəsulzadə-Elçibəy ideologiyasına əsaslanan və o siyasətə sadiq qalan qüvvələrlə əməkdaşlıq etmək niyyətindədir. Yoxsa elə hər kəs özünə müxalifət deyəcəksə, Müsavat Partiyası belə bir öhdəlik götürməyib ki, mütləq onlarla əməkdaşlıq etməlidir. [b]- Rəsulzadə-Elçibəy yolunda olan partiyalardan biri də Klassik Xalq Cəbhəsi Partiyasıdır, amma deyəsən, onlarla da Müsavatın arasına "qara pişik" girib...[/b] [i]- (Tələsik)[/i] Mən o "qara pişiyi" qara otaqda tapa bilmərəm. Siz necə tapırsınız, bilmirəm. [b]- Hazırda AXCP ilə KXCP arasında kəskin intriqa var. Belə məlumatlar da dolaşır ki, Əli Kərimli Müsavatdan KXCP ilə yolları ayırmağı tələb edir. Yəni, vaxtiylə Sizin AXCP-yə "tək gəl, birləşək",- tələbinizi indi qarşı tərəf təkrarlayır... [/b] - Məndə belə bir məlumat yoxdur. Mətbuatdan Xalq Cəbhəsi Partiyasının səlahiyyətli nümayəndələrinin açıqlamalarını oxuyuram. Amma səbəblər tamamiylə fərqlidir. Hesab edirəm ki, müzakirələr nəticəsində onları da aradan qaldırmaq mümkündür. Lakin bütün bu dediklərinizin Müsavat və DUİ, yaxud KXCP ilə razılaşmalara heç bir aidiyyatı yoxdur. Müsavat Partiyası DUİ ilə anlaşmasına sadiqdir və mümkün qədər də onu qoruyub saxlayacaq. Bu da qətiyyən AXCP ilə əməkdaşlığa mane ola bilməz. [b]- Bəs, AXCP israr etsə, necə? [/b] - İsrar etməyin mənası yoxdur. Çünki biz heç vaxt Xalq Cəbhəsi Partiyasından tələb etməmişik ki, o, "Azadlıq" blokundakı razılaşmalarından imtina eləməlidir. Biz, sadəcə olaraq, demişik ki, AXCP blokdakı müttəfiqləri ilə öz fəaliyyətini davam etdirə bilər, amma biz yalnız Xalq Cəbhəsi Partiyası ilə əməkdaşlıq etmək fikrindəyik. [b]- Hazırda müzakirə gedir ki, Müsavatın təmsil olunacağı seçki bloku yaradılacaq. Konkret deyə bilərsinizmi ki, bu blokada hansı qüvvələr olacaq? Yalnız AXCP-Müsavat, yoxsa DUİ də burada təmsil olunacaq? [/b] - DUİ ilə bizim artıq anlaşmamız, öhdəliklərimiz var. Xalq Cəbhəsi Partiyası ilə əməkdaşlıq, ya müttəfiqlik etmək bu öhdəliklərin aradan çıxması demək deyil. Təbii ki, arzulayardıq ki, bu müttəfiqlik yalnız Müsavatla AXCP arasında məhdudlaşıb qalmasın. Amma əgər AXCP bunu istəməyəcəksə, bu, AXCP ilə əməkdaşlığımıza əngəl ola bilməz, nə də bizim DUİ ilə razılaşmamız AXCP-yə əsas ola bilməz ki, bizimlə əməkdaşlıqdan imtina eləsin. [b]- Müsavatla AXCP-nin bir ad altında birləşməsi məsələsi ilə bağlı düşüncələrinizi bilmək istərdik... [/b] - Bu məsələlər bir neçə il bundan əvvəl müzakirə olunarkən mən bu ideyanın tərəfdarı olmuşam. İndi də tərəfdarıyam. Sadəcə olaraq, hesab edirəm ki, bu məsələlərin müzakirəsi indi aparılmamalıdır. İdeya səsləndirilib, hər iki tərəfdən bu ideyaya müsbət münasibət bildirilib və qalanları texniki məsələlərdir. Texniki məsələləri isə zamanında müzakirə etmək lazımdır. İndi bu partiyaların qarşısında duran məsələ seçkilərdə uğurla iştirak etməkdir. [b]- Qeyd etdiyiniz kimi, bu zaman nə vaxt gələcək? [/b] - Seçkidən sonrakı dövrü nəzərdə tuturam. Seçki başa çatsın, sonra müzakirə eləmək olar. Nizamnamə baxımından da Müsavat Partiyası öz qurultayını seçkilərdən sonra keçirəcək. [b]- Siz qalan məsələlərin texniki xarakter daşıdığını deyirsiniz, amma birləşmə baş tutarsa, əsas məsələ - başqanın kim olmasını müəyyənləşdirməkdir. Ortaya yeni məsələ çıxır, biri var Müsavat daxilindən kimsə, biri də var ki, Əli Kərimli partiyanın başqanı olur. Yəni, kifayət qədər mürəkkəb situasiya gözlənilir... [/b] - Başqalarına çox mürəkkəb görünən bir məsələ mənim üçün çox sadə proseduradır. Partiyada seçki var, seçkidə kim öz namizədliyini irəli verib qələbə çalacaqsa, o da birləşmiş partiyaya rəhbərlik edəcək. [b]- Siz Əli Kərimlinin başqanlığı altında fəaliyyət göstərməyi... [/b] [i]- (Sözümüzü kəsərək)[/i] Siz qəribə suallar verirsiniz. Nə qurultay olmayıb, nə birləşməsi məsələsi həll olunmayıb, nə də partiyaya başqan seçilməyib. Amma siz indidən bu sualları verirsiniz. [b]- Mən baş verməsi gözlənilənlərlə bağlı fikirlərinizi soruşuram... [/b] - Hələ ortada bir şey yoxdur. Bəlkə, birləşmiş partiyanın başqanı mən seçiləcəm. Sizsə mənə indidən arzulayırsınız ki, filankəsin rəhbərliyi altında işləyim. Elə ola bilər ki, Əli Kərimli mənim rəhbərliyim altında işləyər. Əgər partiyamızın qurultayında seçki demokratik, azad və şəffaf şəkildə keçiriləcəksə, hansı namizəd çox səs toplayacaqsa, o da partiyanın rəhbəri olacaq. O zaman başqalarının da etiraz etməyə heç bir bəhanəsi olmayacaq. Biz həmişə partiya daxilindəki seçkilərin demokratik keçirilməsinə tərəfdar olmuşuq. Hesab edirəm ki, əgər birləşmiş qurultay olacaqsa, orada da bu prinsiplər gözlənilməlidir. Nəticədə də kim namizədliyini verib qələbə çalacaqsa, o da partiyaya rəhbərlik edəcək. [b]- Burası aydındır. O fikirlər də səslənir ki, Müsavat başqanlığına iddialılar arasında birləşmə ilə bağlı fərqli fikirlər var. Bildirilir ki, Arif Hacılının rəqibləri birləmənin reallaşmasını istəyirlər, çünki bu, baş verməsə, Arif Hacılı başqan olacaq. Yəni, Arif Hacılıdansa, Əli Kərimli başqan olsun... [/b] - Bu, Müsavat Partiyasının içərisindən daha çox kənarda səslənən ideyadır. Onu da deyim ki, bu fikri səsləndirməyin əleyhinə də deyiləm. Hər kəsə güclər nisbəti fərqli görünə bilər. Birinə elə gəlir ki, partyada filanks güclüdür, filankəs zəifdir. Bunları mənasız söhbətlər hesab edirəm. Əsas odur ki, partiyanın daxilində demokratik qayda qorunub saxlanılsın və o qaydaların əsasında partiyanın rəhbərliyi formalaşsın. Belə bir rəhbərlik formalaşandan sonra kim narazı qalacaqsa, o, həmin adamın şəxsi narazılığından o tərəfə gedə bilməyəcək. [b]Zaur ƏHMƏD[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA