ADP konstitusion dəyiziklik tələb edir

img

19-07-2010 [04:14]


Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, toplantıda ölkədə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. İdarə Heyəti üzvləri Nazirlər Kabinetinin ilin birinci yarısına dair ölkənin sosial iqtisadi vəziyyətinə həsr olunmuş müşavirəsində müzakirə olunan məsələlərə münasibət bildirib. Ölkə başçısı İ.Əliyevin iştirakı ilə keçirilən müşavirədə ənənəvi olaraq ölkənin iqtisadi sferalarında böyük uğurlar qazanılması, yeni iş yerlərinin açılması və əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması barədə planlı çıxışlar edilməsinə diqqət çəkən partiya yetkililəri bu müşavirənin formal xarakter daşıdığını bildirib və müşavirədə verilən hesabatların Azərbaycan reallıqlarını əks etdirmədiyini qeyd edib. Ölkə əhalisinin yoxsulluq həddində yaşaması, işsizlik ucbatından əhalinin böyük bir hissəsinin başqa ölkələrə üz tutması, qiymətlərin bahalaşması, minimum əmək haqqının orta yaşayış səviyyəsinə uyğun gəlməməsi faktlarını nəzərə almadan hər hansı bir iqtisadi nailiyyətlərin əldə edilməsindən danışmağın absurd olduğunu bildirən toplantı iştirakçıları idarə etmədə yaranan bu qüsurların ikili icra hakimiyyətindən qaynaqlandığını qeyd edib və bu sahədə konstitusion dəyişikliyə ehtiyac olduğunu diqqətə çatdırıb. Avropa Birliyinin Cənubi Qafqaz ölkələri ilə, o cümlədən Azərbaycanla assosiativ sazişlər imzalaması məsələsinə toxunan İdarə heyəti üzvləri bu addımın Avroatlantik məkana inteqrasiya olunma baxımından təqdirə layiq olduğunu bildirməklə yanaşı Avropa Birliyinin bu ölkələrlə iqtisadi münasibətlərindən daha çox demokratik dəyərlərin qorunmasına üstünlük verməsinin tərəfdarı olduğunu bildirib. Almatıda ATƏT-in xarici işlər nazirlərinin qeyri rəsmi sammiti çərçivəsində Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin 3-2 formatında keçirilən görüşünə münasibət bildirən İdarə Heyəti üzvləri bu görüşün Dağlıq Qarabağ probleminin çözülməsində hələ ki öz nəticəsini verməyən indiyə qədər keçirilən görüşlərdən biri olduğunu bildirib və problemin bu qədər dalana dirənməsinin kökündə Rusiyanın Ermənistan ərazisində hərbi qoşunlarının saxlanması faktorunun olduğunu diqqətə çatdırıb. İdarə Heyəti üzvləri İstər Dağlıq Qarabağ probleminin həllində, istərsə də Cənubi Qafqazda sülhün və sabitliyin əldə edilməsində maraqlı olan dövlətləri rus qoşunlarının Ermənistandan çıxarılması istiqamətində səyləri birləşdirməyə çağırıb. Son vaxtlar Qərb, o cümlədən ABŞ siyasilərinin Azərbaycanda demokratiya və insan haqlarının pozulması ilə bağlı səslənən bəyanatlara mövqe bildirən İdarə Heyəti üzvləri bu bəyanatların Azərbaycandakı indiki siyasi durumu düzgün əks etdirdiyini bildirməklə ölkəmizdəki antidemokratik vəziyyətin yaranmasında elə həmin Qərb dairələrinin də payının olduğunu diqqətə çatdırıb və Azərbaycan hakimiyyətini ölkədə demokratiya və insan haqlarının pozulmasının qarşısını almağa və Azərbaycanın beynəlxalq aləmdə imicini qorumağa çağırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA