Bahar Muradova ATƏT PA-nın sessiyasında sərt danızıb

img

10-07-2010 [01:57]


Milli Məclis Sədrinin müavini Bahar Muradovanın başçılıq etdiyi parlament nümayəndə heyəti ATƏT PA-nın Osloda keçirilən XIX sessiyasında fəal iştirak edir. Sessiyanın ilk günündə ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Qoran Lenmarker bölgədəki fəaliyyətinə dair hesabatında Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində inkişafın müşahidə olunduğunu vurğulayıb, Azərbaycan və Ermənistan prezidentlərinin son görüşlərinə, Minsk qrupunun fəaliyyətinə toxunub. Məruzəçi qeyd edib ki, tərəflər hələ də itki verməkdə davam etdiyi üçün ?dondurulmuş münaqişələr? ifadəsi bir qədər çaşdırıcı məna daşıyır. Hesabatdan dərhal sonra söz alan Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova da bu fikri təsdiqləyib. O qeyd edib ki, ?dondurulmuş münaqişələr? ifadəsi əslində münaqişə barədə yanlış təsəvvür yaradır, çünki bölgədə hələ də dinc əhali həlak olur, atışmalarda əsgərlərimizi itiririk. Bu yaxınlarda Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilən danışıqlar zamanı bölgədə ermənilər tərəfindən atəşkəsin pozulduğunu sessiya iştirakçılarının nəzərinə çatdıran B.Muradova bildirib ki, həmin vaxt şəhid olmuş Azərbaycan hərbçisinin meyidi hələ də bizə verilməyib və bu, beynəlxalq konvensiyalara ziddir. Daha sonra Azərbaycan nümayəndə heyətinin rəhbəri deyib ki, Azərbaycan Madrid prinsiplərini qəbul edib, Ermənistan isə indiyədək hələ də bu məsələdə mövqeyini müəyyənləşdirməyib, o, vaxtı uzadır. Bahar Muradova bu məsələnin məruzədə yer almamasına öz iradını bildirib. Sessiyada nümayəndə heyətimizin rəhbəri ?Qırğızıstanda vəziyyət?ə dair məruzə ətrafında da çıxış edib. Mərkəzi Asiyada baş verənlərə, Qırğızıstandakı siyasi yeniliklərə öz münasibətini bildirib. Azərbaycan parlamenti nümayəndə heyətinin üzvləri ? Eldar İbrahimov, Rəbiyyət Aslanova, Fəttah Heydərov, Azay Quliyev, Fazil Mustafa XIX sessiyadakı müzakirələrdə yaxından iştirak edib, bir sıra məruzələr ətrafında fikirlərini bölüşüblər. ATƏT PA-nın sədri Joao Soareş Azərbaycanın qurumdakı fəaliyyətini yüksək qiymətləndirib, ölkədə demokratiyanın inkişafını və təbii sərvət?lərin səmərəli istifadəsini təqdirəlayiq hal kimi dəyərləndirib. Sessiyada qurumun fəaliyyətinə dair məruzələrdə seçkilər məsələsinə də toxunulub. Məlumat verilib ki, bu ilin payızında keçiriləcək seçkiləri izləmək üçün ATƏT PA bir sıra ölkələrə, o cümlədən Azərbaycana, ABŞ-a, Qırğızıstana, Bosniya və Hersoqovinaya müşahidəçilər missiyası göndərəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA