Norveçin Azərbaycandakı səfiri Səməd Seyidovun qonağı olub

img

06-07-2010 [05:03]


ADU-nun Mətbuat xidmətinin rəhbəri Zeynab Kazımovanın MIA-ya verdiyi məlumata görə, iyul ayının 6-da ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov Norveçin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Yon Ramberqi qəbul edib. Səfir Yon Ramberq Azərbaycanda fəaliyyət göstərdiyi müddətdə Azərbaycan Dillər Universiteti ilə Norveçin bir sıra universitetləri arasında yaranan əlaqələrdən və bu əməkdaşlığın inkişafından məmnunluğunu dilə gətirib. Bu istiqamətdə görülən işlərdən söz açan səfir Dillər Universiteti ilə qarşılıqlı əməkdaşlığın iki ölkə arasında təhsil sahəsində əlaqələrə təkan verdiyini önə çəkib. O, ADU-nun rektoru Səməd Seyidova universitetdə Norveç dilinin tədrisinə və Skandinaviyaşünaslıq ixtisasının açılmasına görə öz təşəkkürünü çatdırıb. Rektor Səməd Seyidov səfir Yon Ramberqə ölkəmizdə səfir kimi səlahiyyət müddətinin bitməsi ilə əlaqədar gələcək fəaliyyətində uğurlar arzulayıb. O, deyib ki, səfirin ölkəmizdə fəaliyyəti dövründə Azərbaycan-Norveç əlaqələri yüksək səviyyədə olub və təhsil sahəsində əməkdaşlıq daim inkişaf edib. Səməd Seyidov Norveçin Oslo universiteti ilə ADU arasında geniş əməkdaşlıq olduğunu, dəfələrlə Norveçin müxtəlif universitetlərinin mütəxəssis və tələbələrinin Azərbaycan Dillər Universitetinə gəldiklərini xatırladıb. Səməd Seyidov Norveç dilinin tədrisi zamanı Norveçdən dəvət olunmuş mütəxəssislərin Dillər Universitetində fəaliyyətindən razılığını bildirib. Səfir Yon Ramberq bundan sonra da Dillər Universiteti ilə əməkdaşlığın davam etdiriləcəyinə əminliyini ifadə edib. Səməd Seyidov cənab Yon Ramberqə öz gələcək fəaliyyətində uğurlar arzulayıb. Görüşdə ADU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova, Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin dekanı Məcid Əliyev iştirak ediblər. Xatırladaq ki, ADU-nun Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsində Skandinaviyaşünaslıq ixtisası 2006-2007-cı tədris ilindən açılıb və həmin ildən də Norveç dili tədris olunur. Hazırda Dillər Universitetinin Skandinaviyaşünaslıq ixtisası üzrə təhsil alan 10 nəfər tələbəsi və Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin 8 nəfər müəllim heyəti Norveçdə Yay məktəbinə göndərilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA