İmişlidə Makedoniyalı İskəndərə aid gümüş sikkələr tapıldı - FOTOLAR

img

22-04-2017 [14:51]


AMEA Arxeologiya İnstitutuna İmişli sakini Rüstəmov Məmmədağa Xəlil oğlu tərəfindən rayonun Qızılkənd kəndi ərazisində gümüş sikkələrdən ibarət dəfinənin aşkar edilməsi barədə məlumat daxil olub. Sikkələrdən birinin təsviri Rüstəmov Məmmədağa Xəlil oğlu tərəfindən institutun elektron ünvanına göndərilib. Sikkənin fotosuna baxış keçirilərkən, onun avers (üz)  tərəfində təsvirin Makedoniyalı İskəndərə (e.ə. 336-323) aid olduğu müəyyən edilib.

Bu barədə Mia.az-a AMEA Arxeologiya və Etnoqrafiya İnstitutdan məlumat verilib.

Billdirilib ki, institutun rəhbərliyinin göstərişi ilə Numizmatika şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru Akif Quliyev və İmişli arxeoloji ekspedisiyasının müdiri tarix üzrə fəlsəfə doktoru Mikayıl Mustafayev rayona ezam ediliblər:

"Qızılkənd kənd sakini Həsənov Etiram Hümbət oğlu tapdığı 9 ədəd sikkəni AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Numizmatika şöbəsinin müdiri Akif Quliyevə təhvil verib.

Dəfinənin aşkar edildiyi yerə baxış keçirən arxeoloqlar burada antik dövrə aid yaşayış yeri və nekropolun olduğunu müəyyən ediblər".

Qeyd edək ki, antik dövrə aid sikkə dəfinələri bundan qabaq 1958-ci ildə Şamaxıda (Xınıslı kəndi), 1966-ci ildə Qəbələdə və 1972-ci ildə Ağsu (Nüydi kəndi) rayonu ərazisində aşkar edilmişlər. Adı qeyd edilən dəfinələrdən fərqli olaraq, İmişli dəfinəsi yalnız Makedoniyalı İskəndərin  gümüş draxmalarından ibarətdir.

Hal-hazırda dəfinə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Numizmatika şöbəsində tədqiq edilir. Yaxın zamanlarda dəfinənin aşkar edildiyi ərazidə arxeoloji tədqiqat işlərinə start veriləcək.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR