20-06-2010 [04:39]
[b]Zəlimxan Məmmədli: "Mən öz yolumu gedirəm, çox sağlam gedirəm, biz görüşəcəyik" [/b]
"Borçalı" Cəmiyyətinin sədri Zəlimxan Məmmədlinin rəhbərlik etdiyi təşkilatın Gürcüstanda keçirdiyi aksiya zamanı Heydər Ədiyevin abidəsi önünə əklil qoyması Azərbaycan müxalifətində ciddi narazılıqla qarşılandı. Z.Məmmədlinin KXCP Ali Məclisinin sədri ola-ola belə bir addım atması ona qarşı ittihamlara səbəb oldu. Hətta Z.Məmmədlini mövqeyini dəyişməkdə ittiham edənlər də tapıldı. Bütün bunlardan sonra Zəlimxan bəy Müstəqil İnformasiya Agentliyi vasitəsilə KXCP-nin Ali Məclis sədrliyindən istefa verdiyi bəyan etdi.
[b]- Zəlimxan bəy, müxalif düşərgədəkilərin bəziləri Sizin mövqeyinizdə ciddi dəyişikliklərin olduğunu bildirirlər. Bu barədə nə deyə bilərsiniz? [/b]
- Bu çox yanlış yanaşmadır. Hesab edirəm ki, bu, mənə qarşı "qara piar" kampaniyasının başlanğıcıdır, qaşınmayan yerdən qan çıxarmaqdır. Bununla həm də partiyadan əlavə qoparmalar əldə etmək istəyirlər. O cümlədən 33-cü dairədə Arif Hacılı özü üçün maneəni aradan götürmək istəyir. KXCP-nin namizədlər siyahısında güzəştsiz olanlardan biri Zəlimxan Məmmədlini "vurmaq" üçün imkan yetişib. İndi də bu yoldan istifadə edirlər. Bu, klassik "qara piar"dır, klassik formada aşağılamaqdır, iddiaları şişirtməkdir. Bunların millətlə, dövlətlə, ümumi maraqlarla heç bir bağlılığı yoxdur. Mən hər hansı fikir söyləməmişəm, əfəndim. İnsanın mövqeyi o zaman dəyişir ki, o, fikir söyləyir. İnsanlar oldu ki, liderini dəyişdi, insanlar oldu idealogiyadan imtina elədi, insanlar oldu "mən bu gündən YAP-ı dəstəkləyirəm",- dedi. Yəni belə şeylər olub. Mən, sadəcə olaraq, ümummilli mahiyyətli, məzmunlu bir təşkilata rəhbərlik edirəm. Borçalı adlı türkün problemi ilə məşğulam. Orda bütün firqələrin insanları var.
Mən, Heydər Əliyevin Tiflisdə yerləşən abidəsinin önünə - hansı ki, bizim aksiya həmin məkandan başlayır - cəmiyyətin adından əklil qoymuşam. Burada qəbahət nə var? Hansı fikir söyləmişəm, hansı çıxış eləmişəm? Ayıb deyilmi, bu adamlara? Utanmırlarmı, xəcalət çəkmirlərmi? Zəlimxan Məmmədli müxalifətçilikdən gedir, nə bilim, nə olur, demək, ən azından ayıbdır.
[b]- Qarşı tərəfin arqumenti odur ki, KXCP Ali Məclisinin sədri belə bir adım atmamaldır? [/b]
- Mən, Azərbaycandan kənarda Azərbaycan tanıyıram. Azərbaycanın kənarında firqələr arası savaş meydanı görmürəm. 10 il federasiya rəhbəri olanda da belə fəaliyyət göstərmişəm. Əgər aksiya Heydər Əliyevin Tiflisdə olan abidəsinin yanından başlayırsa, biz ora gözucu baxıb gediriksə, bunun özünün fəsadları necə olacaq? Ümummilli bir layihənin sonu nə olacaq? Bunların hamısı göz önünə gətirilib və o addım atılıb. Bir də ki, o addımı atmaq böyük adamların, cəsarətli şəxslərin işidir. Bu addımı Zəlimxan Məmmədli atıb. Mən orada hər hansı fikir söyləməmişəm, hər hansı ideoloji sapıntıya yol verməmişəm, ümummilli proyektin gerçəkləşməsində əlavə maneə yaradacaq bir səddi cəsarətlə aşa bilmişəm. Orda bizə gürcülər, ermənilər baxır. Əgər mən bir ümummilli problemlə məşğulamsa və o cəmiyyətə rəhbərlik edirəmsə, xırda duyğulardan uzaq olmalıyam. Mən bunu orda vətəndaş olaraq etmişəm. Ona görə ki, mənim missiyam bunu diqtə edir. Buna kim hansı prizmadan baxarsa, özü bilər. Mən KXCP Ali Məclisinin sədri kimi heç bir partiya qarşısında öhdəlikli deyiləm, nə də heç bir partiya bizim daxili işimizə burnunu soxa bilməz. Partiyanın özünün işidir, müzakirə edir və müzakirə bitib. Amma eyni zamanda mənim üçün bitməyib.
[b]- Yəni nəsə edəcəksiniz? [/b]
- Mən əxlaqdan, dəyərlərdən uzaq, prosesləri mahiyyətdən yayındıraraq, partiya üzərinə gələn basqıları əsas götürərək, o cümlədən siyasi mədəniyyətin yüksək nümunəsini önə gətirərək, Azərbaycanda olmayan və gözlənilməsi də absurd olan cəsarətli bir addım atdım. Partiya naminə, Əbülfəz Elçibəy, Məmmədəmin Rəsulzadə yolunun zədələnməməsi xətrinə Klassik Xalq Cəbhəsi Partiyasının Ali Məclis sədrliyindən istefa verdim. Qoy, rahat olsun Arif Hacılılar, İsa Qəmbərlər. Biz hökmən görüşəcəyik. Mən öz yolumu gedirəm, çox sağlam gedirəm, biz görüşəcəyik. Bəlli olacaq ki, kim biabırçlıqla məşğuldur. Mən biabırçılıqla məşğul olmamışam, bir daşın qarşısına gül qoymuşam. Daşın qabağına gül qoymağı biabırçılıq adlandırmağın özü ən böyük biabırçılıqdır.
[b]- İstefanızdan sonra da deyəcəklər ki, biz haqlıydıq, Zəlimxan Məmmədli geri çəkildi... [/b]
- Qətiyyən. Mən heç kimin qarşısından geri çəkilməmişəm, çəkilmərəm də. Partiyanın, partiya sədrinin üzərinə gələn basqıları görürəm, hətta partiya sədrinin ətrafında olan, DUİ deyilən bir qurumda toplaşan, kifayət qədər münasibətlərimiz xoş olmayan nəsnələr də var. Onların da əcaib açıqlamalarını görürəm. O cümlədən partiyada 10 ilə yaxındır Zəlimxanı təqib edən insanlar da var. Bu günə kimi heç nə ilə ona üstün gələ bilməyiblər. Heç bir şey əldə edə bilməyib, sadəcə, Zəlimxanı aşağılamaqla məşğul olanlar var, onların da mövqelərini görürəm. Sadəcə, bu, ajiotaj yaranmasın deyə belə bir qərar verdim.
Zəlimxan Məmmədli aydın bir platformadadır, ümummilli bir layihənin gerçəkləşməsi üçün fədakarlıq edir. İnsanları da fədakarlığa, cəmiyyətimizi despotik düşüncələrdən xilas olmağa dəvət edirəm. Biz qızıl ortanı tapmalıyıq. Sabah Qarabağ savaşında Elçibəyin, Rəsulzadənin, Heydər Əliyevin dəstəsi deyib, bölgü aparacağıqsa, bu, bizim faciəmiz olacaq. Bu gün məni ittiham edənlər o faciənin əsasını qoyurlar. Borçalı Dağlıq Qarabağ qədər ümummilli problemdir. Bu bütün qurbanları tələb edir. Mən bütün şəxsi maraqları lazım gələcəksə, Borçalı naminə qurban verəcəyəm. Eyni zamanda firqəmin də maraqlarını ayaq altına atmayacağam.
[b]- Ali Məclis sədrliyindən istefa verdiniz, partiyada qalırsınızmı? [/b]
- Təbii ki, partiyada sıravi üzv kimi qalacağam.
[b]- Bu gün (dünən-red.) KXCP Ali Məclisinin sessiyası keçirildi və sizin istefanız yekdilliklə qəbul olundu... [/b]
- Ali Məclisin qərarını çox normal qəbul edirəm. Mən öz mövqeyimdə təkidli idim və birmənalı şəkildə istefa verəcəyimi bildirmişəm. Belə də olmalı idi. Mənim bu mövqeyimə görə də Ali Məclis qərarını qəbul etdi.
[b]- Bundan sonra partiya ilə əlaqələriniz hansı səviyyədə olacaq? [/b]
- Artıq partiyanın sıravi üzvüyəm. Partiyanın üzərinə düşən vəzifələr var, ona uyğun hərəkət edəcəyəm. Məndən nə tələb olunursa, ona uyğun fəaliyyətimi davam etdirəcəyəm.
[b]- "Borçalı" Cəmiyyətinin sədri olandan sonrakı mövqeyinizi, son addımınızı dəyərləndirənlər onu da bildirirlər ki, atdığınız addımlar 2010 parlament seçkilərində mandat almağa hesablanıb. Bu barədə nə deyə bilərsiniz? [/b]
- O cür məsələləri könüldən qıraq yerdə eləmirlər. Onun üçün lazım olan yerlər var. Mənə daşlar atan insanların gecələr harda, gündüzlər harda olmasını hamı yaxşı bilir. 20 ildir ki, müxalifətçilik edirəm. Müxtəlif vəzifələrdə çalaşmışam, Azərbaycan milləti və dövləti üçün iz qoymuş insanlardan biriyəm. Amma yenə də öz çörəyimi təmiz əllərimlə qazanıram. Ona görə də mən çox xoşbəxt adamam. Mən nəyisə edərdimsə, çikrin oyuna getməzdim, hər şeyi açıq söyləyərdim. Mən həmişə milli barışığın tərəfdarı olmuşam. Amma bunu bəzi adamlar qəbul etmirsə, Azərbaycan daha ağır fəalakətlərə doğru gedirsə, məsuliyyət bir başa bu insanların üzərinə düşür. Təbii ki, mandat mənim haqqımdır. Bilirəm ki, mandat mənə verilməlidir və neçə dəfə əlimdən alınıb. Mənim mandatım 90-cı ildə hətta yazılıb, sonradan ləğv olunub. 95-ci ildə məhz öz firqəmiz tərəfindən yazılan mandatım pozulanlardan olub. 2000-ci ildə, 2005-ci ildə nələr baş verib, hər kəs yaxşı bilir. Məni müdafiə edəcəyini deyənlər, heç zaman müdafiə etməyiblər. Klassik Xalq Cəbhəsi Partiyasında, o cümlədən Elçibəy platformasında olduğum üçün məni heç zaman həzm edə bilməyiblər. 95-ci ildə, seçkinin axırıncı günü Müsavat Partiyasının 28 üzvünə Əli Kərimli, Həsən Kərimov, Qafil İmanov telefon açıblar. Onlardan biri də seçki məntəqəsinə getməmişdilər. Baxmayaraq ki, müxalifətdən ikinci tura keçən tək Zəlimxan Məmmədli idi. Qeybət olmasın, sadəcə olaraq, demək istəyirəm ki, mən hansı addım atıramsa, cəsarətlə açıq söyləyirəm. Mənim hakimiyyətlə bazarlığa gedib mandat almaq niyyətim olsa, onu açıq söyləməyə cəsarətim çatır. Millətimin də, dövlətimin də qarşısında kifayət qədər xidmətim var və hesab edirəm ki, mandat almağa haqqım var. Amma mən əxlaqlı kişilərin çörəyindən, əxlaqlı kişilərin keçdiyi yoldan bəhrə almışam. O cür yollar bizim yollar deyil. Emosional yanaşma olmasın, mandat mənim halal haqqımdısa, bunu alacağam, haram şeyi almayacam, əfəndim!
[b]- Sizə qarşı son hücumlarda partiyanızın sədri Mirmahmud Mirəlioğlundan dəstək gəldimi? [/b]
- Mən Mirmahmud bəyə təşəkkür edirəm. Ayrı-ayrı zamanlarda bizim aramızda çox kəskin polemikalar olub, çox kəskin fikir müxalifliyi yaşanıb. Amma yenə də deyirəm, keçdiyimiz yol bizim əxlaqi, mənəvi dəyərlər sistemimizi zədələməyib. ?ə Mirmahmud bəy, nə mən bu dəyərlərdən kənara çıxmamışıq. Biz bu gün də bir yolda, bir düşərgədə, bir səngərdəyik. Bu gün bir qaragüruhun onun üzərinə gəldiyini görürəm və bu zərbələrdən partiyamızı da, sədrimizi də qorumalıyam. Təbii ki, "Borçalı" Cəmiyyətinin geniş spektrli üzvlərinin də mövqeyi mənim üçün önəmlidir. Onların mövqeyi mənə üstünlük verdi ki, bu qərarı qəbul edim. İki variant var idi - ya "Borçalı" Cəmiyyətindən istefa verib, partiyaya gəlib, bu qovğalarda iştirak etməliydim, ya da indi seçdiyim yolu seçməliydim. Hesab edirəm ki, "Borçalı" Cəmiyyətində mənim enerjim daha rasional olacaq, milli və dövlətçilik xarakteri daşıyacaq.
[b]- Son proseslərdə dostunuzu, düşməninizi ayırd edə bildinizmi? [/b]
- Yox, mən elə deməzdim. Sadəcə olaraq, böyük iddialara düşən insanlar xırda hisslərlə oynamamalıdırlar. Ona acıyıram ki, insanlar 20 ildə çox böyük danışa bilərlər, "Azərbaycanın yiyəsi mənəm",- deyərlər, amma bu cür məsələdə mahiyyətə varmadan, primitiv yanaşma, primitiv üsullarla gərginlik yaratmaq cəhdində bulunmaqla özlərini biabır etdilər. Deyirlər ki, bəs biz firləşəcəkdik, Zəlimxan Məmmədli qoymadı. Buyurun, Zəlimxan Məmmədli meydandan çəkildi, meydan sizindi. Gedin, əfəndilər, Allah Sizə yar olsun! Mən dost, düşmən axtarmıram. Sadəcə olaraq, deyirəm ki, bu yolda kifayət qədər problemlərimiz var. Azərbaycanın kifayət qədər ağır problemləri var və bu problemləri həll eləmək gücündə olan insanlarımız kifayət qədərdir. Təəssüflər olsun ki, onların xeyli hissəsi də öndədir.
[b]Zaur ƏHMƏD[/b]