Səməd Seyidov Rumıniyanın Azərbaycandakı səfiri ilə görüzüb

img

01-07-2010 [02:35]


Bu gün ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Nikolae Ureke ilə görüşüb. ADU-nun Mətbuat xidmətinin rəhbəri Zeynab Kazımovanın MİA-ya verdiyi məlumata görə, görüşdə Rumıniya ilə Azərbaycan arasında mədəni, elmi əlaqələr, Rumıniya universitetləri ilə əlaqələrin yaradılması haqda fikir mübadiləsi aparılıb. Cənab Nikolae Ureke mədəni və elmi əlaqələrin inkişafının vacibliyini bildirərək əlaqələrin genişləndirilməsi məqsədi ilə Dillər Universitetində rumın dili kafedrasının açılması barədə fikirlərini bildirib. Cənab səfir Azərbaycanda universitetlər içərisində böyük nüfuza malik Azərbaycan Dillər Universitetində belə bir kafedranın yaradılmasını məqsədəuyğun hesab etdiyini önə çəkib. Səməd Seyidov bu təklifi müsbət dəyərləndirərək bildirib ki, bu sahədə Dillər Universitetində geniş təcrübə mövcuddur və hazırda universitetdə roman-german dil qrupuna aid olan bir sıra dillər tədris olunur. Rumıniya universitetləri ilə əlaqələrin qurulmasından razılığını bildirən rektor Səməd Seyidov, həmçinin Rumın dili Mərkəzinin yaradılmasının mümkünlüyünü də ifadə edib. O bildirib ki, bu yaxınlarda ADU-da Avstriya kitabxanasının açılışında Avstriya XİN başçısı, İndoneziya Araşdırmalar Mərkəzinin açılışında isə İndoneziyanın İranda və Azərbaycanda akkreditə olunmuş səfiri iştirak etmişdir. ?ABŞ, Qərbi Avropa ölkələri ilə yanaşı, Çin, Koreya universitetləri ilə ADU uğurlu əməkdaşlıq edir.?-deyə o, vurğulayıb. Səməd Seyidov gələcəkdə rumın dili mütəxəssislərinin Dillər Universitetində müəllim kimi fəaliyyət göstərmələrinin mümkünlüyünü deyib. O, bildirib ki, dil daşıyıcıları ilə birbaşa ünsiyyət tələbələrin bilik səviyyəsinin yüksəlməsinə xidmət edir. Bu istiqamətdə Norveç, Koreya, Fransız, Alman, İspan və İtalyan dili müəllimləri birbaşa dilin tədrisində iştirak edirlər. Universitetdə filoloji, pedaqoji, tərcümə, eyni zamanda regionşünaslıq və beynəlxalq münasibətlər üzrə mütəxəssislərin hazırlandığını deyən rektor, rumın dilinin müvafiq fakültələr üzrə tədrisi ilə yanaşı, ölkənin siyasi həyatı, beynəlxalq münasibətləri, iqtisadiyyatı, mədəniyyətinin də tədrisinin mümkünlüyünü deyib. Səfir Nikolae Ureke Rumıniyanın universitetləri ilə Dillər Universiteti arasında əməkdaşlığın qarşılıqlı əlaqələrin genişlənməsi baxımından təhsil, elm və mədəniyyət sahəsində öz töhfəsini verəcəyinə əminliyini bildirib. O deyib ki, rumın dilinin tədrisi bu sahədə mühüm bir addım olacaq və əlaqələrin inkişafına xidmət edəcək. İkitərəfli əlaqələrin yaradılması üçün universitetlərarası mütəxəssis mübadiləsinin həyata keçirilməsinin də vacibliyi vurğulanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA