Müsavat buraxılız imtahanları zamanı valideynlərdən total zəkildə pul yığımına etiraz edir

img

15-06-2010 [01:43]


Müsavat Partiyasının Divanının növbəti toplantısı keçirilib. Qərarların icra vəziyyəti və görülən işlərə baxıldıqdan sonra partiyadaxili məsələlər müzakirə olunub. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, yığıncağın əvvəlində 12 iyun mitinqi ilə bağlı müzakirələr aparılıb. Bakı Şəhər İcra Hakimiyyətinin mitinqə razılıq verməməsinin özünün qanunsuzluq olduğu bildirilib. Mitinqin qarşısının polislər tərəfindən zorakılıqla və qeyri-qanuni olaraq alınması, həbs olunanlardan 6 nəfərə inzibati cəza, o cümlədən, 2 nəfərə 10 sutkalıq həbs cəzası verilməsi kəskin pislənilib. Aksiya zamanı saxlanılanlardan 23 nəfəri avtobusla Qobustan qoruğuna aparılması və günün sonunadək orada saxlanılması əndazəsiz qanunsuzluq kimi qiymətləndirilib. Qeyd edilib ki, digər saxlanılanların cəzalandırılması qanuna zidd olsa da, hər halda qanunda nəzərdə tutulmuş cəza növü olub. Ancaq 23 nəfərin girov götürülərək şəhərdən uzaq məsafəyə aparılması görünməmiş özbaşınalıq olmaqla yanaşı, ölkə iqtidarı adına rüsvayçılıqdır. Məsələnin müzakirəsinin sonunda 12 iyun mitinqinin məram və məqsədlərinin cəmiyyətə çatdırılmasına nail olunduğu qeyd edilib, kütləvi aksiyaların davam etdirilməsinin məqsədəuyğun olunduğu qət edilib. Seçki Məcəlləsinə gözlənilən əlavə və dəyişikliklər haqqında müzakirə zamanı qeyd edilib ki, beynəlxalq birliyin və ölkə ictimaiyyətinin Seçki Məcəlləsinin liberallaşdırılması tələb və tövsiyyələrinin gücləndiyi bir dövrdə gözlənilənlərin əksinə olaraq onu daha da mürtəceləşdirmək istəyi absurddur, Azərbaycan cəmiyyətinin maraqlarına ziddir və ölkənin beynəlxalq aləmdəki nüfuzuna ciddi mənfi təsir göstərəcəkdir. Ölkənin orta məktəblərində buraxılış imtahanları zamanı valideynlərdən total şəkildə pul toplanması və faktiki olaraq attestat satışı təşkil olunduğu narahatlıqla qeyd edilib, bu biabırçılığa son qoyulması tələb edilib. Daşqın fəlakətinə məruz qalmış rayonlarda bütün orta məktəb məzunlarının hamısının attestatla təmin edilməsi və ölkə üzrə ümumi göstəricilərin balanslaşdırılması naminə digər rayonlarda məzunların ancaq 70 faizinə attestat verilməsi haqda göstəriş olduğu barədə məlumat verilib və məsələ ilə əlaqədar araşdırılma aparılması qərara alınıb. Yığıncağın sonunda Qırğızıstanda etnik zəmində baş vermiş qarşıdurmalar zəminində 100-dən çox insanın həlak olması, 1000 nəfərdən çoxunun yaralanması ciddi narahatlıqla qeyd edilib, Azərbaycan hökumətindən baş verənlərə aydın reaksiya verilməsi və Mərkəzi Asiya dövlətləri ilə birgə zəruri addımlar atması istənilib. Sonda cari məsələlərə baxılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA