ADP dünyanı Türkiyənin gəmi karvanına hücum edən israilə qarzı sanksiyalar tətbiq etməyə çağırıb

img

31-05-2010 [02:25]


Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, toplantıda ölkədə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər və partiyanın parlament seçkilərinə hazırlıq vəziyyəti əsas müzakirə obyekti olub. Azərbaycan Demokratik Respublikasının yaranmasının 92-ci il dönümü ilə əlaqədar ölkədə keçirilən tədbirlərə münasibət bildirən İdarə Heyəti üzvləri bütün dünya xalqlarının özlərinin şərəflə yad etdiyi Respublika gününün vətənimizdə milli coşqunluq və siyasi istiqlaliyyətin hər evə gətirəcəyi sevinc səviyyəsində qeyd edilməməsi faktından narahat olduğunu bildirib və hakimiyyəti millətimizin ən böyük tarixi nailiyyəti olan Respublika bayramını daha yüksək təmtəraqla və yekdil əhval-ruhiyyə ilə qeyd edilməsi qayğısına qalmağa çağırıb. Partiya yetkililəri Respublika günü ADP-çi gənclərin bayram ovqatını özündə yaşadan dinc yürüşünün polis zorakılığı ilə qarşısının alınması və dövlət himnini səsləndirən gənclərin üzərinə basqı edilməsini, sonradan isə onları güc tətbiq etməklə avtomaşınlara oturdub naməlum istiqamətlərə aparmasını qətiyyətlə pisləyib və hakimiyyətdən bayramla uzlaşmayan bu hərəkəti törədən polis işçilərinin cəzalandırılmasını tələb edib. Amnesty İnternational beynəlxalq hüquq müdafiə təşkilatının insan hüquq və azadlıqları, həmçinin söz və mətbuat azadlıqlarına dair hazırladığı 2010-cu il hesabatında və BMT Ali komissarlığının söz və mətbuat azadlığı ilə bağlı təqdim etdiyi növbəti sənədlərdə Azərbaycanın adının söz və mətbuat azadlıqlarının kobud şəkildə pozulduğu qara siyahılara salınmasından ciddi narahat olduğunu bildirən toplantı iştirakçıları qeyd edilən faktların reallığı əks etdirdiyini diqqətə çatdırıb və hakimiyyəti parlament seçkiləri ərəfəsində xüsusi önəm daşıyan sərbəst toplaşma, söz və mətbuat azadlıqlarının qorunması istiqamətində təsirli islahatlar həyata keçirməyə çağırıb. Qəzza bölgəsində aclıq və səfalət içində yaşayan fələstinlilərə humanitar yardım aparan gəmi karvanının güllə-boran edilməsi və onlarla türk və digər ölkə vətəndaşlarının öldürülməsi və bir çoxlarının ölümcül halda xəstəxanalara aparılması faktından ciddi təlaş keçirən İdarə Heyəti üzvləri İsrail əsgərləri tərəfindən həyata keçirilən bu vəhşi aksiyanın beynəlxalq hüquqa zidd olduğunu bildirib və beynəlxalq təşkilatları insanlıqla, humanist dəyərlərlə bir araya sığmayan bu cür vəhşilikləri törədənlərə qarşı lazımi sanksiyalar tətbiq etməyə çağırıb. Həmçinin Toplantı iştirakçıları hakimiyyəti strateji müttəfiqimiz sayılan qardaş Türkiyə dövlətinə onun humanitar yardım cəhdlərinə qarşı hərb nümayiş etdirdiyinə görə İsrail dövlətinə bu hərəkətlərindən irəli gələn diplomatik jestlər ortaya qoymağa çağırıb. İdarə Heyəti üzvləri Xarici İşlər Nazirliyinin 23 mayda Dağlıq Qarabağda qondarma rejimin keçirdiyi parlament seçkilərində Azərbaycan hakimiyyətinin siyasi iradəsindən kənar müşahidəçi qismində iştirak edən bir çox ölkə müşahidəçilərinin o cümlədən Rusiya Federasiyasından olan 5 deputatın Azərbaycan ərazisinə gəlmələrinə qadağa qoyması ilə bağlı verdiyi bəyanatı təqdir edib və hakimiyyəti bundan sonrakı dövr ərzində də suveren hüquqlarımızın pozulmasına yönəlik bütün hərəkətlərdə bu cür qətiyyət nümayiş etdirməyə çağırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA