30-05-2010 [03:19]
[b]Professor Şükrü Koç hesab edir ki, Türkiyə iqtidarının götürdüyü siyasi kurs Dağlıq Qarabağın erməni işğalından azad olunmasını təmin edəcək [/b]
Türkiyə ilə Ermənistan arasında Sürix protokolunun imzalanmasından sonra bölgədə yeni siyasi şərait yaranıb. Bəzi ekspertlər hesab edirlər ki, iki ölkə arasındakı gərginliyin azalması Dağlıq Qarabağ problemini arxa plana keçirə bilər. Türkiyənin tənqidçi mediasının AKP iqtidarının Qarabağ şərtindən geri çəkilməsilə bağlı ittihamlar səsləndirməsi narahatlıq üçün müəyyən əsas yaradıb. Bəs, Türkiyənin tanınmış ziyalıları vəziyyətdən çıxış yolunu nədə görürlər? Türkiyə Elm Xadimləri İttifaqının sədri, professor Şükrü Koçla söhbətdə regionda yaranmış yeni siyasi şəraiti müzakirə etdik.
[b]- Şükrü bəy, Türkiyə-Azərbaycan əlaqələrinin mövcud vəziyyətini necə qiymətləndirirsiniz? İki ölkə arasındakı əməkdaşlıq imkanları Sizi qane edirmi? [/b]
- Hesab edirəm ki, Türkiyə-Azərbaycan əlaqələri iki kontekstdən ələ alınmalıdır. Bu gün iki qardaş ölkə arasındakı əlaqələrin görünən və görünməyən tərəfləri var. Qəzetlərdə yazılan, analitiklər tərəfindən irəli sürülən mülahizələr əlaqələrimizin görünən tərəfidir. Amma əsas olan türk millətinin bugünkü missiyasıdır. Mən, iki ölkə arasındakı əlaqələrdən bəhs edəndə ikinci amilin önə çəkilməsinin tərəfdarıyam. Təqdirəlayiq haldır ki, həm Azərbaycan türkləri, həm də Anadolu insanı mövcud siyasi şəraitdə öz üzərlərinə düşən məsuliyyəti dərk edir. Açıq etiraf etmək lazımdır ki, Qərb dövlətləri, xüsusilə də ABŞ türk millətinin inkişafını istəmir. Məsələn, Ermənistan Dağlıq Qarabağı işğal etdikdən sonra Türkiyə bu ölkə ilə sərhəddini bağladı. Bundan sonra Türkiyəyə qarşı təzyiqlər gücləndi. Özlərini tərəqqipərvər hesab edən qüvvələrin hamısı Türkiyə əleyhinə kampaniyada fəal iştirak edirlər. Qərb dövlətləri isə ciddi-cəhdlə işğal faktorunu gündəmdən çıxarmaq istəyirlər. Türkiyə beynəlxalq güclərin təzyiqləri qarşısında müxtəlif siyasi manevrlər edə bilir. Amma Dağlıq Qarabağ faktorunun arxa plana keçirilməsindən söhbət gedə bilməz. Unutmamalıyıq ki, Türkiyənin Azərbaycanın maraqlarından çıxış etməsini şərtləndirən başqa amillər də var. Azərbaycanın coğrafi şəraiti Türkiyənin bu ölkə ilə dost, müttəfiq olmasını qaçılmaz edir. Qafqazda türk varlığının davam etməsi, Türkiyə ilə Orta Asiya dövlətləri arasında əməkdaşlığın möhkəmlənməsi üçün Azərbaycanın güclü dölvət olması lazımdır. Türkiyə dövlətini idarə edən adamlar bölgədə hansı oyunların oynanıldığının fərqindədirlər. Yüz əlli ildən çoxdur ki, Rusiya, Çin, ABŞ, İngiltərə və digər böyük dövlətlər Anadolu, Qafqaz, Orta Asiya kimi zəngin təbii resurslara malik olan coğrafiyanı türklərin əlindən alıb, öz aralarında bölüşdürmək istəyirlər. Bu mübarizə 1850-ci illərdən sonra başlasa da, biz böyük güclərin gizli planından zamanında xəbər tuta bilməmişik. Nəticədə Rusiya Qafqazda, Orta Asiyada addım-addım irəliləməyə müvəffəq oldu. Halbuki həmin vaxt Rusiyanın hərbi-iqtisadi potensialı işğal niyyətini həyata keçirməyə imkan vermirdi. Amma türklər düşmən dövlətlərin bu planlarından xəbərdar olmadıqları üçün onların öz niyyətlərini həyata keçirməsini əngəlləyə bilmədilər. Nəticədə türklərin yaşadıqları coğrafiyada sərhədləri Rusiya və İngiltərə müəyyənləşdirdi. Gec də olsa, türk milləti bölgədə hansı çirkin niyyətlərin həyata keçirildiyini başa düşdü. Buna görə də türk milləti Azərbaycanın sərhədlərinin dəyişdirilməsinə imkan verməyəcək.
[b]- Sürix protokolları imzalanandan sonra Azərbaycan xalqını ən çox bir sual düşündürür: Türkiyə Qarabağ şərtindən geri çəkildimi? [/b]
- Azərbaycan xalqının narahatlığını normal qarşılayıram. Mətbuatdan yazılanlardan belə qənaətə gəlmək olar ki, Qarabağ şərti ortadan qalxıb. Amma nəzərə almaq lazımdır ki, Türkiyə Ermənistanla sərhəddi Dağlıq Qarabağın və ətraf rayonların işğalına etiraz əlaməti olaraq bağlayıb. Türkiyənin Qarabağ şərtindən geri çəkilməsi mümkün deyil. Hesab edirəm ki, Türkiyə iqtidarı doğru xarici siyasi kurs götürüb. Bu siyasi kurs Dağlıq Qarabağın erməni işğalından azad olunmasını təmin edəcək. Xarici siyasətdə zaman faktoru xüsusi əhəmiyyət kəsb edir. Ölkələrin bir-birini anlaması üçün zamana ehtiyac var. Məncə, vaxt Türkiyənin və Azərbaycanın xeyrinə işləyir. Nə qədər ki, Türkiyə bölgədə əsas söz sahiblərindən biridir, azərbaycanlı qardaşlarımızın Dağlıq Qarabağın taleyilə bağlı narahatlıq keçirmələri üçün səbəb yoxdur.
[b]- Sürix protokollarının imzalanması Türkiyə-Ermənistan münasibətlərində yeni səhifə açdı. Türkiyə-Ermənistan arasındakı gərginliyin aradan qalxması Azərbaycan üçün hansı nəticələr doğura bilər?[/b]
- Azərbaycan Türkiyə-Ermənistan münasibətlərinin qaydaya salınmasından heç bir zərər görməyəcək. Əsas odur ki, Ermənistan bəzi iddialarından əl çəkməlidir. Ermənistan türk düşmənliyinə son qoymalı, regionun sosial-iqtisadi-siyasi həyatında fəal iştirak etməlidir. Ermənistan öz sərsəm iddialarından əl çəkəcəyi təqdirdə, Türkiyə və Azərbaycanla problemlərini həll edə bilər. Ermənistanın düşmənçilik siyasətindən imtina etməsi Qafqaza sülh, əmin-amanlıq gətirəcək. Nəticədə Qafqazda tərəqqi, dirçəliş erası başlayacaq. Bu proseslər Türkiyə və Azərbaycanla yanaşı, Ermənistanın da maraqlarına cavab verir. Nəhayət, ermənilər anlamalıdırlar ki, onların hərbi-siyasi-iqtisadi potensialı Türkiyə ilə kəllə-kəlləyə gəlməyə imkan vermir. Ermənistanın yeganə gücü Qərbin bəzi dairələri tərəfindən dəstəklənməsidir. Amma Ermənistan düşmənçilik siyasətindən əl çəkməyəcəyi təqdirdə, Qərbin dəstəyi heç nəyi dəyişməyəcək. Ermənistan regionda həyata keçirilən nəhəng proyektlərdən kənarda qalmaq istəmirsə, dərhal işğal etdiyi Azərbaycan torpaqlarını azad etməlidir. Əks təqdirdə, Ermənistan hələ uzun illər regionun ən kasıb dövləti olaraq qalmaqda davam edəcək.
[b]- Cənab professor, söhbətimizin axarını bir qədər dəyişmək istəyirəm. Sizcə, ziyalıların cəmiyyətin həyatındakı rolu nədən ibarət olmalıdır? Mövcud problemlərin həllində ziyalıların üzərinə hansı vəzifələr düşür? [/b]
- Əlində diplom olan hər adam ziyalı deyil. Ziyalı dünyanın işlərindən baş açmalı, ölkəsinin tarixini bilməli, öz zəkası ilə gələcəyə işıq tutmağı bacarmalıdır. Bu gün istər Türkiyə, istər Azərbaycan, istərsə də türklərin bulunduğu digər coğrafiyalarda yaşayan ziyalıların üzərinə mühüm vəzifələr düşür. Dünyada gedən amansız yarışda ziyalı ön sırada olmalı, millətinə yol göstərməlidir. Ölkəsinin problemlərinə biganə qalan, şəxsi mənafeyini ümummilli maraqlardan üstün tutan adamların ziyalı adını daşımağa mənəvi haqqı yoxdur.
[b]Seymur VERDİZADƏ [/b]