Zəlimxan Məmmədli birliklə bağlı qərar verdi: "Nəfslə yanan gözləri həqiqət adlı alov kor edər!"

img

02-01-2017 [20:11]


Zəlimxan Məmmədli, "Borçalı” Cəmiyyətinin sədri 

2016-ci il tarixə qovuşur. Bu il dünya diplomatiyanın silahla əvəzlənməsi, Orta Doğuda tökülən qanlar, Bayırbucaq, Kərkük, Mosul, Hələb qırğınları ilə, Türkiyənin hadisələrin gərginlik mərkəzinə daxil olması ilə tarixiləşməkdədir. Siyasi və hərbi güclər arasındakı strateji və taktiki xəritələri yenilənməkdə, ideoloji qütblər arasında mübarizə sərtləşməkdədir. 

Türkiyə dost bildiklərindən dostca davranış gözləsə də qarşılığını ala bilmir. Bu səbəbdən Türkiyə-Rusiya münasibətləri yeni müstəviyə qədəm qoymaqdadır. Dünyamız üçün xeyirli sonucun, Türk dünyasının və Qafqaın bu mürəkkəb proseslərdən zəfərlə çıxacağına dua edirik.

"Borçalı” İctimai Cəmiyyəti il ərzində təməl prinsiplərinə sədaqət nümunəsi göstərərək, Azərbaycan və Gürcüstanın milli maraqlarının uzlaşdırılması xəttini yürütmüş, zaman-zaman süni şəkildə Gürcüstan yetkililəri tərəfindən yaradılmış problemlərin həlli istiqamətində düzgün mövqe sərgiləmişdir. Buna baxmayaraq bəlli mərkəzlər son 100 ildə ilk dəfə ayaq üstə durmağı bacarmış təşkilat forması olan "Borçalı” İctimai Cəmiyyəti ərtafında elimizin və təşkilatın vahidliyinə xələl gətirən addım atılmışdır. 

Bütün təbəqələri bir araya yığmaq gücünə qadir olan Elat bayramının əngəllənməsi istiqamətində soydaşımın var olmasına arzulamayan, özəl çıxarılarını milli maraqların üzərində hakim görən zümrə iş birliyinə keçdilər. Həmin zümrə Elat bayramında "Türkiyə bayrağını endirin!", "Borçalı sözünü pozun!" əmri ilə komandamızın üzərinə yürüyən xatalı zehniyyətlə eyni platformu bölüşüb, ironik təbəssümlə qalib qismində poz verdilər.

Elat Komandası möhtəşəm "tavır" sərgiləyərək XXI əsr insanının sərgiləyə biləcəyi sivil protest ilə tarix yazdılar. Anlatdılar ki, bizim üçün Bayraq rəngə boyanmış əski parçasi deyildir, o bizim namusumuzdur. Bayrağa dəyən, Borçalı sözünə xor baxan göz və zehniyyət bizim dostumuz ola bilməzlər.

 Bu gün nəfsin eşqi ilə alışıb yanan gözləri sabah həqiqət adlı alov kor edər! Zaman ən böyük hakimdir.

Ən son - 25 dekabr həmrəylik-dayanışma bayramı da artıq tarixə yazıldı. Türkiyə Cumhurbaşkanı səlahiyyətlisi Yalçın Topçu cənabları Borçalı türkü deyərək uzun yolu yaxın elədi. Sayılıb-seçilən qonaqların şahidliyi ilə dünya və region, eyni zamanda Gürcüstan, Borçalı türkləri, Azərbaycan-Türkiyə -Gürcüstan münasibətləri ilə bağlı əhəmiyyətli mesajlar verdi. Biz də durmadıq, yola davam dedik.

Biz ayrı-ayrı qrupların öz məsləkləri və bacarıqlarına uyğun təşkilatlar qurmasını və bu quruluşlar arasında ortaq maraqlara uyğun əməkdaşlığı hər zaman təqdir etmişik.

 Artıq "Borçalı” İctimai Birliyi adlı yeni bir təşkilat var. Olsun! Bütün keçmişlərə baxmayaraq onlara çalışmaq, fədakarlıq etmək arzulayırıq. Hər uğurlarına əllərini sıxıb, alnlarından öpmək qoy bizim vəzifə borcumuz olsun.

Biz isə yeni - "Borçalı” Cəmiyyəti adlı təşkilatda yolumuzu davam etdirəcəyik. Bir-birimizə mane olmayaq. 

Millətdən çox aralı düşən zehniyyət ötən əsrin 20-ci illərində istiqlalımızın istismarı kimi milli faciəyə vəsilə oldu. XXI əsrin insanı-bizlər olub keçənlərdən düzgün nəticə çıxarmasaq tarix nə elimizi, nə dövlətimizi, nə də millətimizi əfv etməyəcəkdir.

Əziz millətimiz, fədakar eloğlularımız, soydaşlarımız birlik və sabaha inam ruhlu çağrı ilə həmrəylik gününüzü və yeni təqvim ilinizi təbrik edirik. 

Ulu Tanrı Türkiyəmizə, Gürcüstanımıza, Azərbaycanımıza, Türk dünyasına yar olsun, Azərbaycan-Gürcüstan-Türkiyə dostluğunun əbədiliyini nəsibimiz eləsin!




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA