"Atam keçmiş polis rəisi ilə evdən çıxdı və..." - Keçmiş prokurorun oğlu atasının qətlə yetirildiyini iddia edir

img

29-12-2016 [16:27]


Xızı rayonunun prokuroru olmuş Qaraxan Ağayevin ölümü ilə bağlı CM-in 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. 

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Qaraxan Ağayev keçmiş müdafiə naziri Rəhim Qazıyevin, eləcə də sabiq baş nazir Surət Hüseynovun məhkəmələrində dövlət ittihamını müdafiə etmiş şəxs olub.

Baş Prokurorluğun məlumatında deyilir ki, o, dekabrın 9-da Sabunçu rayonundakı "Küləfirəngi" restoranının qarşısında təxminən 3 metr hündürlüyündə pilləkəndən yıxılaraq xəsarət alıb. Xəstəxanaya yerləşdirilsə də, dekabrın 21-də orada vəfat edib.

Bu cinayət işini Bakı şəhər prokurorluğunun istintaq idarəsi araşdırır. Rəsmi açıqlamada Baş Prokurorluq rəhbərliyinin bu işin istintaqını nəzarətə götürdüyü bildirilir.

Sabiq prokurorun yaxınları Qaraxan Ağayevin ehtiyatsızlıqdan yıxılıb ölməsi barədə deyilənlərlə razılaşmırlar. 

Mərhumun oğlu İldırım Ağayevin fikrincə, atası qətlə yetirilib. 

Onun sözlərinə görə, ekspertiza da 58 yaşlı Qaraxan Ağayevin küt alətlə yetirilən xəsarət nəticəsində dünyasını dəyişməsi haqda rəy verib.

"Ekspertiza rəyində göstərilib ki, atama baş nahiyəsindən küt alətlə xəsarət yetirilib. Atam Sabunçudakı 3 saylı şəhər xəstəxanasında 12 gün komada oldu. Bu müddətdə onu üç dəfə əməliyyat elədilər. Həkim təcrübəlidir, bizə dedi ki, adam yıxılmaqla belə xəsarət almaz. Gərək, ən aşağısı, üçüncü mərtəbədən yıxılsın ki, baş nahiyəsindən bu dərəcədə xəsarət alsın. Üçüncü mərtəbədən yıxılan adam da təkcə başından xəsarət almaz, qolu-qıçı əzilər. Mənim atamı beşbarmaq və ya buna bənzər başqa küt alətlə başından vurub öldürüblər", - İldırım Ağayev AzadlıqRadiosu-na belə deyib.

O, atasının evdən Xızı Rayon Polis Şöbəsinin keçmiş rəisi, eyni dövrdə işlədikləri Nizami Tağıyevlə görüşmək adı ilə çıxdığını, keçmiş prokuroru xəstəxanaya da həmin şəxsin çatdırdığını sözlərinə əlavə edib.

İldırım Ağayev deyir ki, hadisə zamanı atasının cibindəki 1100 manat və mobil telefon da götürülüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA