Spikerin "Şahtan"ı və yaxud qohumları ilə İTV-də dava salan deputatla bağlı maraqlı fakt

img

25-12-2016 [23:39]


Jurnalist İmdad Əlizadə Rusiyada yaşayan və müvəqqəti işləməyə gedən azərbaycanlılara "otxod" deyərək, təhqir edən deputat Astan Şahvediyevlə bağlı "Feysbuk"da maraqlı status paylaşıb.

Mia.az jurnalistin gündəmə uyğun olan həmin statusunu təqdim edir:

"Şahtan Asverdiyevin (bu ifadənin müəlliflik hüququ Milli Məclisin sədri hörmətli Oqtay Əsədova məxsusdu. Astan Şahverdiyevə belə müraciət edirdi) öz el-obasında, qohumlar arasında olan hörmətinə dair bir fakt: 

2010-cu ilin parlament seçkiləri zamanı bir neçə qohumu Şahtan müəllimin də namizəd olduğu 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən namizədliklərini irəli sürmüşdülər. Onların İTV-dəki debatı zamanı məlum oldu ki, bu qohumlar deputat seçilmək üçün deyil, daha çox Şahtan müəllimə "ürək" sözlərini deməyə imkan qazanmaqdan ötrü seçkiyə qatılıblar.

 Efirdə və sonra İTV-nin həyətində deputat və yenidən deputat olmaq üçün namizəd olan Şahtan müəllimlə qohumları arasında baş verən dava, yəqin, çoxlarının yadındadı. Seçki oldu, Şahtan müəllim Milli Məclisdəki kreslosunu ikinci dəfə tutdu. 

Aradan 1-2 ay keçmiş olardı. Milli Məclisin iclasının birinci hissəsi bitmişdi, ikinci hissənin başlamasını gözləyirdik. Fasilə zamanı foyedə jurnalist dostlarla söhbət edirdik. Bu gəldi çıxdı, ordan-burdan uzun-uzadı danışdı, söhbət hərlənib-fırlanıb seçkinin üzərində dayandı, qohumlarının qarasına xeyli gileyləndi, onları "başdan xarab" adlandırdı, dedi ki, onların gözü məni götürmür, paxıllıq edirlər.

 Əlindəki siqaretdən dərin bir tüstü aldı, sonra siqareti barmaqlarının arasında çənəsindən yuxarı qaldıraraq üzünə müdirik bir görkəm verərək dedi: 

Onlar (qohumlarını nəzərdə tutur) heç nəyə nail olmadılar, əksinə hörmətim daha da artdı. Mən seçkidə 95 faiz (MSK-nın rəsmi məlumatında 62,14 faiz göstərilib) səs toplamışdım. Sadəcə, dedilər ki, bu qədər çoxdu, səslərimin xeyli hissəsini rəqiblərimə yazdılar". 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA