“Rəsmi adı “İslam Respublikası” olan dövlət islam düşməni ilə dost ola bilməz” - BQP-də gündəmlə bağlı iclas

img

24-12-2016 [17:22]


Böyük Quruluş Partiyasıın Başqanı, Millət vəkili Fazil Mustafanın sədrliyi ilə bu gün partiya Siyasi Qurulunun növbəti iclası keçirilib. 

Partiyadan Mia.az-a daxil olan məlumata görə, "İctimai-siyasi vəziyyət və qarşıdakı ildə partiyanın qarşısında duran vəzifələr” mövzusunda BQP Başqanı Fazil Mustafanın məruzəsinin dinlənilməsi ilə başlanan iclasda ölkə və dünya gündəmində yer alan bir sıra məsələlər müzakirə edilib.

BQP Ali Məclisinin sədri Ə.Əliyev "BQP-nin 2017-ci ilə dair fəaliyyət istiqamətləri” sənədinin layihəsi ilə iclas iştirakçılarını tanış edib. Geniş müzakirə və təkliflər nəzərə alınmaqla sənəd səsvermə yolu ilə qəbul edilib.

İclasda, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn yeni- 2017-ci il münasibətilə müxtəlif ölkələrdə yaşayan milyonlarla soydaşımıza təbrik ünvanlanıb, onlara xoş güzəran, ruzi-bərəkət, firavanlıq, əmin-amanlıq və ümumi vətənimizin əsas probleminin həllində Qələbə sevincləri arzulanıb, millətin hər bir fərdinə yeni ilin düşərli olması dilənib.

Siyasi Qurul üzvləri tərəfindən Xəzər dənizindəki faciə nəticəsində həyatını itirənlərə Allahdan rəhmət dilənib, itkin düşənlərin ailələrinin dözülməz intizarına tezliklə son qoyulması üçün dua edilib.

İclas Azərbaycan Tarif (qiymət) Şurasının 2016-cı il 28 noyabr tarixində keçirilmiş növbəti iclasında qəbul edilən qərarlarına münasibət bildirərək, onu tənqid edib: "Tarif Şurasının qərarı, xüsusilə elektrik enerjisi və təbii qazın qiymətlərində dəyişiklik edilməsi bir sahəyə deyil, vətəndaşların güzaranı ilə bağlı olan əksər sahələrə təsir edəcək, əhalinin, xüsusilə onun aztəminatlı təbəqəsinin sosial vəziyyətinə mənfi təsir etməklə bahalaşmaya gətirib çıxaracaq. Bununla yanaşı, ölkə Prezidentinin göstərişi ilə elektrik enerjisinin və təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsində hədlərin artırılması ilə bağlı müvafiq qurumun 22 dekabr 2016-cı il tarixli qərarı bu sahədəki problemin nisbətən aradan qaldırılması baxımından əhəmiyyətli olduğu vurğulanıb".

Siyasi Qurul ölkənin milli pul vahidinin sürətlə qiymətdən düşməsinə münasibət bildirib: 

"İki gözlənilməz və kəskin devalvasiyaya məruz qalmış manat dəyərini yenidən kəskin itirmək təhlükəsi ilə üzləşib. Yay aylarından başlayaraq dəyərini tədricən itirən manat valyuta bazarında son həftələr yaranmış ajiotajla gündən-günə ona edilən təzyiqlərə qarşı dirənişini itirməkdədir. Mövcud problemin həllinə strateji yanaşmanın tələb olunması, bu yanaşmanın özündə etibarlı pul-kredit və məzənnə siyasəti, aşağı və sabit inflyasiya səviyyəsi, maliyyə bazarının genişlənməsinin ehtiva edildiyi qeyd edilməklə bərabər, mövcud subyektiv nöqsanların da aradan qaldırılması" vurğulanıb: "Valyuta dəyişmə məntəqələrinin ləğv edilməsi və xarici valyutaların qeyri-rəsmi dövriyyəsinə şərait yaratmaqla qara bazarın getdikcə "çiçəklənməsi” bu bazarla əlaqəli olan işbazların işinə yaradı. Ehtiyacı olan insanlar isə minimal ehtiyaclarının məbləğində valyuta dəyişməkdə çətinliklə üzləşməkdədirlər. Ölkənin maliyyə bazarına nəzarət edən orqanlar, aidiyyatı qurumlar yarıtmaz vəziyyətin aradan qaldırılması üçün təsirli tədbirlər görməlidirlər”.

İclas, İran Prezidenti H. Ruhaninin ilk rəsmi səfərini Ermənistana etməsini kəskin tənqid edib:

"lslami prinsiplərlə idarə olunduğunu, şiəliyin mərkəzinə iddiallılığını hər məqamda dilə gətirən İranın hazırkı siyasəti onun gerçək İslam dövləti olmadığının sübutudur: Çünki, müsəlman torpaqlarını (həm də əhalisinin əksər hissəsi şiə inancına sahib olan) qəsb etmiş, dindaşlarına qarşı görünməmiş vəhşiliklər, soyqırımlar törətmiş, dini ibadətgahları, məscidləri, qəbristanlıqları dağıtmış və işğalçılıq siyasətindən bu gün də bir addım geri çəkilməyən bir dövlətlə isti münasibətlərin qurulması, qəsbkara maddi, iqtisadi, siyasi dəstək verilməsi rəsmi adında "islam" sözünün yer aldığı dövlətin elan olunan prinsiplərdən uzaq olduğunun və dindən yalnız siyasi alət kimi istifadə etdiyinin göstəricisidir”.

Siyasi Qurul Rusiyanın Ankaradakı səfiri A.Karlovun öldürülməsini qətiyyətlə pisləyib: 

"Böyük Quruluş Partiyası məqsədi nə olursa olsun, terrorun bütün növ təzahürlərinə qarşıdır. Türkiyə-Rusiya münasibətlərinin normallaşmasında mühüm rol oynamış səfirin öldürülməsi şübhəsiz ki, bəsit bir terror hadisəsi yox, Türkiyənin ağır durumda buraxılmasını hədəfləyən,Türkiyə-Rusiya münasibətlərini gərginləşdirməyə yönəlik və arxasında çox ciddi niyyətlərin dayandığı geniş miqyasda rezonansa səbəb olan terror aktıdır.

Məmnunluq yaradan məqam baş verən hadisəni tərəflərin soyuqqanlı qarşılaması, onu törədənlərin öz məqsədlərinə çatmalarına fürsət verməmələridir. İstər, Türkiyə rəsmilərinin hadisə ilə bağlı vaxtında, zəruri həssaslıq nümayiş etdirmələri, istərsə də, zərərçəkən tərəf olan yüksək Rusiya məqamlarının terror hadisəsinin ilk dəqiqələrindən onu "təxribat” kimi qiymətləndirmələri, nəhayət ən sonda Rusiya prezidenti V. Putinin ənənəvi mətbuat konfransında rus hərbi təyyarəsinin vurulmasının Türkiyə rəsmiləri ilə bağlantılı olmasına dair ilkin vaxtlarda şübhələrinin olduğu, sui-qəsd hadisəsindən sonra isə bu fikirlərin əhəmiyyətli ölçüdə aradan qalxması ilə bağlı səsləndirdiyi fikirlər dəzgahlanmaq istənilən böyük oyunların pozulduğundan xəbər verir. Bu isə regionda sülhün və sabitliyin qorunması baxımından, sadiq müttəfiqimiz olan Türkiyə ilə mehriban qonşuluq münasibətində olmaqda maraqlı olduğumuz Rusiya arasında isti, etimada dayanan əməkdaşlıq mühitinin mövcud olmasının möhkəmlənməsinə xidmət edir. Belə mühitin mövcudluğu və onun xüsusi əhəmiyyət kəsb etməsi isə bölgədə hər kəsdən çox Azərbaycanın yararınadır".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA