Spikerlər Qarabağdan danışdı - Oqtay Əsədov TBMM sədini qəbul etdi (FOTO)

img

22-12-2016 [20:38]


Bu gün Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin Sədri İsmayıl Kahramanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Mia.az Milli Məclisin saytına istinadən xəbər verir ki, spiker Oqtay əsədov  TÜRKPA-nın yeni inzibati binasının açılışı ilə bağlı mərasimdə iştirak etmək üçün ölkəmizə səfər etmiş qardaş Türkiyənin Spikerinə öz dərin təşəkkürünü bildirərək deyib ki, TÜRKPA bundan sonra da parlamentlərimiz arasında əməkdaşlığın daha da dərinləşməsi istiqamətində fəaliyyət göstərəcəkdir:

"Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası, TÜRKSOY, Türk Akademiyası kimi qurumlar türk dünyasının birləşməsinə xidmət edir.  İnanırıq ki, TÜRKPA gələcəkdə digər türkdilli dövlətləri əhatə edəcək nüfuzlu bir quruma çevriləcəkdir. Bu təşkilatın digər beynəlxalq qurumlarla əlaqələrin güclənməsini təqdirəlayiq hesab edirik". 

Spiker Azərbaycan-Türkiyə münasibətlərindən söz açan Sədr dostluğumuzun sarsılmaz və daimi olduğunu bildirib. O, Türkiyədə sabitliyi pozmağa yönəlmiş xain terror aktlarını pisləyərək,  polis əməkdaşlarının və sivillərin şəhid olması xəbərlərinin azərbaycanlıları  kədərləndirdiyini deyib.

Söhbətdə əməkdaşlığımızın strateji tərəfdaşlıq səviyyəsinə  yüksəlməsində dövlət başçılarının rolu yüksək dəyərləndirildi.  Qeyd olundu ki, əlaqələrimizin inkişafına parlamentlərimiz də öz töhfəsini verməkdədir. Hər iki ölkənin qanunvericilik orqanından dostluq qrupları fəaliyyət göstərir. Qarşılıqlı səfərlər, nüfuzlu beynəlxalq qurumlarda keçirilən görüşlər münasibətlərimizi daha da dərinləşdirir. 

Söhbətdə Dağlıq Qarabağ problemindən danışan sədr bu ilin aprel ayında işğalçı Ermənistanın Azərbaycanın nəyə qadir olduğunu öz üzərində hiss etdiyini bildirdi. Qeyd edildi ki, ancaq biz problemin sülh yolu ilə həllinə tərəfdarıq. İnanırıq ki, gec-tez bu məsələ öz ədalətli məntiqi nəticəsini tapacaqdır. 

Səmimi qəbul üçün minnətdarlığını bildirən Türkiyə Böyük Millət Məclisinin Spikeri və TÜKPA-nın fəaliyyətdə olan Sədri  İsmayıl Kahraman ölkəmizə səfərindən, TÜRKPA-nın yeni inzibati binasının  açılışı mərasimində iştirakından məmnunluq duyduğunu söylədi.

 O, Azərbaycan Prezidentinə və dövlətinə TÜRKPA-ya göstərdikləri qayğıya və dəstəyə görə minnətdarlığını bildirdi. Qonaq TÜRKPA-nın gələcəkdə türkdilli ölkələrin haqq səsinin dünya miqyasında eşidilməsi işinə layiqli töhfə verəcəyinə inamını ifadə etdi. Təşkilata gələcək fəaliyyətində uğurlar arzuladı. 

Türkiyə-Azərbaycan münasibətlərinə toxunan İsmayıl Kahraman Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu, Azərbaycan tərəfindən də qarşılıqlı şəkildə bu dəstəyin daim hiss etdiklərini söylədi. Bölgədəki vəziyyətdən söz açan qonaq  Türkiyədə terror aktlarının arxasında dayanan qüvvələrin öz niyyətlərinə çata bilməyəcəklərini vurğuladı. 

Söhbətdə qonaq münasibətlərimizin həyatın bütün sahələrində yüksək səviyyədə olduğuna diqqət çəkdi. Bildirildi ki, dövlət başçılarımız arasındakı səmimi münasibət iqtisad əlaqələrimizə də öz müsbət təsirini göstərir. Bu gün Türkiyədə  Avropa ilə Asiyanı birləşdirəcək infrastruktur layihələrin reallaşması üçün gərəkli addımlar atılır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum  kimi neft və qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin çəkilişi ölkələrimizin regionda nüfuzunu daha da artırmışdır. TANAP və TAP kimi qaz layihələrinin gələcəkdə reallaşması isə xalqlarımızın rifahına xidmət edəcəkdir. Sözsüz ki, əldə etdiyimiz nailiyyətlər bədxahlarımızı narahat edir. Bütün bunlara baxmayaraq, Azərbaycan və Türkiyə ümumi məqsədlərə doğru inamla addımlayır. 

İsmayıl Kahraman Dağlıq Qarabağ məsələsində Türkiyənin hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini söyləyərək, problemin tezliklə öz həllini tapacağına inamını ifadə etdi. 

Söhbətdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Görüşdə Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev, Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Əhliman Əmiraslanov, deputatlardan Cavanşir Feyziyev, Malik Həsənov, Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral və digər rəsmi şəxslər iştirak edirdilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA