"Bu, bizə qarşı olan xəyanətdir" - Partiya sədrindən Qarabağla bağlı yeni təklif

img

22-12-2016 [16:02]


Bir neçə gün öncə Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun öldürülməsinə münasibət bildirən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib ki, Əgər Azərbaycana qarşı ədalətli mövqe tutarsa, Ermənistanın işğalçılıq siyasətini pisləyərsə, Azərbaycana ən yaxın ölkə Rusiyadır və Azərbaycan müxalifətinin rus düşmənçiliyi yoxdur. 

Belə olan təqdirdə Azərbaycanda rus müxalifəti ilə əməkdaşlıq edən təşkilatların olduğunu söyləmək olarmı? Ümumiyyətlə, Azərbaycan müxalifətinin rusiyalı demokratlarla əlaqəsi varmı?

Bu mövzu ilə bağlı Müasir Musavat Partiyasının sədri Hafiz Hacıyev öz fikirlərini PİA.AZ-ın əməkdaşı ilə bölüşüb.

Gələn ildən rus müxalifəti ilə görüşəcəyini bildirən Hafiz Hacıyevə görə, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Rusiyanın siyasi qüvvələri ilə daha çox yaxınlaşmalıdır: "Azərbaycanda rus müxalifəti ilə əməkdaşlıq edən təşkilatın olduğunu düşünmürəm. Amma şəxsən mən Rusiyanın bütün siyasi qüvvələri ilə danışıqlar aparmağa hazıram.Biz düşmən mövqeyini sona qədər də sərgiləyə bilmərik. Biz 24 ildir düşmən mövqeyində durduğumuza görə Dağlıq Qarabağ məsələmiz Rusiya tərəfindən həll olunmur. Dağlıq Qarabağın açarı Rusiyanın əlindədir. Biz ATƏT-də, Avropada, Qərbdə özümüzə dost axtarmamalıyıq. Dağlıq Qarabağın azad edilməsini onlardan gözləməməliyik. Biz Rusiya ilə dil tapıb əməkdaşlıq etməyi bacarmalıyıq. Rusiya müzakirələr əsasında rayonların qaytarılması fikirini irəli sürmüşdü. Ancaq bizim xarici işlər sahəsinə baxan rəhbərlik bu yöndə heç bir addım atmır. Bəlkə də bu bizə qarşı olan xəyanətdir. Azərbyacanda Rusiya yönlü siyasətçilər yoxdur. Ancaq bu o demək deyil ki, heç vaxt da ola bilməz.

Əgər lazım olarsa, mən Rusiyanın bütün siyasi qüvvələri ilə dialoqa girə bilərəm və Dağlıq Qarabağ məsələsini müzakirə edə bilərəm. Necə olur ki, Jirinovski Türkiyədə Ərdoğanla bütün məsələləri müzakirə edə bilir, amma Hafiz Hacıyev Moskvada Putinlə bu məsələləri müzakirə etməsin. Mənə Dağlıq Qarabağ lazımdır. Bu problemin həlli Rusiyadadır. Rusiya istənilən anda Dağlıq Qarabağı Azərbaycana qaytara bilər. Mən çalışacam ki, gələn ildən Rusiyanın siyasi dairələri və partiyaları ilə əlaqə yaradım, bu məsələləri onlarla müzakirə edim. Rusiya axtardığını Azərbaycanda tapa bilmir. Bu baxımdan Sərdar bəyin fikiri ilə razıyam. Rusiya Azərbaycanda elə insanlara orden verir ki, həmin insanların xalq arasında heç bir nüfuzu yoxdur və o insanlarla heç bir iş görmək olmaz. Məsələn, baş nazirin müavininə orden verməyin nə xeyiri var? Onların xalq arasında nüfuzu yoxdur. Əksinə xalq bundan qıcıqlanır. Rusiya gərək Azərbaycanda siyasi partiyalarla iş qursun. Ona görə ki, siyasi partiyaların ətrafında böyük kütlə var. Bu kütlə sayəsində Rusiya ilə müəyyən razılıqlara gəlmək olar”.

Azərbaycan müxalifətinin rusiyalı demokratlarla əlaqəsi məsələsinə gəlincə, Partiya sədri Azərbaycan müxalifətinin rus demokratlarla əlaqəsinin olmasını zəruri hesab edir: "Fikrimcə, Azərbaycan müxalifətinin rusiyalı demokratlarla əlaqəsi yoxdur. Azərbaycan müxalifətinin dədəsi də, anası da mənəm. Şəxsən mənim rus demokratlarla əlaqəm olmayıb. Dəfələrlə bu fikirdə olmuşam, amma xalqımızın bunu yanlış anlayacağını düşündüyümə görə hansısa addım atmamışam. Ancaq 2017-ci ildə Rusiyanın müxalif partiyaları ilə görüşlərim təşkil olunacaq. Elə Jirinovski ilə də görüş nəzərdə tutulur. Fikrimcə, Jirinovski də Dağlıq Qarabağ məsələsində Azərbaycana müəyyən qədər kömək edə bilər. Çünki Jirinovskinin Rusiyanın elitar dairələrində böyük nüfuzu var. Biz Qərbdə, Avropada özümüzə himayədar axtarmamalıyıq. Bu işi elə öz qonşu ölkəmizlə həll etməliyik”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA