Millət vəkili Fəzail Ağamalı fəlakət zonasında olub

img

24-05-2010 [06:40]


Ana Vətən Partiyasının (AVP) sədri, 60 saylı Salyan-Neftçala seçki dairəsindən millət vəkili seçilən Fəzail Ağamalı sel fəlakəti ilə əlaqədar Salyan-Neftçala rayonlarının Kürətrafı kəndlərinə səfər edib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, sel fəlakəti ilə əlaqədar Kürətrafı kəndləri gəzən Fəzail Ağamalı Salyan rayonun Çuxanlı, Piratman Gəncəli, Təzəkənd, Qarabağlı, Gomuşçu, Kərimbəyli, Qaraçala, Pambıqkənd və Neftçala rayonunun Aşağı Surra kəndlərində möcvud vəziyyətlə tanış olub. Millət vəkili Fəzail Ağamalı Kürün yaratdığı təbii fəlakətlə bağlı yenidən Salyan və Neftçala rayonlarında olmuş, rayon icra hakimiyyətinin rəsmiləri ilə birlikdə fəlakətdən ziyan çəkən əhali ilə görüşlər keçirmişdir. Görüş və müşahidə zamanı millət vəkilinin diqqətinə çatdırlıb ki, yaranmış ekoloji gərginliyin aradan qaldırılması istiqamətində Fövqaladə hallar nazirliyinin və Salyan rayon icra hakimiyyətinin səyləri və gərgin əməyi nəticəsində Kürətrafı kəndlərində fəlakətin qarşısı alınmış, subasmalara imkan verilməmişdir. Bununla bərabər Kürün daşması nəticəsində Salyan rayonunun Çuxanlı, Piratman Gəncəli, Seydan, Qarabağlı, Gomuşçu, Qaraçala, Kərimbəyli, Pambıqkənd, Noxudlu kəndlərində sakinlərin evləri ilə yanaşı, fərdi təsərrüfatlarına da ciddi ziyan dəyib. Qısa zamanda dövlət qurumları yaranan problemi aradan qaldırılması istiqamətində təbii fəlakət nəzarət altına alınıb və rayon icra hakimiyyətinin və fövqəladə hallar nazirliyinin strukturları prosesi nəzarət altında saxlamaqda davam edir. Əhali ilə görüşən millət vəkili F.Ağamalı onların diqqətinə ölkə prezidenti İlham Əliyevin baş vermiş təbii fəlakətlə bağlı həyata keçirdiyi tədbirləri çatdırdı və vurğuladı ki, əgər Prezident İlham Əliyevin ekoloji fəlakətin nəticələrinin aradan qaldırılması və gələcək təhlükələrin qarşısının alınması üçün dərhal ciddi addımlar atmasaydı o zaman fəlakətin miqyası daha ağır ola bilərdi. Səfər zamanı bəlli oldu ki, Salyan rayonunda suyun əvvəlki səviyyəsindən 2 metr yuxarı bənd hazırlanıb. Daşqın və sel nəticəsində Salyan rayonunda 3000-ə yaxın ev ziyan görüb. Bununla yanaşı, 59 ev uçub, 228 ev qəzalı vəziyyətə düşüb. Qrunt sularının artması nəticəsində vəziyyət ağır olan ərazilərdə sakinlər köçürülüb. Ümumilikdə daşqında 5 məktəb, 3 uşaq bağçası və bir xəstəxana ziyan çəkib. 550 ha əkin və örüş sahəsi yararsız hala düşüb. Fövqaladə hallar nazirliyinin, rayon icra hakimiyyətinin başçılığı ilə idarə, müəssisə və təşkilatlarının, eləcə də, əhalinin gücü ilə genişmiqyaslı işlər aparılıb. Bütövlükdə daşqın və sel nəticəsində Salyan şəhəri və 19 kəndə ziyan dəyib. Kürdə suyun səviyyəsinin artması Neftçala rayonunda da təhlükəli olmayan bir sıra problemlər yaradıb. Rayonun Kürboyu ərazilərində operativ tədbirlər görülüb. Burada ümumi uzunluğu 123 km olan Neftçala rayonunun 21 kəndini əhatə edən 35900 nəfər əhalinin yaşadığı Kürboyu ərazilərin sağ və sol sahillərində mövcud bəndlərin təhlükəli vəziyyətdə olan 62,5 km hissəsində Fövqaladə hallar nazirliyinin, Azərbaycan Dövlət Neft Şirkətinin, rayonun idarə, müəssisə və təşkilatlarının, eləcə də, yerli əhalinin gücü ilə genişmiqyaslı işlər aparılıb. Bəndvurma, bəndüstələmə, torpağın kisələrə doldurulması və bərkidilməsi işləri həyata keçirilib. Neftçalanın Aşağı Surra kəndinə də baş çəkən millət vəkili burada da vəziyyətlə və əhalini narahat edən məsələlərə maraqlanıb. Hazırda Salyan rayonunun Kürətrafı kəndlərində vəziyyət stabil olsa da təbii fəlakət bölgə əhalisinin təhlükəsiz həyat şəraiti üçün qayğılarını artırıb. Salyan və Neftçala rayonlarının Kürətrafı kəndlərində qrunt sularının səviyyəsi xeyli qalxıb. Çay boyu ərazilərdə qrunt sularının üzə çıxması isə həyətyanı sahələri subasmaya məruz qoyub. Qrunt suları basan evlərdə problemlərin qarşısı alınmasa vəziyyət daha da çətinləşə bilər. Yoluxucu xəstəliklərin yayılmasına imkan verməmək üçün Kürətrafı kəndlərində qurunt sularının təmizlənməsi işinə və dərmanlanmalarına xüsusi diqqət yetirilməlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA