"Müsavat bütün resurslarına görə AXCP-dən daha güclü təzkilatdır"

img

30-05-2010 [01:15]


[b]Arif Hacılı: "Bizim cəmiyyətdə nüfuzumuz çoxdur, AXCP-dən güclü struktura malikik, Müsavatın rəhbərliyinə daxil olan şəxslər AXCP-nin rəhbərliyindəkilərdən daha ciddi təsir imkanlarına malikdirlər" [/b] Neçə müddətdir ki, Müsavat Partiyası müxalifətdəki digər qüvvələrin, daha dəqiqi, "Azadlıq" blokundakı partiyaların hədəfinə çevrilib. Müsavat hakimiyyətin maraqlarına xidmət etməkdə, müxalifətin birliyinin yaranmamasına çalışmaq da ittiham olunur. Bu ittihamların ən sərt forması isə Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev tərəfindən səsləndirilir. "Reytinq"ə müsahibə verən Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı isə deyilənləri təkzib edərək, qarşı tərəfin hakimiyyətə işlədiyini və müxalifəti parçalamağa çalışdığını bildirdi: - Bəzi müxalifət partiyaları özlərinin gizli arayışlarında yazdıqları kimi, hakimiyyət elitasını yox, müxalifət elitasını dəyişdirmək uğrunda mübarizə aparırlar. Bu istiqamətdə həm cəmiyyətə mesajlar verir, həm də hakimiyyətlə əməkdaşlıq edirlər. Nəzərə alsaq ki, Azərbaycanda müxalifət elitası Müsavat və AXCP-dir, ona görə də bu təşkilatlara qarşı özünü müxalifət adlandıran bəzi qüvvələrin ardıcıl və sistemli fəaliyyət göstərməsi kifayət qədər təbii görünür. Hesab edirəm ki, Əli Əliyevin və onun təşkilatının mahiyyətinin nədən ibarət olması AVCİYA təşkilatının buraxdığı braşurada, VİP-in ofisindən göndərilmiş sənəddə özünü göstərib. Bu insanların məqsəd və məramının nədən ibarət olması Azərbaycan cəmiyyətinə məlum olub. Əgər Əli Əliyevin az da olsa, özünə hörməti olsaydı, bu sənəd ortaya çıxandan sonra siyasətdən gedərdi. [b]- Arif bəy, o ittihamlarla razısınızmı ki, Müsavat müxalifətdə parçalanmaya xidmət edir? [/b] - Müsavat Azərbaycanın bütün aktual problemləri ilə ardıcıl şəkildə məşğul olan bir təşkilatdır. Hər il dövlət büdcəsi müəyyənləşərkən, biz, yeganə siyasi qüvvəyik ki, burada olan korrupsiya və rüşvətxorluqla bağlı məqamları ortaya qoyuruq. Qarabağ məsələsində də hakimiyyətin apardığı xalqazidd siyasət Müsavat Partiyası tərəfindən ifşa olunur. Müsavat Əli Əliyevin təşkilatından fərqli olaraq, hakimiyyətin layihələrində iştirak etmir. Yəni, bütün bunların müqabilində Müsavatı hakimiyyətlə əlbir olmaqda ittiham etmək ləyaqətsizlikdir. [b]- Müsavat həm də "Azadlıq" blokundakı partiyalar arasında nifaq salmaqda, AXCP, VİP və ALP arasında... [/b] [i]- (Sözümüzü kəsərək)[/i] Mənə elə gəlir ki, "Azadlıq" blokundakı təşkilatların bəzilərinin hansı "məramlar"a xidmət göstərdiyi qeyd etdiyim yazıda sübuta yetirildi. Elə bil ki, Allah bu adamlara qənim oldu. Onların məqsəd və məramları üzə çıxdı. Əli Əliyevin adından çap olunmuş həmin sənəd həm hakimiyyətin, həm də "Azadlıq" blokunda olan, konkret olaraq VİP-in Azərbaycan siyasətində oynadığı çirkin rolu ortaya qoydu. Biz, AXCP-nin bu qüvvələrlə bir arada olmasını təəssüflə qarşılayırıq. Amma bu, onların öz işidir. Hesab edirik ki, bundan ən çox əziyyət çəkən də AXCP-dir. AXCP özünü Azərbaycanın ən radikal müxalifəti kimi təqdim edir, o partiyaya yaxın olan mətbu orqanlar və funksionerlər isə Müsavatı radikal olmamaqda ittiham edirlər. Ancaq ən yaxın müttəfiqləri olan partiyalar, məsələn, Azərbaycan siyasətçiləri üçün test olan "Dubay mülkləri" məsələsində tamamiylə susdular. Hörmətli Elnur Astanbəylinin yazdığı kimi, bu məsələdə Əli Əliyevin mövqeyi Əli Həsənovun mövqeyindən fərqlənmədi. Yəni, belə prinsipial məsələlərdə hakimiyyətə dəstək verən qüvvələrlə birlikdə olub Müsavatı hakimiyyətə yaxın olmaqda ittiham etmək heç kimə xeyir gətirmir. [b]- Müsavata qarşı ittihamlar ALP-nin sədr əvəzi Əvəz Temirxan tərəfindən də səsləndirilir... [/b] - Mən, qeyd etdiyiniz şəxsin fikirlərini şərh etmək istəmirəm. [b]- Niyə ki? [/b] - Mənə elə gəlir ki, o, öz mahiyyətini Azərbaycan cəmiyyətinə kifayət qədər açıqlamış şəxsdir. Hesab edirəm ki, onun Müsavat qarşı mövqeləri nə qədər kəskin olarsa, bizə daha çox xeyir edər. Ona görə də, qoy, bu ruhda davam etsin. [b]- Müxalifətin bir araya gəlməsi istiqamətində təkliflər səslənir, amma Müsavat şərtlər irəli sürür... [/b] - Tamamiylə yanlış fikirdir və heç bir əsası yoxdur. Çünki Müsavat heç bir şərt irəli sürmədən Xalq Cəbhəsi Partiyası ilə müzakirələrə başlamağa hazırdır. Bizim də müttəfiqlərimiz var. Hesab etmirəm ki, bizim müttəfiqlərimiz AXCP-nin yanında olan partiyalardan zəifdir. Əksinə, bizim müttəfiqlərimizin xidmət etdiyi mənəvi dəyərlər onlarınkından üstündür. Ancaq biz, heç bir müttəfiqimizlə "mütləq əlaqə yaratmalısan",- şərtini irəli sürmürük. Əslində şərt irəli sürən qarşı tərəfdir. Biz, Müsavat Partiyası olaraq, DUİ tərəfindən irəli sürülmüş Müsavat-"Azadlıq"-DUİ formatında müzakirələrə başlamağa hazır olduğumuzu bildirdik, ancaq "Azadlıq" bloku bundan imtina etdik. 2005-ci ildən bu yana səngimək bilməyən şər-böhtan kampaniyasına baxmayaraq, biz, müxalifətin bir araya gəlməsi istiqamətində öz addımlarımızı atmaqda davam etdirik. [b]- AXCP ilə münasibətləri niyə qaydasına qoymaq mümkün olmur? [/b] - AXCP ilə əməkdaşlıq etməkdə maraqlı olduğumuzu dəfələrlə bəyan etmişik. Şəxsən mən, hesab edirəm ki, Müsavat bütün resusrlarına görə AXCP-dən daha güclü təşkilatdır. Yəni, bizim cəmiyyətdə nüfuzumuz çoxdur, AXCP-dən güclü struktura malikik, Müsavatın rəhbərliyinə daxil olan şəxslər AXCP-nin rəhbərliyindəkilərdən daha ciddi təsir imkanlarına malikdirlər, beynəlxalq aləmdə biz daha ciddi qəbul olunuruq. Amma bütün bunlara baxmayaraq, biz heç bir şərt irəli sürmədən onlarla tam və bərabərhüquqlu əməkdaşlıq etmək niyyətimizi bəyan etdik. AXCP isə bu təklifi müzakirə etməyi belə lazım bilməyib. Hazırda Azərbaycanda seçkilərlə əlaqədar yeganə birlik Müsavat Partiyası ilə DUİ formatında həyata keçirilir. Belə olan məqamda Müsavatın şərt irəli sürdüyünü demək ədalətsiz mövqedir. Biz, sadəcə, müxalifət olmayan, ancaq özünü müxalifət adlandıran, Azərbaycana dost olmayan ölkələrin göstərişi ilə və ya hakimiyyətin sifarişi ilə müxalifətin ümumi birliyinə soxulmağa çalışan siyasi qüvvələrlə bir arada olmaq istəmirik və bir arada olmayacağıq da. [b]- DUİ ilə niyyət protokolu imzaladınız, amma bunun arxası gəlmədi. Hansısa addımlar atılır, yoxsa... [/b] - Hazırda seçkidə əməkdaşlıq məsələlərində, hətta dairələr üzrə namizədlərin müəyyənləşdirilməsini DUİ ilə müzakirə edirik. Hazırda Azərbaycanda başqa hər hansı belə birlik mövcud deyil. [b]- Bəs, seçki bloku kimi prosesə qoşulmaq barədə qərar varmı? [/b] - Bu, həm Müsavat Partiyasının, həm də DUİ-nin seçdiyi siyasi taktikadan asılı olacaq. İstənilən halda, seçkilərdə siyasi müttəfiq kimi iştirak etmək niyyətindəyik. Oxşar birliyin yaradılmasını AXCP-yə də təklif etmişik. [b]- Acınacaqlısı odur ki, əgər bir müddət əvvəl müxalifət nümayəndələrinin ittihamları hakimiyyətə yönəlik idisə, indi mübarizə daxili müstəviyə keçib, yəni, müxalifət özü ilə dartışır... [/b] - Müxalifət özü ilə dartışmır. Özünü müxalifət adlandıranların bəzisi xarici ölkələrin, bəzisi də hakimiyyətin təsiri altında olan qüvvələrdir və müxalifətə qarşı mübarizə aparırlar. Əli Əliyevin adından dərc olunan məqalədəki kimi desək, onlar müxalifətin elitasını dəyişdirmək üçün hakimiyyətlə işbirliyindədir və nəticə etibarı ilə psevdomüxalifət qüvvələri guya müxalif qüvvələr arasında birliyin olmaması görüntüsünü yaratmaqla məşğuldur. [b]- Siz də müxalifəti ittiham edirsiz, hakimiyyət... [/b] [b]- (Tələsik)[/b] Siz mənə müxalifətlə bağlı sual verirsiniz deyə müxalifət haqqında danışıram. Hakimiyyətlə bağlı sual verin, mən də cavablandırım. Deyirəm ki, hakimiyyətin yanlısı olan "müxalifət" qüvvələri müxalifətin parçalanması görüntüsünü yaradır, elə hakimiyyət də bu işi görür,- deməkdir. Özünü müxalifət adlandıran qüvvələri hakimiyyət müdafiə etməsə, onlara deputat mandatı verməsə, yaxud deputat mandatı boyun olmasa, o siyasi qüvvələr müxalifətiçi təxribatçı mövqelərindən çıxış etməzlər. Təbii ki, bu işlərin arxasında hakimiyyət dayanır. Bir də ki, o qüvvələri siz müxalifət adlandırırsınız, biz onları müxalifət hesab etmirik. Konkret olaraq, mən, Əli Əliyevin təşkilatını müxalifət saymıram. [b]- Müxalifətdaxili vəziyyəti analiz etdiniz. Bəs, hakimiyyətin vəziyyəti necədir? [/b] - Hakimiyyət cəmiyyət içərisində heç bir nüfuza malik deyil. Onların parlamentə saxtakarlıq yolu ilə daxil etdiyi şəxslərin mütləq əksəriyyəti seçicilər tərəfindən ikrah hissi ilə qarşılanır. Düşünürəm ki, hakimiyyət seçkilərə yox, saxtakarlığa hazırlaşır. Ona görə də ölkədə sərbəst toplaşmaq hüququnu faktiki olaraq ləğv edib, seçki komissiyalarını öz nəzarətində saxlamaqda davam edir və normal seçki prosesinin getməsinə mane olur. Cəmiyyətdən səs almamış, hakimiyyətə müti olan, bugünkü monarxiya rejiminin ömrünün uzadılmasında maraqlı şəxslərin parlamentdə əksəriyyət təşkil etməsinə nail olmaq hakimiyyətin əsas məqsədidir. [b]- Başqa mövzuya keçmək istərdim. Son dövrlər Müsavat başqanlığı uğrunda gizli mübarizənin getdiyi bildirilir. Siz də iddialı şəxslərdən sayılırsınız. Belə bir mübarizə gedirmi və Siz də bu mübarizəyə qoşulmusunuzmu? [/b] - Müsavat Partiyası daxilində başqanlıq uğrunda heç bir mübarizə getmir. Siz bizi yaxşı tanıyırsınız. Biz hansısa məsələ ilə əlaqədar seçki kampaniyası aparanda onun əks- sədası hətta ölkənin hüdudlarını aşır. Ona görə də bizim hansısa kampaniya aparmağımız barədə deyilən fikirlər yanlışdır. Biz hazırda bütün diqqətimizi seçki kampaniyasına yönəltmişik. Hesab edirik ki, Müsavat Partiyasının qarşısında duran bir nömrəli vəzifə seçki kampaniyasında mobil bir siyasi qüvvə kimi iştirak etməkdir. Ondan sonrakı mərhələlərdə də Müsavat Partiyası Azərbaycandakı bir çox məsələlərdə presedent, demokratik ənənələr yaratdığı kimi, başqan seçkisi prosesində də yeni ənənələr yaradacaq və Azərbaycan cəmiyyətinə nümunə olacaq. Hesab edirəm ki, bu prosesin müəyyən fəsadları olsa da, nəticə etibarı ilə həm Müsavat Partiyasına, həm başqana, həm Müsavatda olan, hətta bir-biri ilə rəqabət aparan şəxslərə, eləcə də Azərbaycana xeyirli, uğurlu olacaq. [b]- Ancaq Sizi nəzərə alaraq, mübarizənin başladığını, Müsavatdaxili qruplaşmalarla danışıqlar aparıldığını, hətta təbliğat üçün mətbu orqan açıldığını da bildirirlər... [/b] - Azərbaycanda müxtəlif dövrlərdə fəaliyyət göstərən 20-yə yaxın qəzetin açılmasını mənim adımla bağlayıblar. Həqiqətən də mən xeyli qəzetlərin açılmasında bu və ya digər şəkildə iştirak etmişəm. Ancaq qəzetin açılmasının Müsavat Partiyası daxilində gedən başqanlıq rəqabəti ilə bağlı olması barədə deyilənlər çox nadan fikirlərdir. Ona görə də bunu ümumiyyətlə, şərh etmək istəməzdim. [b]- Bəs, partiya daxilində gizli danışıq aparmaq barədə deyilənlər necə? [/b] - Mən, Müsavat Partiyasının rəhbər şəxslərindən biriyəm. Faktiki olaraq, Müsavat Partiyasının əsas icra funksiyasının həyata keçirilməsinə rəhbərlik edirəm. Bu baxımdan, mənim partiyanın sıravi üzvlərindən tutmuş, rayon təşkilatlarına kimi hamı ilə əlaqəm mütəmadi xarakter daşıyır. Yəni, mənim kimlərləsə hansısa məsələ ilə əlaqədar xüsusi görüşlər keçirməyimə ehtiyac yoxdur. Mən partiyada peşəkar siyasətçi kimi fəaliyyət göstərirəm. Başqa bir işim yoxdur, bütün həyatım partiyanın işinin təşkil olunmasına yönəlib. Hansısa fərqli bir iş aparmağım barədə deyilənlər isə yanlışdır. [b]- Zənnimcə, başqanlığa iddianızı ortaya qoyacaqsınız. Öyrənmək istərdim ki, bu mübarizədə özünüzə rəqib görürsünüzmü? [/b] - Yalnız mətbuatda belə fikir səslənir ki, guya mən başqanlıq uğrunda mübarizəyə qoşulmuşam, guya ortaya iddia qoymuşam. Heç bir iddiam yoxdur və hesab edirəm ki, bu məsələlər parlament seçkiləri bitdikdən, qurultayın günü bəlli olduqdan sonra müəyyənləşməlidir. Başqanlığa namizəd olub-olmayacağım barədə qərarımı isə seçkilərdən sonra həmin siyasi şəraitə uyğun olaraq verəcəyəm. Hesab etsəm ki, namizədliyimin irəli sürülməsi Müsavat Partiyasının və Azərbaycan cəmiyyətinin mənafelərinə uyğundur, namizədliyim olacaq, əks təqdirdə yox. [b]Zaur ƏHMƏD [/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA