“Azərbaycan prezidenti ilə Avropa və ABŞ-dakı siyasi dəyişiklikləri müzakirə etdik” - ABŞı diplomatı

img

15-12-2016 [18:38]


"Azərbaycan prezidenti ilə Avropa və ABŞ-dakı siyasi dəyişiklikləri müzakirə etdik”.

Bu sözləri ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi Amos Hokştayn Bakıda keçirdiyi mətbuat konfransında deyib. 

O bildirib ki, ABŞ Cənub Qaz Dəhlizi layihəsinin reallaşmasına bağlılığını ifadə edir: "ABŞ Cənub Qaz Dəhlizinin reallaşması istiqamətində səylərini davam etdirəcək. Bu, Azərbaycan üçün vacibdir, eyni zamanda Avropada enerji və siyasi təhlükəsizliyi təmin edən layihələrdən biridir. ABŞ bu layihəni BTC qədər strateji layihə hesab edir və eyni əhəmiyyətə malik olduğunu düşünür".

İtaliyada Cənub Qaz Dəhlizinin həyata keçirilməsində yaranan problemlə bağlı sualı cavablandıran qonaq qeyd edib ki, bu, ambisiyalı və bir çox ölkələri əhatə edən layihədir: "Ümumiyyətlə, belə çoxtərəfli layihələrin icrası zamanı müxtəlif mərhələlərdə yerli icmalar, siyasətçilər tərəfindən müəyyən çətinliklər yaradıla bilər. Əsas məsələ odur ki, birgə səylər və əməkdaşlıq şəraitində bu çətinlikləri aradan qaldıraq. Layihə tərəfdaşlarının iştirakı ilə konsorsium əsasında bu problemləri aşa bilərik”.

A. Hokştayn bəyan edib ki, Azərbaycan və ABŞ təkcə yaxın dost deyil, həm də strateji tərəfdaşlıq münasibətlərinə malikdir: "Bu münasibətlər bir çox sahələri əhatə edir".

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA