Ali Məhkəmə Kərəm Həsənovun keçmiş əməkdaşını həbsdən buraxdı - "MTN işi"

img

06-12-2016 [12:37]


Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) özbaşnalığının qurbanı olmuş və Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə şərlənib həbs edilən Mətləb Mustafayev barədə verilmiş kassasiya şikayəti təmin olunub. Bakı Apellyasiya Məhkəməsinin qərarı ləğv edilib.

Mia.az xəbər verir ki, bu baradə vətəndaşın vəkili Adəm Məmmədov "Feysbuk"dakı səhifəsində açıqlama verib.

Onun sözlərinə görə, Mustafayev Mətləb Nəriman oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, Nəsimi rayon Məhkəməsinin 24 aprel 2015-ci il tarixli hökmü ilə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının başlanğıcı 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdi:

"O zaman hökmdən narazı qalan müdafiə tərəfi apellyasiya şikayəti versə də, Bakı Apellyasiya Məhkəməsi Nəsimi rayon Məhkəməsinin hökmünü qüvvədə saxlamışdı.

Hüquqlarını müdafiə etdiyi şəxs odlu silahı qanunsuz olaraq əldə etmə, daşıma, gəzdirmə və yaşadığı mənzildə saxlamaqda təqsirləndirilirdi. İstintaq sənədlərində Mustafayev Mətləb Nəriman oğlunun odlu silah və döyüş sursatının qanunsuz dövriyyəsi ilə məşğul olan İran İslam Respublikasının vətəndaşı Rza adlı şəxslə əlaqələrinin olduğu göstərilib".

Onun sözlərinə görə, Mustafayev Mətləb Nəriman oğlunu 11.09.2014-cü il tarixdə Saray qəsəbəsində bağ evində olan zaman Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tutub, əllərinə qandal taxaraq, tapançanı onun barmaqlarına toxundurublar: "Hüquqlarını müdafiə etdiyim şəxsin təqsirləndirilməsinə dair cinayət işi istintaq tərəfindən yalan və saxta faktlar əsasında qurulmuşdu. Nəsimi rayon məhkəməsi və Bakı Apellyasiya Məhkəmələri tərəfindən işə baxılarkən məhkəmə iclaslarında hakimlərin heç biri cinayət işində olan pozuntulara və işin saxta və yalan məlumatlar əsasında qurulmasına diqqət yetirmədilər”.

APA isə məlumat verir ki, M. Mustafayev Əmlak Məsələləri Üzrə Dövlət Komitəsinin əməkdaşı olub. M. Mustafayevin MTN-də 31 il xidmət etmiş qardaşı, polkovnik Malik Mustafayev onun həbsindən bir neçə gün sonra özünü asaraq, intihar edib. 

MTN-in Antiterror Mərkəzinin sabiq rəisi Elçin Quliyev və onun müavini İlqar Əliyevin (təcridxanada intihar edib) Mətləb Mustafayevdən başqalarının əleyhinə ifadə almağa çalışdıqları bildirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA