«Prezident olanda, onları təpəsiaşağı asacağam» - Ziya Məmmədovla Heydər Əsədova sərt mesaj

img

23-11-2016 [15:46]


«Bu gün ətin və digər məhsulların qiymətinin artırılması ölkədə narazılığı kritik həddə çatdırmağa hesablanıb».

Bu fikirləri mia.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev səsləndirib. O bildirib ki, bütün bunlar kənd təsərrüfatı naziri Heydər Əsədovun yürütdüyü siyasətlə bağlıdır: 

«Adama nə qədər söz demək olar, nə qədər tənqid etmək olar. Ölkə onun əlindən qan ağlayır, amma Heydər Əsədovun tükü də tərpənmir. Yəqin ki, bu adamlar millətin indiki passivliyinə arxayındırlar. Mən bilmirəm bu camaat nəyi gözləyir. Bu gün ətin, südün, yağın qiyməti qalxıb, yumurtanın biri 17-18 qəpikdir. Meyvə-tərəvəzin qiyməti günbə-gün bahalaşır. Kənd Təsərrüfat Nazirliyinin mətbuat xidmətinin rəhbəri utunmaz-utanmaz açıqlama verir ki, elə bir qiymət artımı yoxdur. Guya qısa müddətdə ətin qiyməti 5-6 manat olacaq. Hansı siyasətlə, hansı tədbirlə? Heydər Əsədov heç bilmir aqrar sahə nə deməkdir. Onun bildiyi ancaq pul saymaqdır. Bu qədər yalan danışırlar, biz ifşa edirik, amma bunlar utanmadan yalanlarını davam etdirirlər. Bütün bunlar xəyanətin göstəriciləridir. Heydər Əsədov Ziya Məmmədovla qohumdur və hər ikisinin ən ali məqsədi hakimiyyəti ələ keçirməkdir. İstəyirlər ölkədə xaos yaransın, bunlar da öz bildiklərini eləsinlər».

Partiya sədrinin sözlərinə görə, xəyanət planının əsas başçısı Ziya Məmmədovdur. Onun sözlərinə görə, Ziya Məmmədov hazırda bütün variantları işə salıb: 

«Bu dəqiqə Ziya Məmmədov Rusiyada müəyyən dairələrlə işbirliyinə girib ki, prezident olum, sizə tam sədaqətlə işləyəcəm. Tramp Amerika prezidenti olandan bəri okeanın o tayında işləməyə başlayıb ki, dəstək alsın. Elə bilir ki, kimlərsə gətirib onu Azərbaycan prezidenti qoyacaq. Tamamilə yanılır. Azərbaycan xalqı İlham Əliyevi seçib və onun arxasındadır. Mən də hələ ölməmişəm, əziz qardaşımı müdafiə edəcəyəm. Əgər o prezident olmayacaqsa, növbəti prezident də özüm olacam. Hakimiyyəti Ziya Məmmədovlara, Heydər Əsədovlara verəsi deyilik, bu xalq da onlara heç vaxt səs verməz. Ona görə də İlham Əliyev bu adamlara qarşı təcili sərt tədbirlər görməlidir. Xəyanətkarların komandada saxlanılması düzgün deyil».
2016-05-20-16-25-57hafiz-hedeledi.jpg (424×262)

MMP sədri onu da qeyd edib ki, havaların soyuması vəziyyəti daha da kritikləşdirib.

 Onun sözlərinə görə, paytaxtın müxtəlif yerlərində qazlar kəsilib, istilik sistemi, yollar bərbad vəziyyətdədir: 

«Bu adamların bir məqəsədi var, ölkəni iflic vəziyyətinə salmaq. Bununla da göstərəcəklər ki, görürsünüz də, İlham Əliyev ölkəni idarə edə bilmir. Ona görə deyirəm ki, bu adamlar İlham Əliyevin yerinə göz dikiblər. Bu adamların bir məqsədi prezidenti devirib hakimiyyəti ələ keçirməkdir. Ziya Məmmədovun oğlu Anar da orda-burda danışır ki, atam prezident olacaq. Onların arzularını ürəklərində qoyacağıq. Onun nə atası, nə də qayınatası prezident olası deyil. Əksinə, onlar törətdikləri əməllərə görə qanun qarşısında cavab verməlidirlər. Prezident İlham Əliyevdir, ondan sonra da özüm olacağam. Mən prezident olanda, onları təpəsi aşağı asacağam.

Bu adamların radikal müxalifət düşərgəsində ciddi dayaqları var. Ziya Məmmədovun qohumu Sabir Rüstəmxanlının vasitəsiylə Milli Şuraya dəstək verir. Dirçəliş günündə Ziya Mməmədovun adından partiya sədrlərini toplayıb banket verirdilər. Əsas söhbət də o idi ki, Ziya Məmmədova dəstək verək hakimiyyətə gəlsin bizə də pay versin. Bütün bunların hamısı qardaşıma qarşı planlardır. Mən imkan vermərəm ki, ona qarşı bu cür alçaq xəyanət planları hazırlansın».

H.Hacıyev söhbət zamanı digər maraqlı məqamlara da toxunub.

 «Ölkədə qiymət artımı o qədər yüksəlib ki, saxta və keyfiyyətsiz məhsulları bazara çıxarırlar. Baytarlıq xidmətinin rəis əvəzi icra başçısı ilə birləşib Daşkəsəndən illər əvvvəlin dondurulmuş mal ətini gətirib camaata sırayırlar. Çindən saxta yumurta gətirirlər. Buütün bunlar xalqın genefondunu zədələməyə hesablanıb. Bu baxımdan, geri çəkilmək lazım deyil, Xəyanətkarlara qarşı lazımi addımlar atılmalıdır. Əgər bunlara qarşı sərt addımlar atılmasa, vəziyyət daha da pisləşəcək», - deyə partiya sədri fikrini tamamlayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA