16-05-2010 [07:20]
Ölkənin bir sıra bölgələrində baş verən təbii fəlakət mətbuatın gündəm mövzusu olsa da, siyasətin gündəminə qarşıdan gələn parlament seçkiləri hökmranlıq edir. Siyasi partiyalar da bu istiqamətdə hazırlıqlarını davam etdirirlər. Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyevlə söhbətə də seçki ilə bağlı sualla başladıq.
- MMP seçkilərə hazırlığı daima aparır. Qarşıdan gələn parlament seçkilərinə hələ ilin əvvəlindən başlamışıq. Partiyanın Seçki Qərargahı da yaradılıb. Hazırlıq işləri davam edir. Hətta partiyanın dairələrdə namizədləri müəyyənləşib. Bu günə kimi 76 nəfərin namizədliyi təsdiqlənib. Hazırda onların nüfuzunun artırılması üçün müəyyən işlər görülür.
[b]- Bu seçkidə hansısa partiya ilə əməkdaşlıq etmək fikriniz varmı? [/b]
- Bizə bir neçə partiyadan əməkdaşlıq barədə məktublar gəlib. Hətta adını radikal müxalifət qoyan partiyaların sədr müavinləri mənimlə görüşərək, təklif veriblər. Amma bizim partiyanın Siyasi Şurasında bu məsələlər müzakirə olundu və qərara gəldik ki, seçkiyə təkbaşına gedək. Yəni, heç bir bloka qoşulmaq fikrimiz yoxdur.
[b]- Bir müddət öncə bildirilirdi ki, Qərbi Azərbaycandan olan şəxslər MMP-nin namizədlər siyahısında üstünlük təşkil edəcəklər. Bu məsələ nə yerdədir? [/b]
- Heç kim düşünməsin ki, MMP yalnız Qərbi azərbaycanlılardan ibarətdir. Bizim partiyanın rəhbərliyinidə qarabağlı da, bakılı da, şirvanlı da var. Bu gün Qərbi azərbaycanlıların üzdə olanlarının bir hissəsi bizim partiyadadır. Onlar bizim siyahı ilə seçkiyə gedəcəklər. Biz bunu danmırıq və Qərbi Azərbaycan elektoratına böyük önəm veririk. Amma bu gün Qərbi azərbaycanlıları nüfuzdan salan nazirlər, hökumət nümayəndələri var ki, bu addan sui-istifadə edirlər. Qərbi azərbaycanlılar isə həmin şəxslərə inanmır. Harda çirkli, rüşvətxor yer varsa, Qərbi azərbaycanlıları ora qoyublar, onlar da könüllü şəkildə korrupsiya ilə məşğuldurlar. Bu da ümumi elektoratın adına ləkədir. Ancaq Qərbi azərbaycanlıların sağlam qüvvələri bizim ətrafımızdadır. Xalqın mənafeyinə xidmət etmək istiqamətində mübarizədə də bizimlə bir yerdə olacaqlar.
[b]- Hansı dairədən deputatlığa namizəd olacağınızı müəyyənləşdirmisinizmi?
[/b]
- Bu gün partiyada mənim namizədliyimi Əli Kərimlinin namizəd olacağı dairədən irəli sürürlər. Hələlik müzakirə olunur, yəqin ki, qarşıdakı dövrlərdə bu barədə qəti qərar veriləcək. Mənim özüm isə qərar verməmişəm, ona görə ki, mən prezidentlik uğrunda mübarizə aparıram. Prezidentlik uğrunda mübarizə aparan şəxsin deputatlığa namizəd olmasını heç düzgün də saymıram. Amma hələ vaxta var, partiya nə qərar verəcəksə, ona tabe olacağam.
[b]- Hafiz müəllim, 2005-də Sabirabaddan namizəd oldunuz. Məlum olduğu kimi, son günlər bu rayonda təbii fəlakət baş verdi. Vaxtiylə səs istədiyiniz insanlara bu ağır gündə baş çəkdinizmi? [/b]
- Çox sağ olun ki, bu sualı verdiniz. Mən, mayın 12-də Gəncədən qayıdarkən fəlakət baş verən zonada oldum, insanlarla görüşdüm. Orda rayon təşkilatının sədrləri, fəallarla bir yerdə oldum, problemləri ilə maraqlandım. Biz partiyamızın üzvlərinə öz gücümüzə yardım etmişik. Onları öz evlərimizə, qohumlarımızın evinə yerləşdirmək üçün təkliflərimizi vermişik. Biz orda olarkən hakimiyyət nümayəndələri də var idi. Onlar da bizim təkliflərimizi yüksək qiymətləndirdilər. Televiziya və mətbuat nümayəndələri də orada idi. Ancaq təəssüf ki, hakimiyyətdəki qısqanc yoldaşlar imkan vermədilər ki, bizim fikirlərimizi öyrənsinlər. Düzü, mən bunu reklam xatirinə etməmişəm. Ağır günündə biz həmişə xalqın yanında olmuşuq, bundan sonra da olacağıq.
[b]- Təbii fəlakətin ciddi fəsadları oldu. Amma bəziləri fəlakətin daha az itki ilə ötüşdürülməsinin mümkünlüyünü bildirir və hökuməti günahlandırır. Siz nə düşünürsünüz? [/b]
- Fəlakət gözlənilmədən baş verdi. Ancaq gərək, hökumət belə hallara hazırlıqlı olsun. Biz də hökumət nümayəndəsi olmuşuq, hökumət bütün proseslərə hazır olmalıdır. Hökumət əvvəlcədən planlaşdırsaydı ki, belə hadisə ola bilər və önləyici tədbirlər gösəydi, belə fəlakət olmazdı. Hakimiyyətin bədbəxtliyi ondadır ki, hökumət üzvləri o qədər başqa işlərlə məşğuldur ki, bu istiqamətdə baş işlədə bilmirlər. Digər tərəfdən, hökumət üzvlərinin çoxu qocalıb, bir qisminin səriştəsi yoxdur, uzağı görməyi bacarmırlar. Ona görə də millətin başına bu cür faciələr gəlir. İndi fəlakətin fəsadlarının aradan qaldırılması üçün kifayət qədər pul ayrılıb. Ancaq o pullarla Kürün hər iki tərəfinə beton bəndlər çəkmək olardı, neyləyək ki, hökumətimiz belə işləyir.
Mən, balıq sənayesi naziri işləyərkən, bu problemin necə olduğunu, qarşısının necə alınmasını yaxşı öyrənmişəm. Əgər vaxtında tədbirlər görülsəydi, bunun qarşısını almaq mümkün idi. Sadəcə olaraq, yoldaşların başı öz "ciddi" işlərinə qarışıb. İstərdim ki, bu hadisədən sonra prezident müəyyən adamları cəzalandırsın. Xalqa göstərsin ki, onlar prezidentin xalqa ayrıdığı pulları talan edib yeyirlər. Hökumətin yarıtmaz fəaliyyəti göz önündədir. Ona görə də təqsirkarlar ifşa edilməli və cəzalandırılmalıdır.
[b]- Pənah Hüseyn isə deyir ki, baş verənləri korrupsiyanın göstəricisi sayır... [/b]
- Pənah bəy bunları deyir. Amma istərdim ki, Pənah Hüseyn ümumi danışmasın, hədəfi vursun. Dövlətin punu kim yeyir, onu açıq şəkildə, ünvanı ilə demək lazımdır. Milli Məclisdə məsələ qaldırmaq lazımdır ki, büdcədən filan qədər vəsait ayrılıb, amma bu nazirlik iş görməyi, pulu yeyib. Əgər Pənah bəy bu cür fakt ortaya qoysaydı, onunla razılaşardım.
[b]- O fikirlər də səslənir ki, Kürün deltasının təmizlənməsi üçün milyonlarla vəsait ayrılıb, amma "Meliorasiya və Su Təsərrüfatı" ASC heç bir iş görməyib... [/b]
- Təbii ki, belə bir qurum var və bu işlərlə məşğul olmalıdırlar. İndi onlardan soruşmaq lazımdır ki, nə iş görüblər? İndi aparıb Kürün qırağına yumşaq torpaq tökməklə problemin qarşısını almaq olmaz. Biz hakimiyyətdə olanda bəndlər qurulurdu, bu gün o vaxt görülən işlərin nəticəsində daha acınacaqlı vəziyyət yaranmadı. Əgər "Meliorasiya və Su Təsərrüfatı" ASC-də mənimsəmə varsa, hüquq-mühafizə orqanları cinayət işi qaldırmalı, cavabdehlər cəzalandırılmalıdır.
[b]- Baş verənlərə görə kimlər cəzalandırılmalıdır? [/b]
- Ekologiya və Təbii Sərvətlər Nazirliyi proqnozlaşdırmalıydı ki, il ərzində nələr baş verə bilər. Təəssüf ki, bu istiqamətdə heç bir iş görülməyib. Yolların kənarına beş ağac əkməklə iş bitmir. Məsuliyyəti də bu nazirlik daşıyır.
Kürün Xəzərə tökülən hissəsində suyun dərinliyi 40 sm-dir. Pul ayrılıb, amma onu dağıdıblar. Əslində gəmilər işləməliydi. Burada Əhməd Əhmədzadənin də, Aydın Bəşirovun da günahı var. Aydın Bəşirov həmişə prezidentin əleyhinə işləyib. Bu cür faciələrin baş verməsinin qarşısını almırlar ki, xalq prezidentdən narazı olsun. Sual olunur ki, Aydın Bəşirovu gəmiləri hardadır? Hamısını verib icarəyə, alverlə məşğuldur. Baş nazir hara baxırdı? Niyə demirdi ki, Hüseynqulu Bağırov, Əhməd Əhmədzadə, Aydın Bəşirov, işləyin.
[b]- Baş nazirin də bu prosesdə ciddi fəaliyyəti gözə dəymədi...
[/b]
- Dəyməz də. O, fikirləşir ki, yığdığı pulu harda yerləşdirsin. Bu il də seçki ilidir, baş verənlərə görə hökumət qınaq obyektinə tuş gələcək. Göründüyü kimi, bu nazirlərin gördüyü işlərin altından su çıxır. Hökumət üzvlərini xalq maraqlandırmır. Bircə prezidentdir, özü gedir, maraqlanır, tapşırıqlar verir. Ən acınacaqlısı odur ki, Azərbaycan xalqının milyonlarını yeyənlər çox rahat nəfəs alırlar. Hər halda bu, belə getməyəcək.
[b]- Bu prosesdə Fövqəladə Hallar Nazirliyinin fəaliyyətini necə qiymətləndirirsiniz? [/b]
- Bu gün ortada görünən elə bu nazirliyin işçiləridir. Fövqəladə hallar naziri hadisə baş verən gündən ordadır. Başqa heç kim işləmir. Müharibə gedən bir dövlətik, gərək hər şeyə hazır olaq. Təəssüf ki, hazır ola bilmirik, bunun günahı isə qocalmış hökumətdədir.
[b]- Bu il həm də seçki ilidir, necə düşünürsünüz, baş verənləri də nəzərə alaraq kimlərsə vəzifələri ilə vidalaşa bilərmi? [/b]
- İki-üç nazir istisna olmaqla, əksər məmurların vicdanı olsa, istefa verərlər. Məndə belə məlumat var ki, prezident bu cür fəaliyyət göstərən məmurlara göz yummayacaq. Yaxın müddət ərzində bir neçə nazir vəzifədən çıxarılacaq. Bakıya bir saat yağır, şəhəri su basır, Hacıbala Abutalıbovun kefinə dəyən yoxdur. Kür qalxır, kəndləri su basır. Ona görə də hesab edirəm ki, hökumət istefa verməlidir. Kənd təsərrüfatı batır, rayonları su basır, İsmət Abbasov isə Ermənistanda erməni dilində çıxış edir. Əgər korrupsioner nazir və komitə sədrləri tezliklə istefaya göndərilməsə, Azərbaycan böyük fəlakətlərlə üzləşəcək. Bu hökumətlə, bu nazir və komitə sədrləri ilə uzağa getmək olmaz.