"Ağdam və Füzulini azad etmək üçün hücuma keçsək..." - Ermənistanın "qaynar xətt" təklifinə reaksiya

img

16-11-2016 [19:53]


Ermənistan prezidenti Serj Sarkisyan təmas xəttində hadisələrə operativ reaksiya verilməsi üçün Bakı ilə İrəvan arasında "qaynar xətt”in yaradılması təşəbbüsü ilə çıxış edib. Onun sözlərinə görə, əgər bu, alınsa, hadisələrə operativ reaksiya vermək mümkün olar.

Mia.az xəbər verir ki, politoloq Elxan Şahinoğlu Ermənistan prezidentinin təklifini şərh edib: 

"Sarkisyanın bu sözləri Dağlıq Qarabağda Ermənistan ordusunun nəzarəti altında olmasının etirafı deyilmi? Çünki, söhbət Dağlıq Qarabağ və ətraf rayonlarda atəşkəsin pozulmasından gedirsə, Bakıdan kimsə niyə İrəvana telefon açmalıdır? 

Məgər bu vaxta qədər "bu məsələni Dağlıq Qarabağ separatçılarının lideri ilə müzakirə edin” deyən Sarkisyan deyildimi? 

Sarkisyanın bu "qaynar xətt” təklifini əlimizdə rəhbəri tutaraq, bir daha Dağlıq Qarabağ və ətraf rayonların məhz kimin işğalı altında olduğunu bəyan etməliyik".

Elxan Şahinoğlu deyir ki, təklifin mahiyyətinə gəlincə, "qaynar xətti” Azərbaycan və Ermənistan sərhəd boyu həyata keçirmək mümkündür:

"Çünki, bizim Ermənistana hücum etmək planımız yoxdur. Ancaq Dağlıq Qarabağ və işğal altındakı digər rayonlar üzrə "qaynar xətt” bizim maraqlara cavab vermir. 

Belə çıxır ki, biz məsələn, Ağdam və Füzulini işğaldan azad etmək məqsədilə hücuma keçsək, İrəvanla "telefon əlaqəsi qurmalıyıq”. İrəvan belə "qaynar xətt” həvəskarıdırsa, münaqişənin mərhələli həlli məqsədilə Bakıya müraciət etsin və bundan sonra həqiqətən birbaşa rabitə qurula bilər. Bu olmayana qədər Sarkisyanın bu kimi "təklifləri” sadəcə vaxtı uzatmaq məqsədi daşıyacaq".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA