"...istefa versin getsin" - Partiya sədrindən Elmar Məmmədyarova ittiham

img

16-11-2016 [17:25]


"Rusiya Dağlıq Qarabağ probleminin həlli ilə bağlı heç bir tədbir görmür”. 

Bu sözləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Rusiyanın Azərbaycan torpaqlarını işğal edən Ermənistanla birgə qoşun birlikləri yaratmasını və bununla bağlı Azərbaycan Rusiyaya necə cavab verəcəyin pia.az-a şərh edərkən deyib.

Xatırladaq ki, Rusiyanın Azərbaycan torpaqlarını işğal edən Ermənistanla birgə qoşun birlikləri yaratması Azərbaycan ictimaiyyətində ciddi narahatlıq doğurur. Bu ATƏT-in Minsk Qrupunun həmsədri olaraq Rusiyanın münaqişə həllindəki tərəfsizliyinə kölgə salır. Rusiya birinci addım olaraq Ermənistana "İsgəndər” raketləri göndərdi ki, hərbi balansda Ermənistan Azərbaycana məğlub olmasın. İkinci addımı isə Ermənistanla birgə qoşun birlikləri yaratdı. Faktiki bu o deməkdir ki, bundan sonra Ermənistan ordusuna Rusiya Müdafiə Nazirliyi nəzarət edəcək.

Mövzu ilə bağlı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev danışıb. Partiya sədri qeyd edib ki, Azərbaycan birdəfəlik olaraq başa düşməlidir ki, Rusiya Dağlıq Qarabağ probleminin həllində Azərbaycana heç bir yardım göstərməyəcək: "Bu gün Azərbaycanda Dağlıq Qarabağ məsələsinin həll edilməsi ilə bağlı iş qrafiki qurulmalıdır. Torpaqlarımız 24 ildir işğal altındadır və 24 ildir də aldana-aldana gedirik. ATƏT-n Minsk Qrupu da aldadıcı bir qurumdur. Bu qurumu da Azərbaycanın başın qatmaqdan ötrü yaradılıb ki, Dağlıq Qarabağ məsələsi daha da uzansın. Minsk Qrupu təmsil edən dövlətlərdən biri, həm də qonşumuz olan Rusiyanın atdığı son addımları hamı gördü. Rusiya bizə üzdə başqa söz, arxada başqa söz deyir. Rusiyanın Ermənistanla qoşun birləşdirməsi Azərbaycana arxadan vurulan zərbədir. Prezidentimiz ordunun qarşısında çıxış edib deyir ki, biz tezliklə torpaqlarımız azad edəcəyik. Amma ermənilərin himayədarları da o an deyirlər ki, biz icazə vermədən siz heç bir iş görə bilməzsəniz. Bunun özü böyük biabırçılıqdır. Bu biabırçılığı da aradan qaldırmaqdan ötrü biz öz daxilimizdəki işləri nizama salmalıyıq.
hafiz-cixis.jpg (960×640)
Biz prezidentə kömək olmalıyıq. Çünki bu gün hər an prezidentə arxadan zərbələr vurulur. Bildiyimiz kimi xalq arasında böyük bir narazıçılıq yaranıb, dollar hər dəqiqə qalxır, bununla yanaşı dollara aid olmayan məhsullar da qalxır. Bunlar hamısı da Dağlıq Qarabağın azad edilməsinə maneçilik edən faktırlardır. Çünki narazı xaqla heç hara getmək olmaz. Həmçinin qeyd etmək istəyirəm bu günlərdə Hadı Rəcəblinin şəhid ailələrinə olan münasibətin. Hacı Rəcəblinin o münasibətindən sonra heç kəs istəməz ki, torpaq qorusun və şəhid olsun. Bunların da hamısı prezidentə qarşı olan xəyanətlərdir.

Mən başa düşə bilmirəm ki, Rusiyadan o qədər medal alan məmurlar niyə o medalları Rusiyaya təhvil vermirlər? Onlar aldıqları medalları təhvil verib və deməlidirlər ki, sənin medalların bizə lazım deyil, çünki bizə dostsan, düşmənsən bilmirik. Onlar Rusiyadan hesab almalıdırlar ki, əgər bizim dostumuzsansa, onda niyə düşmənimizlə birlikdə ordu yaradırsan və bizə də imkan vermirsən ki, öz ordumuzun sayəsində torpaqlarımız azad edək? Amma çox təəssüflər olsun ki, bütün bu işlərin arxasında da "beşinci kalonun” üzvləri dayanır. Onlar burdan Rusiyaya təlimat verilər. Rusiya da onların təlimatları əsasında Ermənistana öz himayədarlığını göstərir. Buna görə də Rusiya Dağlıq Qarabağ probleminin həlli ilə bağlı heç bir tədbir görmür.

Bu cür etməkdə də əsas məqsədləri budur ki, istəyirlər prezidentin başı qatışsın daxili çəkişmələrə və bunların yığdıqları milyardlar, sərvətlər yaddan çıxsın. ABŞ-da Tramp prezident seçilib, deyə Azərbaycanda bir necə insanlar az qalır ki, bütün günü atəşfəsanlıq etsin. Bu amil də anti-İlham Əliyev koalisiyasında birləşən insanların əməlləridir.

Biz birdəfəlik olaraq başa düşməliyik ki, Rusiya Dağlıq Qarabağ probleminin həllində Azərbaycana heç bir yardım göstərməyəcək. Buna görə Azərbaycan ATƏT-in Minsk Qrupundan imtina etməlidir. Hətta mən belə təklif edirəm ki, bundan sonra Minsk Qrupu Azərbaycana gəlməsin və gəlməyə də qoyulmasın. Azərbaycan başlamalıdır öz daxilində milləti ilə bu məsələni müzakirə etməliyik. Azərbaycan hakimiyyətində 10 illərdi kök salmış məmurları təmizləyib, yeni komanda ilə bayrağımızı Xankəndinə sancmalıyıq. Qarabağın azad olunmasının tək yolun mən bunda görürəm.

Azərbaycanın xarici siyasətin bu hala salan Məmmədyarovdur . Ondan soruşmaq lazımdır ki, ay hörmətli nazirimiz əgər Rusiya sənin strateji tərəfdaşındırsa, niyə Rusiya Ermənistana "İsgəndər” raketləri verib, ordu birləşdirir? Məmmədyarov müsahibəsində həmçinin qeyd edib ki, sülh yolu ilə məsələ həll olunmayacaq. Bəs onda niyə Xarici İşlər Nazirliyinə bu qədər vəsaitlər tökülür?

Məmmədyarovun vəzifəsi ancaq xüsusi təyyarələrlə xarici ölkələrə uçub, orada istirahət etməkdir? Mən demirəm Rusiya bizim starteji tərəfdaşımız deyil. Amma elədirsə, Qarabağımız bizə qaytarsın. Rusiya tam əksi olaraq Qarabağ probleminin bu qədər uzanmasının başında durur. Məmmədyarovun da cəsarəti çatmır bunları deməyə. Deyə bilmirsə də, istefa versin getsin.

Bu cür məmurların Azərbaycana heç bir xeyri olmayıb. Məmmədyarovdan soruşmaq lazımdır ki, bu 24 ildə hansı torpağı qaytarmısan? Buna görə nazirin danışdığı bütün sözlər boş-boş söz yığınıdır. Bu cür insanların Azərbaycanda rəhbər vəzifədə qalması bizim dövlətə utancdır. Mən Məmmədyarovun fikirləri ilə razı deyiləm. O xarici siyasətdə çox ciddi səhvlərə yol verir. Prezidentimiz Dağlıq Qarabağ məsələsini həll etmək üçün həm xarici siyasət siyasəti gücləndirməlidir, həm də milli həmrəyliyə nail olmalıdır”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA