Yeni Azərbaycan Partiyasının üzvü, 121 saylı Laçın Seçki Dairəsindən Milli Məclisin üzvü seçilmiş Mahir Abbaszadənin APA-ya müsahibə verib.
Mia.az həmin müsahibəni oxucularına təqdime dir:
- Artıq bir ildir Milli Məclisdə təmsil olunursunuz və bu müddət ərzində qeyri-fəal deputat kimi diqqəti cəlb etmisiniz. Ötən müddətdəki fəaliyyətinizi özünüz necə xarakterizə edərdiniz?
- Bu, Azərbaycanda deməyə sözü olmayan bəzi mətbuat vasitələrinin mənə qarşı apardığı qara "piar”dan irəli gəlir. Əgər siz mənim seçicilərimlə ünsiyyətə girsəniz, onlardan soruşsanız, görərsiniz ki, mən aktiv olaraq seçicilərimlə ünsiyyətdəyəm. Milli Məclisin 6 aylıq hesabatına da baxsanız, görərsiniz ki, 47 nəfər seçici qəbul etmişəm, onların sosial problemləri ilə maraqlanmışam və müraciətlərin 50 faizi demək olar ki, həllini tapıb, yerdə qalanı isə tapmaq üzrədir. Ümumiyyətlə, hər bir seçici ilə görüşmək vaxt baxımından və fiziki baxımdan mümkün deyil. Düzünü demək lazımdır. Deputat fəaliyyəti təkcə səni seçən insanlarla gedib, görüşmək deyil. Mənim deputat kimi fəaliyyətsiz olmağım barədə fikirlər həqiqəti əks etdirmir.
- Hesab edirsiniz ki, ötən bir ildə seçicilərinizin - laçınlıların etimadını doğrultmusunuz?
- Mən çalışıram, etimadı doğruldum. Amma bunu nə dərəcədə edə bilmişəm, bunu məni seçən insanlar deyə bilər.
- Amma internetdə axtarış verəndə seçicilərin sizi tapa bilməməsi, onlar yaşayan ərazilərdə öz biznesinizlə məşğul olmağınız barədə yazılar çıxır.
- Mən bizneslə məşğul olmuram. İqtisad elmləri üzrə fəlsəfə doktoruyam. Deputat fəaliyyətimə qədər bank sektorunda filial müdiri işləmişəm. Hazırda doktoranturada oxuyuram. Əgər həqiqətən biznesim varsa, onu yaradıb qura bilərəmsə, sadəcə, mən bununla qürur duyardım. Amma yoxdur. Laçınlıların bu gün yaşadığı ərazilərdə heç biznes yaratmaq üçün şərait də yoxdur. Gedib, orada yaşayan laçınlılardan soruşsanız, şahidi olarsınız ki, həqiqətən heç nəyim yoxdur. Əgər orada hansısa torpaq sahələrim, kənd təsərrüfatı obyektim varsa, mən buna ancaq sevinərdim. Barəmdə deyilənlərin hamısı mənə məlum olan mənbələrdən buraxılan dezinformasiyalardır.
- Laçınlıların bu gün əsas problemləri nədən ibarətdir?
- Bir problemlər ümumən respublika üzrə hansı problemlər varsa, onlardan ibarətdir. İkinci böyük problemimiz məcburi köçkün həyatını yaşamağımızdır. Laçınlıların ən böyük problemindən biri torpaq problemidir. Bütün laçınlıların ən böyük arzusu öz dədə-baba yurduna qayıtmaqdır. Mən özüm Laçının Güləbird kəndindənəm və valideynlərimin bu gün dərdi Laçına qayıtmaqdır. Digər problem sosial problem, xüsusilə də işsizlik problemidir. Düzdür, cənab prezidentin qayğısı nəticəsində digər qaçqın və məcburi köçkün düşmüş soydaşlarımız kimi, laçınlıların da həyatı yaxşılaşdırılıb. Bu gün artıq çadırda yaşayan qaçqın və köçkün yoxdur. Qəsəbələr salınıb və onlar şəraitli evlə təmin olunublar. Amma bütövlükdə laçınlıların sosial problemləri hələ də qalır və ümid edirik ki, gələcəkdə dövlət büdcəmiz imkan verdikcə, onlar daha yaxşı evlərdə yaşaya biləcəklər.
- Son vaxtlar yaranmış iqtisadi çətinliklərlə əlaqədar dövlət bir sıra addımlar atır. Belə bir xəbər var ki, qaçqın və məcburi köçkün ailələrində yeni doğulanlar üçün artıq müavinətlər verilməyəcək...
- Əlbəttə, dünyada neftin qiymətinin bir neçə dəfə aşağı düşməsi bizim iqtisadiyyatımıza da təsir etdi. Bizim üçün artıq postneft mərhələsi başlayıb və biz buna görə addımlar atmalıyıq. Həyat şəraitimizi postneft büdcəsinə uyğunlaşdırmalıyıq. Məndə olan məlumata görə, qaçqın və məcburi köçkünlərin kommunal və digər ödənişləri "çörəkpulu” deyilən formada təqdim edilirdisə, bundan sonra həmin xərclər pul formasında karta daxil ediləcək. Etiraf edək ki, bəzi insanlar qaçqın qohumlarının adına əmlak, ev alır və həmin obyekt qaçqın vətəndaşın adına olduğu üçün avtomatik kommunal xərclərdən azad olunur. Eyni zamanda, adına obyekt olan həmin qaçqın hansısa yataqxanada qalır və yenə kommunal xərclərdən azaddır. İndi bu addım israfçılığın qarşısını alacaq. Buna bənzər misallar çoxdur. Ona görə də bu məsələdə indi konkretləşdirmə aparılır və israfçılığın qarşısı alınır.
- Bu gün seçiciləriniz daha çox nə ilə bağlı sizə müraciət edir?
- Ən çox işsizliklə bağlı müraciət edirlər.
- Kömək edə bilirsiniz?
- Bacardığım qədər edirəm.
- Bu yaxınlarda iki rayonun icra hakimiyyəti başçısı barələrində qalmaqallı xəbərlər, şikayətlər yayıldıqdan sonra vəzifələrindən azad olundular. Onlardan biri də Laçın rayon İH başçısı idi. Onunla münasibətləriniz barədə nə deyə bilərsiniz? Fəaliyyətindən xəbərdar idinizmi?
- Cənab prezident istənilən icra başçısını təyin edərkən təbii ki, ona böyük ümidlər bəsləyir, etimad göstərir. İcra başçısı təvazökar olmalı, xalqın xidmətində durmalıdır. Cənab prezidentin gözləntiləri belədir. Bizim Laçın rayonunun bundan əvvəlki icra başçısına da etimad göstərildi, amma icra başçısı etimadı doğrulda bilmədi, ona görə də vəzifəsindən azad olundu. Mənim onunla deputat kimi əməkdaşlığım 4-5 ay çəkdi. Bu müddətdə onun neqativ fəaliyyəti barədə mənə də şikayətlər gəlirdi. Çalışırdım ki, müzakirə səviyyəsində ona vəziyyəti başa salım. Əslində onunla çox işləmədik. Yəni, nə yatdım ki, nə də yuxu görəm? Təzə icra başçısı Aqil müəllimlə münasibətlərim çox yaxşıdır. Bir-birimizi yaxından tanıyırıq. YAP təşkilatının sədri kimi mənim seçkilərimdə yaxından iştirak etmişdi deyə, onunla birgə fəaliyyətimiz də olub. Hesab edirəm ki, həm məsuliyyəti baxımından, həm də gənc, enerjili olması baxımından o, cənab prezidentin etimadını doğruldacaq.
- Bir çoxları son çağırış Milli Məclisdə təsadüfi seçilmiş deputatların olduğunu iddia edirlər.
- Mən özümü təsadüfi seçilmiş deputat hesab etmirəm. Deputat onu seçən insanın yükünü öz çiynində hiss etməlidir. Mən bunu hiss edirəm. Deputat onu seçən insanları ləyaqətlə təmsil etməlidir ki, kənardan baxanda Milli Məclisə təsadüfən düşdüyü hiss olunmasın. Mən bu son çağırışda seçkiyə qatılan və seçilən insanlar arasında ən çox səs toplayan deputatlardanam. Mənim təsadüfi olmamağımın bir neçə səbəbi var. Birincisi, mənsub olduğum Yeni Azərbaycan Partiyasında rəhbərlik tərəfindən fəaliyyətim yüksək qiymətləndirilib. İkincisi, seçildiyim rayonda doğulub, böyüyən adamam və rayonumuzda hamı məni, valideynlərimi yaxşı tanıyır. Üçüncüsü isə, valideynlərim rayonun ziyalılarıdır və hamı onlara hörmət edir.
- Adətən seçicilər hansısa məmurla bağlı müraciətlərini deputatlar vasitəsilə edirlər. Məmurların sizi eşitməsində bir problem yoxdur ki?
- Hələ ki bir problemə rast gəlməmişəm. Adətən Səhiyyə Nazirliyinə, "Qaçqınkom”a müraciətlər edirəm və indiyə qədər məni eşidiblər. SOCAR-a bəzi adamların işdən çıxarılması ilə bağlı müraciət etmişəm, sağ olsunlar, orda da məni eşidib.
- Deputatlıq fəaliyyətindən başqa nə işlə məşğulsunuz?
- AMEA-nın İqtisadiyyat institutunda elmi fəaliyyətlə məşğulam.
- Deyirlər, elm sahəsində gənclərə az yer verilir.
- Xeyr. Gənclərə yer verilir, sadəcə, gənclər gəlmək istəmir. Çünki əməkhaqqı, maliyyə məsələsi elmdə azdır. Əgər maraq artırılsa, gələrlər. İndi son vaxtlar elm sahəsində islahatlara start verilib və ümid edirəm ki, bu, gənclərin elmə marağını artıracaq.