"Aprel döyüşləri güc fərqini göstərdi" - Xanlar Vəliyev

img

28-10-2016 [10:27]


İqtisadiyyatın sürətli inkişafı ordu quruculuğuna da təkan verərək ölkənin müdafiə potensialının möhkəmlənməsinə bilavasitə təsir göstərmiş, iqtisadi inkişafa müvafiq olaraq hərbi xərclərin artırılması ordumuzun maddi-texniki təminatının, o cümlədən silah-sursatla təchizatının daha da yaxşılaşmasına şərait yaradıb.

Bu barədə Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev "Xalq” qəzetində dərc olunmuş məqaləsində bildirib.

Onun sözlərinə görə, 2016-cı ilin aprel ayının ilk günlərində Ermənistan ordusunun təxribatının qarşısını almaq məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin keçirdiyi uğurlu döyüş əməliyyatları bir daha bütün dünyaya ordumuzla düşmən ordusu arasındakı güc fərqini, Azərbaycan Ordusunun peşəkarlığını və yüksək döyüş hazırlığını göstərməklə yanaşı, istənilən an Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə torpaqlarımızı düşmən tapdağından azad etməyə qadir olduğunu nümayiş etdirdi: "Cənab Prezident İlham Əliyev tərəfindən ölkədə həyata keçirilən genişmiqyaslı işlərin, çoxcəhətli fəaliyyətin əsas məqsədi, aparıcı leytmotivi də məhz Azərbaycanın müstəqilliyi və bu müstəqilliyin möhkəmləndirilməsi faktıdır. Hazırda Azərbaycan dövləti milli mənafeyini lazımi səviyyədə müdafiə edərək ayrı-ayrı ölkələrlə, beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri quraraq müstəqil siyasət yürüdür. Prezident İlham Əliyev bəyan edib ki, qarşıda duran strateji vəzifə Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirmək və bütün sahələr üzrə onu dünyanın inkişaf etmiş, rəqabətədavamlı ölkələri sırasına çıxarmaqdır”.

Hərbi prokuror əlavə edib ki, prezident İlham Əliyev praqmatik siyasi lider kimi reallığı operativ və obyektiv şəkildə dəyərləndirməsi, milli maraqlar naminə cəsarətli və prinsipial addımlar atması, istənilən ekstremal şəraitdə ən optimal, düzgün qərar qəbul etməsi, habelə ölkənin taleyüklü problemlərinə həssaslıqla yanaşması ölkəmizin gələcək uğurlarını daha yaxın edir:

"Ölkə başçısının dövlətçilik təcrübəsində siyasi varislik ənənələrinin davamı, üstəlik, mütərəqqi inkişaf meyillərinin gücləndirilməsi ideyasının üstünlüyü, obyektiv xarakteri və alternativsizliyi ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu illər ərzində dəfələrlə öz təsdiqini tapmış bu siyasi kursun davamlılığının təmin olunması Azərbaycanın dövlətçilik əsaslarının daha da möhkəmləndirilməsinə, müstəqilliyimizin əbədiliyinə, dövlətin hərtərəfli yüksəlişinə ən etibarlı təminatdır”.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA