İstintaq rəisi, müstəntiq və prokurorun otağında cərəyan edən film kimi olay - Döyülən 3-cü qrup əlilin şikayəti

img

17-10-2016 [18:59]


Sumqayıt şəhərinin Kimyaçılar qəsəbəsində məcburi köçkün kimi məskunlaşan(Füzuli rayonu, Aşağı Seyidəhmədli kəndi) Şahin Vahid oğlu Hacıyev prezident İlham Əliyevə və digər müvafiq qurumların rəhbərlərinə müraciət edib.

Müraciətin bir nüsxəsini Reyting.az saytının elektron poçtuna göndərən 3-cü qrup əlil Ş.V.Hacıyevin bu addımı atmasına səbəb haqsızlıqla üzləşməsidir.

Müxtəlif qəzet və jurnallarda şeir və məqalələrinin dərcinə görə aldığı cüzi qonorarla ailəsini çətinliklə dolandırdığını bildirən Ş.V.Hacıyev yazır ki, 2016-cı ilin 10 mart tarixində Sumqayıt Şəhər Polis İdarəsi İstintaq Şöbəsinin Bəhruz adlı rəisi və rəisin adaşı olan müstəntiqi onu idarəyə çağırıblar:

"Orada Məhərrəmov Eldar Göyüş oğlunun yazdığı şikayət ərizəsi əsasında mən, Şıxəliyev Seyran Valeh oğlu, Ağayev Fuad Gülbala oğlu arasında üzləşdirmə aparıldı. İddia edilirdi ki, guya mən, Ağayev Fuad Gülbala oğlu və Şıxəliyev Seyran Gülbala oğlu ilə əlbir olaraq Məhərrəmov Eldar Göyüş oğlundan 25000 manat alaraq mənimsəmişik.

Üzləşmə zamanı məlum oldu ki, Məhərrəmov Eldar və Şıxəliyev Seyran, əslində, əlbir olaraq əvvəlcə Fuad Ağayevə qarşı dələduzluq edərək, onun avtomobilini girov qoyub, sələmə pul götürüblər. Həmin pulun üstünə faiz qoyularaq, başqasına təkrarən sələmə verilib və aradakı faiz fərqindən gələn gəliri bölüblər.

Daha sonra eyni əməli başqa avtomobil üzərində həyata keçiriblər. Beləliklə, Fuaddan maşınına verilən pulun bir hissəsi də ona iş görmək adı ilə alınıb”.

Şikayətçi yazır ki, yaşla əlaqədar olaraq, ona, şəxsiyyət vəsiqəsini dəyişməyə də imkan verməyiblər. Dövlət başçısına və Sumqayıt Şəhər Prokurorluğuna etdiyi şikayətlərdən sonra isə vəsiqə almasına qoyulan qadağa aradan götürülüb. Eyni zamanda barəsində başlanmış əsassız cinayət işi də dayandırılıb:

"Amma 2016-cı ilin iyun ayından yenidən cinayət işi yenidən başlanıb. İşi istintaq rəisi Füzuli Əhmədov və müstəntiq Sərdar Alıbəyli aparır. İlk vaxtlardan iş qeyri-obyektiv və qərəzli aparılaraq Eldar Məhərrəmovun xeyirinə dəyişdirilir, ərizədən Fuad Ağayevin adı çıxarılır, mən və Şıxəliyev Seyranın adı saxlanılır. Guya biz əlbir olub Məhərrəmov Eldardan 25000 manat və bir də 2 dəfə 3000 manat almışıq. Ancaq hansısa səbəbdən istintaq Fuadla bizi bir yerdə dindirmək istəmir.

Belə bir məqamda - 8 avqust 2016-cı il ifadəm bitməmiş, məni polis rəisi və prokurorun qəbuluna çağırıb, 48 saat müddətə həbs etdilər. 9 avqust 2016-cı ildə ailə üzvlərimdən tələb olunan 5000 manatdan 4500 manatı alındıqdan sonra, ayın 10-da polisin nəzarəti altına alınaraq həbsdən azad edildim. Pul alınarkən müstəntiq Sərdar Alıbəyli söz verib ki, bu pulun qarşılığında üstümə qoyulmuş 178.3.2 maddəsi ləğv olunacaq. Ancaq azad olunan gün Sərdar Alıbəylinin otağına çağırılaraq hədələndim ki, tezliklə 25000 manatı boynuma alıb qaytarmasam, yenidən ağır maddə ilə həbs olunacağam. Üstəlik, xəbərdarlıq olundu ki, burdan çıxandan sonra nə vəkil tutum, nə də şikayət edim. Lakin şərlənərək, haqsız saxlanıldığıma görə, mən, 14 avqustdan etibarən özümə vəkil tutdum, hüquqi yollara baş vurdum”.

Şikayətçi yazır ki, müvafiq instansiyalara şikayət etdikdən dərhal sonra istintaq rəisi Füzuli Əhmədov onu və vəkilini yanına çağırıb:

"Sərdar Alıbəylini də otağa dəvət etdi və dedi ki, nə yalnışlıqlar olubsa, aradan qaldırılacaq, şikayətim təmin ediləcək. Hətta müstəntiqin dəyişəcəyini, işdənçıxma raportu yazdıracağını bildirəndə, vəkilim dedi ki, iş hələlik Sərdar Alıbəylidə qalsın, nə vaxt işin gedişatından narazı olsaq, onda dəyişdirilər.

Bundan sonra Sərdar Alıbəyli dərhal otaqda ifadəmin yarımçıq qalmış son hissələrini kompüterindən çıxararaq mənə təqdim etdi, onu tamamlamağımı bildirdi və sonra dəyişdirilən, tamamlanan ifadə həmin tarixə salınaraq işə tikildi. Halbuki, mən 48 saatlıq həbs olunanda hələ ifadəm sona yetməmişdi”.

Daha sonra şikayətçi işin içində olan Seyranın Eldara SMS-lə yazdığı "Eldar, səndən 25000 manatı mən almışam, üstünün faizi ilə qaytaracağam. Sən iş görüləsi adam deyilsən”,-mesajına diqqət çəkərək, bildirir ki, elə bu fakt da onun təqsirsiz olduğunu göstərir:

"Bundan əlavə, qısa zamanda mən, Fuad Ağayev, Seyran Şıxəliyev, Eldar Məhərrəmov prokurorluq binasında Kamran müəllimin iştirakı ilə üzləşidik. Sərdar Alıbəylinin prokurorluğa verdiyi yalnış məlumat və Eldarın Seyranla birgə iş görməsi bir daha bəlli olur. Hadisələrin belə cərəyan etdiyi bir məqamda - 5 sentyabr 2016-cı ildə vəkilimin zəngi ilə polis idarəsinin önünə gəldim. Müstəntiq Sərdar Alıbəylinin qəbula gedərkən, Eldar da üç nəfərlə ora gəldi. Biri kənarda gözlədi, digəri isə Eldarla birləşərək, məni polis idarəsinin önündə döyüb, burnumu sındırdılar, köynəyimi cırdılar, eynəyimi qırdılar. Bu zaman vəkilimə zəng edərək onu hadisə yerinə çağırsam da, o, Sərdar Alıbəyli ilə işi olduğunu bildirərək ora gəlməkdən imtina etdi. Bundan sonra mən və Eldar 4-cü Polis Bölməsinə aparıldıq və orada izahatımız Nihad adlı polis əməkdaşı tərəfindən alındı, mən xəstəxanaya yerləşdirildim, Eldar isə sərbəst buraxıldı. Sabahı gün anam, bacım, yoldaşım şəhər prokuroru Sərdar İmanovun qəbuluna getdilər. Sərdar müəllim üzləşdirmə aparılacağını və işə obyektiv baxılacağına söz verdi. Amma sonradan Sərdar Alıbəylinin Fuadı, Eldarı və Seyranı üzləşdirmək üçün prokurorluğa aparması təxirə salındı. Bunun yalnız mən xəstəxanadan çıxdıqdan sonra mümkün olacağı bildirildi.

Maraqlısı budur ki, həmin gün Eldar da Prokurorluğa çağırılıb və çıxanda ailə üzvlərimə deyib ki, mən evimi satıb Kamran bəyə və Sərdar Alıbəyliyə rüşvət vermişəm, Şahini əcəb eləyib döymüşəm, hara istəyirsiniz şikayət edin”.

Şikayətçi xəstəxanadan çıxdıqdan sonra yeni vəkil tutub, onunla Sərdar Alıbəylinin otağında olduqda isə müstəntiq Eldarın onunla telefon danışığının səs yazısını dinlədib:

"Eldar səs yazısında deyir: Şahin, mən Seyrana 25000 manat, 3000 manat bir, 3000 manat da bir vermişəm. Mən deyirəm ki, Eldar, Seyranla görüşüm, bəlkə o pulu heç verməmisən? Eldar deyir: Sən mənə niyə inanmırsan, Seyrana inanırsan?

Bunun əsasında vəkilim Sərdar Alıbəyliyə sual verir ki, bu səs yazısını Eldar təqdim edib sizə və açıq-aydın da deyir ki, pulu Seyrana vermişəm. Bu səs yazısından sonra Şahini niyə həbs etmisiniz?

Ancaq buna rəğmən, işdə yenə də müsbət dönüş olmayıb.

Sentyabrın 20-də isə mən, Məhərrəmov Eldar, Şıxəliyev Seyran və Ağayev Fuad prokuror Sərdar İmanovun iştirakı ilə üzləşdik. Və yenə aydın oldu ki, Eldar yalan danışır, mən nə 25000 manatın, nə də iki dəfə 3000 manatın alınmasında iştirak etmişəm. Onlar mənə şər atır. Mən yalnız 4000 manat pulu Eldardan borc şəklində, üstünün faizi ilə birlikdə qaytarmaq məqsədi ilə alıb, tanışlarımdan da götürdüyüm 11000 manatla birlikdə mənə ipoteka düzəltməsi üçün Seyrana vermişəm.

Üzləşmə zamanı ortaya çıxan yeni faktların araşdırılması üçün prokuror Sərdar İmanov tapşırıq versə də, ədalətli araşdırılma aparaılmayıb və işi məhkəməyə göndəriblər”.

Daha sonra ortadakı 25 min manatla bağlı təfərrüatlı dəlilllərə toxunan şikayətçi yazır ki, müstəntiq Sərdar Alıbəyli prokuror Sərdar İmanova da iki dəfə yalan məlumat verib: "Əgər mən Eldardan 4000 manat almışdımsa, niyə 4500 manat ödənilirdi? Əgər Eldar 4500 manatı almışdısa, niyə polis idarəsinin önündə məni döyüb, burnumu sındıranda deyir ki, 4000 manat mənə çatmayıb. Sonra üzləşmədə Sərdar Alıbəylinin üzünə çəkinə-çəkinə baxaraq 4500 manat aldığını deyir…”.

Sonda şikayətçi ölkə rəhbərliyindən bu cinayət işinin xüsusi nəzarətə gğtürülməsini xahiş edərək, haqq-ədalətin bərpasında kömək istəyib.

P.S. Şikayətçi digər məktublarında da çox maraqlı iddialar irəli sürüb. Bu və ya digər məqamları araşdırmağa çalışacağıq. Əks tərəfin də mövqeyini dinləməyə hazırıq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA