Bahar Muradovadan ATƏT PA-ya Dağlıq Qarabağ çağırışı

img

29-09-2016 [12:24]


"Azərbaycanla ATƏT-in uzun illərə söykənən münasibətləri var. Biz bu münasibətlərin ardıcıl və dinamik şəkildə inkişaf etməsində maraqlıyıq”.

Mia.az bildirir ki, bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib. O qeyd edib ki, Azərbaycan ATƏT dəyərlərinə böyük önəm verən ölkələrdəndir: "Təbii ki, biz ATƏT-dən, onun Parlament Assambleyasından bir təşkilat olaraq ATƏT-in mandatına daxil olan məsələlərin həllində iştirakı ilə yanaşı üzləşdiyimiz əsas problem olan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı addımlar gözləyirik. Təsadüfi deyil ki, ATƏT PA-nın hər sessiyasında bu məsələ müzakirə predmeti olur. Nümayəndə heyəti artıq məhdud sayda Makedoniyadakı sessiyada iştirak etmək üçün yola düşüb, orada bu məsələ müzakirə mövzusu olacaq”.

Vitse-spiker bildirib ki, aprel hadisələrindən sonra danışıqlarda müəyyən irəliləyişin olacağına inam qısa müddətdə formalaşsa da, ötən dövrdə Ermənistanın qeyri-konstruktiv mövqeyi iştirakçıların diqqətinə çatdırılacaq və Azərbaycanın ədalətli mövqeyinin müdafiəsi üçün parlamentarilərə müraciət ediləcək.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonra ATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.
Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA