"Hakimiyyətin cəsarəti varsa, demokratik seçki keçirsin"

img

02-05-2010 [06:21]


[b]Mirmahmud Mirəlioğlu: "Əgər bu iqtidar adicə piketdən, mitinqdən ehtiyat edirsə, deməli, vəziyyətləri olduqca ağırdır" [/b] Qarşıdan gələn parlament seçkilərində əməkdaşlıq etmək və seçkiyə qədərki dövrdə birgə fəaliyyət göstərmək üçün ilk addımı Müsavat Partiyası ilə Demokratiya Uğrunda İttifaq (DUİ) atdı. Belə ki, Müsavatla DUİ arasında niyyət protokolu imzalandı. Protokola əsasən DUİ-yə daxil olan beş partiya həm seçki ərəfəsi, həm demokratik mühitin yaradılması, həm də namizədlərin razılaşdırılması məsələsində Müsavatla əməkdaşlıq edəcək. Protokola DUİ adından imza atan Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu həm imzalanan niyyət protokolunun məqsədi, həm də seçkiöncəsi ictimai-siyasi vəziyyətlə bağlı fikirlərini bizimlə bölüşdü. - Bu protokolu müzakirələrimiz və məsləhətləşmələrimizin nəticəsi olaraq imzalamışıq. Burada niyyətimizi, hazırkı və qarşıdan gələr prosesləri qiymətləndirməmizi əks etdirmişik. Müsavat Partiyası ilə DUİ-nin hazırkı durumla bağlı razılaşmaları ortadadır, onu da cəmiyyətə təqdim etmişik. Yəni hazırkı sənəd seçkiöncəsi vəziyyət, seçkidəki fəaliyyətlə bağlı hansı mövqe sərgiləyəcəyimizin göstəricisidir. [b]- Bu, bir niyyət olaraq qalacaq, yoxsa növbəti mərhələ də olacaq? [/b] - Hər şey niyyətə bağlıdır. Biz niyyətimizi ortaya qoymuşuq. Təbii ki, bunun əməli fəaliyyəti də olacaq. Yəni niyyətimizi bildirmişik, qarşıdakı dövrdə də bu niyyətə uyğun fəaliyyətimizi davam etdirəcəyik. [b]- Atalar "Niyyətin hara, mənzilin ora" deyiblər. Sizin mənziliniz hara olacaq? [/b] - Mənzilimiz 2010-cu il parlament seçkiləridir. Niyyətimizi o istiqamətə yönəltmişik. İnşallah, düşündüklərimizi reallaşdırarıq. [b]- Hazırda protokol Müsavatla DUİ arasında imzalanıb. Qarşıdakı dövrdə başqa qüvvələrin də bura qoşulacağı gözlənilirmi? [/b] - Əlbəttə. Biz hazırda bu istiqamətdə də fəaliyyətimizi davam etdiririk. Hesab edirik ki, bu razılaşma, bu birgə fəaliyyət Müsavat və Demokratiya Uğrunda İttifaqla məhdudlaşmalı deyil. Demokratik düşərgənin digər nümayəndələrinin də bu məsələdə eyni mövqedə olması vacibdir. [b]- Siz hansı qüvvələrin bura qoşulmasını istəyirsiniz? [/b] - Bu istiqamətdə kifayət qədər danışıqlarımız olub. Düşünürəm ki, qismən də olsa, bu istiqamətdə müəyyən addımlar var. "Azadlıq" bloku və onun təmsilçiləri ilə görüşlərimiz olub, danışıqlar aparmışıq. "Azadlıq" blokunun özündə də bu məsələ müzakirə edilib. Yəqin ki, bu istiqamətdə onların fəaliyyəti ortada olacaq. O zaman daha geniş spektrli əməkdaşlıq istiqamətində işlərimizi davam etdirərik. [b]- Niyyət protokolunu imzaladıqdan sonra digər qüvvələrlə hər hansı danışıq aparmısınızmı?[/b] - Onlar kifayət qədər məlumatlıdırlar. Bizim mövqeyimizin nədən ibarət olduğunu, hazırkı situasiyada hansı mövqe tutmağımızı bilirlər. Niyyət protokolu da ortadadır. Yəni bundan artıq kimlərləsə danışıq aparmaq, məlumat vermək, məncə, yersiz olar. [b]- Mirmahmud bəy, "Azadlıq" bloku və digərlərinin Sizə qoşulma ehtimalı olduqca azdır. Necə düşünürsünüz, bu yolda Müsavatla tək qalmayacaqsınız ki? [/b] - Mən belə düşünmürəm. Hesab edirəm ki, demokratik düşərgənin hər bir nümayəndəsi vəziyyətin nə yerdə olduğunun fərqindədir. Hər kəsin mövqeyi də demək olar ki, eynidir, bu mənada zənnimcə, müxalifətin geniş birliyi alınacaq. Bu, təkcə niyyət deyil, eyni zamanda əməli fəaliyyətimiz də var. [b]- Protokolda güclü namizəd məsləsini qoymusunuz. Bu, hansı prinsiplə müəyyənləşdiriləcək? [/b] - Güclü namizəd amilini hər kəs necə başa düşürsə, biz də elə. Əsas odur ki, güclü namizəd müəyyənləşdirib seçkiyə gedək. Güclü namizəd real müxalifət, ciddi şəxslərdən formalaşacaq. Onu isə həm cəmiyyət, həm siyasi təşkilatlar, həm də media müəyyənləşdirəcək. Güclü namizəd demək olar ki, hər kəsin gözünün qarşısındadır. Sadəcə olaraq, onu müəyyənləşdirib, dəstəkləmək qalır ki, onu da biz edəcəyik. [b]- Namizədlərin müəyyənləşdirilməsi məsələsi adətən narazılıq yaradır. Sizcə, bu məsələdə hər hansı problem olmayacaq? [/b] - İndidən bu məsələ ilə bağlı nəsə demək tezdir. Hansı dairədən kimin namizədliyinin irəli sürülməsi məqsədəuyğundursa, onu etməyə çalışacağıq. Təbii ki, bu məsələdə də ümummilli maraqlar mütləq nəzərə alınmalıdır. [b]- "Azadlıq" blokunun təsisçilərindən olan VİP sədri Əli Əliyev təklif edib ki, ayrı-ayrı dairələrdə namizədlər razılaşdırılsın və onlara qarşılıqlı dəstək verilsin... [/b] - Normal haldır. Ümumiyyətlə, mən istənilən təklifi normal qəbul edirəm. Bu təkliflə mətbuatdan tanışam. Amma konkret bir söz demək üçün müzakirə etmək lazımdır. Məncə, hər kəs güzəştə getməyi bacarmalıdır. Əgər bir məsələ ki, ümummilli maraqlarla bağlıdır, orada heç kim şəxsi mənafeyini güdməməlidir. Söhbət ümummilli maraqdan gedirsə, burada güzəştə də getmək, qarşılıqlı dəstək də vermək mümkündür. [b]- "Azadlıq" blokundan o da bildirilir ki, İsa Qəmbərin namizəd olacağı dairədən namizəd irəli sürməyəcəklər. Siz necə, məsələn, Əli Kərimliyə, yaxud başqa müxalifət liderinə belə bir güzəşt edə bilərsinizmi? [/b] - Güzəşt məsələsi ilə bağlı zamanı gələndə qərar verilə bilər. Mən qeyd elədim ki, ümummilli maraqlara görə istənilən güzəştə getmək olar. Onu da deyim ki, hazırda bu istiqamətdə söhbətlərimiz də var, konkret addımlarımız da nəzərdə tutulub. [b]- Onda niyə ictimaiyyətə açıqlamırsınız? [/b] - Sadəcə olaraq, bunu birtərəfli açıqlamaq istəmirik. Namizəd məsələsi ilə bağlı aparılan müzakirələrdə "Azadlıq" blokunun, Müsavatın, elə DUİ-nin üzvləri də var. Bundan əlavə, ictimaiyyət nümayəndələri, ziyalıların da namizədlikləri üzərində fikir mübadiləsi aparılır. Hətta müəyyən bir siyahı da var. Ancaq onlar öz dairələrini müəyyənləşdirmədikləri üçün, onların adlarını çəkməyimiz doğru deyil. Ona görə də bu məsələ ilə bağlı hər hansı narahatlıq yoxdur. [b]- Müttəfiqiniz Pənah Hüseyn isə deyir ki, DUİ-nin elə namizədləri var ki, heç Müsavata belə güzəştə getmərik... [/b] - Belə namizədlər həm Müsavatda, həm "Azadlıq" blokunda, həm də DUİ də var. Bütün bunların hamısı qarşılıqlı razılaşma ilə olacaq. Elə ola bilər ki, hansısa dairədə ilkin seçkilər keçirilsin. Kim daha güclü olarsa, hamı onu dəstəkləyər. Yəqin ki, bu istiqamətdə məsləhətləşmələr də davam edəcək. Onu da nəzərə çatdırım ki, bu məsləhətləşmələr təkcə bizim niyyət protokolu imzaladığımız Müsavatla deyil, digər qüvvələrlə də aparılır. [b]- Həm Müsavatla imzaladığınız protokol, həm digər partiyalarla apardığınız məsləhətləşmələri nəzərə alaraq, seçkini necə xarakterizə edərdiniz? [/b] - Hələlik konkret fikir söyləmək olmaz. Mən nəyləsə bağlı öncəgörmə proqnozu da vermək istəmirəm. Zamanı gələndə hər şey görünəcək. Əgər bizim dediklərimiz reallaşarsa, çox normal bir seçki prosesi olacaq. Bütün dairələr üzrə qalib gələcəyimizi demək isə özümüzü aldatmaq olardı. Ancaq hər halda budəfəki seçkidə istənilən nəticəni əldə etmək mümkündür. Bunun üçün əlimizdən gələni edəcəyik. [b]- Hər seçki ərəfəsində müxalifət deyir ki, demokratik seçki keçirilsə, qalib gələrik. Vəziyyət elə də dəyişməyib, nəyə əsasən "bu dəfə yaxşı olacaq",- deyirsiniz? [/b] - Ümidimiz təbii ki, Allaha və millətimizədir. Hesab edirik ki, Azərbaycandaki siyasi vəziyyət mütləq dəyişdirilməlidir. Əgər bu dəyişiklik olacaqsa, qarşımıza qoyduğumuz məqsədə çatacağıq. Çünki demokratik seçkidə bu hakimiyyətin bizə üstün gəlmək imkanı yoxdur. [b]- Hər dəfə belə deyirsiniz, hakimiyyət nümayəndələri də... [/b] [i]- (Sözümüzü kəsərək)[/i] Siz niyə belə bədgümansınız və niyə hakimiyyətin də əvəzinə narahatsınız? [b]- Mən narahat deyiləm, rəqiblərinizin fikirlərini deyirəm...[/b] - Xətrinizə dəyməsin. Mən müxalifəti günahlandırmağı düzgün hesab etmirəm. Hakimiyyət elə deyir, nə olar. Hakimiyyətin cəsarəti varsa, demokratik seçki keçirsin. Qoy, görsünlər ki, demokratik seçkidə onlar hardadırlar. Əgər bu iqtidar adicə piketdən, mitinqdən ehtiyat edirsə, deməli, vəziyyətləri olduqca ağırdır. Demokratik seçki mühiti yaratsınlar, onda gücsüz hesab etdikləri müxalifətin gücünü görərlər. [b]- Amma haqq verilmir, alınır... [/b] - O da doğrudur. Bu haqqı almaq lazımdır. Bu haqqı təmin etmək onların borcudur ki, normal seçki keçirsinlər. Bunun üçün də komissiyalar yenidən formalaşdırılmalı, Seçki Məcəlləsi dəyişdirilməli və bir sıra demokratik islahatlar aparılmalıdır. [b]- Zakir Qaralovun növbəti dəfə Baş prokuror olması ilə bağlı müzakirələrdə müttəfiqiniz Pənah Hüseyn onun fəaliyyətini tənqid etdi. Qaralov da müxalifəti hədəfə alaraq, bəzi partiyaların maliyyə mənbələrinin araşdırılacağını bildirdi. Bu barədə Sizin də fikirlərinizi öyrənmək istərdik. [/b] - Mən İlham Əliyevin Zakir Qaralovun Baş prokuror təyin edilməsi ilə bağlı təqdimatı Milli Məclisə göndərməsini başa düşmürəm. Burada nə məntiq var, nə də başqa şey. Zakir Qaralov Azərbaycan hüququ, iqtidarı və cəmiyyəti üçün üzqarasıdır. Bu adam hüquqşünas kimi normal hüquqşünas da deyil. Kim nə deyirsə, desin. Pənah bəy belə dedi, başqaları başqa söz dedi, fərqi yoxdur. Onun özü nə danışdığını bilmir. Rəhmətlik Ziya Bünyadovun qətli ilə bağlı neçə dəfə məhkəmə prosesləri olub. Hamısı da boşdur. Neçə qrup tutulub, buraxılıb, kimlərsə bəraət qazanıb, hətta doğru olmayıb. Bəs bunlar hara gedəcək? Belə vəziyyət nə qədər davam etməlidir? Partiyalar məsələsinə gəlincə, Zakir Qaralovdu də, qoy, nə danışır, danışsın. Mənə elə gəlir ki, onun dediklərinə əhəmiyyət vermək lazım deyil. Əslində onun çıxışından o da məlum olur ki, Azərbaycanın ayrı-ayrı dövlət qurumları işləmirlər. Əgər işləsəydilər, siyasi partiyaların fəaliyyəti yoxlanılardı, deməli, yoxlanılmır. Əslində Zakir Qaralov hakimiyyətin bir budağı olaraq, hədələyir. Amma bizə xox gəlmək lazım deyil, əgər Baş prokuror deyirsə, deməli, bu işlər görülmür. Yəni özləri hakimiyyətlərindəki boşluğu göstərirlər. Qoy, Zakir Qaralov məni məhkəməyə versin. Çünki mən hesab edirəm ki, Zakir Qaralov hər birimiz üçün üzqarasıdır. Yadınızdadırsa, bizim bir nazirimiz də var idi, ədliyyə naziri 1995-ci ildə Heydər Əliyevin iştirak etdiyi Milli Məclisin iclasında deyirdi ki, demokratiyanı beşiyində boğmaq lazımdır. Yəni Azərbaycanın məmurları bundan başqa bir şey deyil. [b]- Partiyaların maliyyə mənbələri yoxlanılarsa, Sizin narahat olacağınız məqamlar varmı? [/b] - Qətiyyən yoxdur. Araşdırırlar, qoy araşdırsınlar, burada heç bir problem görmürəm. Əslində bu məsələ indi yada düşməməlidir, bunun üçün müvafiq dövlət qurumları işləməlidirlər, amma görünür, işləmirlər. Biz bundan narahat deyilik. Ancaq deyəsən, Zakir Qaralov daha çox narahatdır və narahat da olmalıdır. [b]Zaur ƏHMƏD[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA