02-05-2010 [06:10]
[b]Qüdrət Həsənquliyev: "MDB mənim təklif etdiyim formalı quruma çevrilərsə, Qarabağ problemi Azərbaycanın maraqlarına uyğun həllini tapacaq"[/b]
Mayın 9-da faşizm üzərində qələbənin 65 illiyi Moskvada təntənəli şəkildə qeyd ediləcək. Bundan bir gün öncə isə həmin şəhərdə Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv olan dövlət başçılarının qeyri-rəsmi sammiti keçiriləcək. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev isə bu sammit ərəfəsində ictimai müzakirəyə səbəb olacaq təkliflə çıxış edib. Q.Həsənquliyevin bildirdiyinə görə, BAXCP-nin seçki platformasında da bu prinsiplər əksini tapacaq və MDB-nin Avropa İttifaqı modelində birliyə çevrilməsinin zərurətini seçicilərinə izah edəcəkdir:
- Təklif edirəm ki, bu sammitdə Azərbaycanın kollektiv təhlükəsizlik müqaviləsinə üzv olması məsələsi gündəmə gəlsin. Artıq MDB-nin Avropa Birliyi modelində real məzmun kəsb etməsinə zərurət yaranıb. Avropa Birliyinin qəbul etdiyi bütün sənədləri parlel olaraq MDB-yə köçürməklə bu birliyi gəcləndirmək olar. Yəni MDB-nin vahid valyutası yaradılır, vahid gömrük sistemi olur və s. Bu zaman Azərbaycan da öz müstəqilliyindən geri çəkilmir. Bu gün Çexiya və Polşa Avropa Birliyində nə qədər müstəqildirsə, qoy, Azərbaycan da MDB-də bir o qədər müstəqil olsun. Yəni Avropa Birliyində dövlətlər müstəqilliklərini nə qədər itiriblərsə, Azərbaycan da MDB çərçivəsində müstəqilliyini o qədər itirəcək. Bir sözlə, MDB-ni Avropa Birliyinin ikinci modeli kimi qəbul etmək mümkündür və MDB digər dövlətlərə də açıq olar. Mən əminəm ki, Türkiyə də nə vaxtsa bu birliyə daxil ola bilər. Türk dövlətlərinin əksəriyyəti də MDB-yə daxildir. Bu, həm də türk-slavyan respublikaları ittifaqının yaranması demək olardı. Bu, bizim Avropa Birliyi ilə əməkdaşlığımıza da mane olmur.
[b]- Sizin təklif etdiyiniz formada MDB-nin güclənməsinə real zəmin varmı?[/b]
- Bəli. Məsələni qəti şəkildə qoymaq lazımdır. Mən istərdim ki, mayın 8-də MDB-nin qeyri-rəsmi sammitində Azərbaycan bu təkliflə çıxış eləsin. Bilirsiniz, MDB-nin indiki formada davat etməsi bizim maraqlarmıza cavab vermir. Əgər MDB-nin bir dövləti digərinin torpaqlarının 20 faizini işğal altında saxlayırsa, belə birlik ola bilməz. Rusiya deyir ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq. Reallıqda isə vəziyyət başqadır. Amma mənim dediyim birlik reallaşsa və Ermənistana birmənalı şəkildə deyilsə ki, bu münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır, onda vəziyyət dəyişəcək. Əks halda MDB-nin bu formada mövcudluğu Azərbaycana lazım deyil və bu birlikdən çıxmalıyıq. 2012-ci ildə isə Qəbələ RLS ilə bağlı müqavilənin müddəti başa çatır, Azərbaycan bu müqaviləni uzatmaqdan da imtina etməlidir. Bundan sonra Rusiya-Azərbaycan münasibətlərinə yenidən baxılmalıdır. Amma mən ümid edirəm ki, biz, Rusiya ilə bu istiqamətdə müzakirələrdə nəyəsə nail ola bilərik. MDB-nin vahid sərhədləri olacaqsa, Azərbaycanın sərhədləri həm Rusiyanın, həm də Türkmənistanın sərhədləri kimi qəbul olunacaqsa, o zaman biz Türkmənistanla aramızda olan mübahisəni yoluna qoya biləcəyik. Eləcə də İranla sərhəd problemimizi həll etmiş olacağıq. Ən əsası isə odur ki, Qarabağ probleminin həllinə nail ola bilərik.
[b]- Amma Azərbaycan müxalifətinin böyük hissəsi Qərbə inteqrasiyanı vacib sayır. [/b]
- Əlbəttə, istərdik ki, Qərb Azərbaycana dəstək versin. Türkiyənin təzyiq imkanları olsaydı, biz də Qərbə inteqrasiya etməklə problemlərimizi həll edərdik. Ancaq reallıq ondan ibarətdir ki, Qərbin buna gücü çatmır. Bizim Qərblə bağlı ümidlərimiz puç olub. Artıq Qərb danışıqlar yolu ilə Qarabağı Azərbaycandan qoparıb Ermənistana vermək istəyir. Hesab edirik ki, Qarabağ münaqişəsinin həll olunmasının açarı Rusiyadadır. Rusiyasız bu problemi həll edə bilməyəcəyik. Hətta bu gün Azərbaycan desə ki, Dağlıq Qarabağı Ermənisatana verirəm, yenə də Rusiya imkan verməyəcək ki, Azərbaycan müharibədən çıxsın. Ona görə də biz Rusiya ilə danışmalıyıq. Artıq bölgələrlə bağlı müəyyən razılaşmalar var. Gördünüz ki, Ukraynanı elə vəziyyətə saldılar ki, Qərbyönümlü Yuşşenko cəmi beş faiz səs aldı. Yanukoviç isə hakimiyyətə gələn kimi GUAM-ın əhəmiyyətsiz qurum olduğunu bəyan elədi.
Qarabağ probleminin həlli ilə bağlı Türkiyədən gözləntilərimiz var idi, o da reallaşmadı. Düzdür, sonuncu dəfə Azərbaycanın etirazını nəzərə alaraq sərhədləri açmadılar, amma Ermənistanla hava əlaqələri qurulub. Praktiki baxımdan onsuz da ermənilər Türkiyəyə gedib-gəlirlər. Yəni Türkiyədən bundan artığını gözləməyə dəyməz. Deməli, Rusiya ilə danışıb, məsələni həll etməliyik. Rusiya öz maraqlarından çıxış eləsə, Azərbaycan Rusiya vasitəsi ilə Qərb dəyərlərini daha tez mənimsəyə bilər.
[b]- Yəni Qarabağ probleminin Azərbaycanın maraqlarına uyğun həlli MDB-nin daha ciddi quruma çevrilməsindən keçir? [/b]
- Açıq şəkildə deyirəm, Azərbaycan təkbaşına bu problemi həll edə bilməyəcək. Bu problem isə həll edilmədən Azərbaycanı ?ATO-ya qəbul etməyəcəklər. Deməli, Azərbaycan başqa məkanda özünü realizə etmək üzərində düşünməlidir. Bu da MDB-yə yeni məzmun verməklə mümkündür. Çünki Azərbaycan dalana elə dirənilib ki, oradan başqa çıxış yolu yoxdur.
Amma Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanımaq yolu ilə münaqişənin həllini tələb etsə, bu problem öz həllini tapacaq. Ona görə ki, Ermənistanın Rusiyaya müqavimət imkanları yoxdur. Əgər Ermənistan Rusiyaya "qoşunlarını ərazimizdən çıxart",- deyərsə, bundan sonra Azərbaycana iki gün vaxt lazımdır ki, hərb yolu Qarabağı azad etsin. Azərbaycanın indiki siyasəti isə ən yaxşı halda mövcud vəziyyətin qorunub saxlanmasına yönəlib. Halbuki təzyiqlər gündə-günə artır, Azərbaycandan daha çox güzəşt tələb olunur.
Əgər MDB mənim təklif etdiyim formalı quruma çevrilərsə, Qarabağ problemi Azərbaycanın maraqlarına uyğun həllini tapacaq. Şübhəsiz ki, Rusiya bununla bağlı bizə təminat verməsə, biz də həmin birlikdə olmayacayıq.
[b]- Bəs, Rusiya belə bir birliyə maraqlı ola bilərmi? [/b]
- Əlbəttə. İndi Rusiya maraqlıdır ki, onun sərhədləri özünə dost olan başqa respublikalarla əhatə olunsun. Bu, Rusiyada separatizmin qarşısını alacaq. Yəni MDB-nin dediyim formada birliyiə çevrilməsi Rusiyanı da parçalanmaqdan qoruyacaq. Bu mənada Rusiyanın bizə yardımçı olmasını təmin etmək mümkündür.
Təklif edirəm, indiki şəraitdə Azərbaycan mütləq Rusiya siyasətinə yendən baxmalı və çalışmalıdır ki, Rusiya ilə münasibətləri strateji müttəfiqlik səviyyəsinə qədər qaldırsın. Elə etmək lazımdır ki, Azərbaycan hərb yolu ilə torpaqlarını azad etmək istəyəndə Rusiya Ermənistan tərəfdə dayanmasın. Bu, Azərbaycan diplomatiyasının qarşısında duran bir nömrəli vəzifədir. Biz müəyyən suveren hüquqlarımızdan imtina etməliyik, necə Şərqi Avropa ölkələri Avropa Birliyi çərçivəsində bunu edib.
[b]- Siz Azərbaycanın maraqlarından çıxış edib belə bir təklif verirsiniz. Bəs, Türkmənistanla Özbəkistan bu təklifi qəbul edəcək? [/b]
- Əminəm ki, Ukrayna da, Qazaxıstan da bu birliyə qoşulacaq. Türkmənistanla Özbəkistanın bura qoşulmasını istisna edirəm. Orda artıq hakimiyyət başçıları öz xalqını istədiyi kimi əzir. Onlar əlbəttə, istəməzlər ki, Avropa Parlamenti kimi MDB Parlamenti də olsun və orada insan hüquqları ilə bağlı müəyyən qanunlar qəbul edilsin. Amma mən sual edirəm, SSRİ zamanında türkmənlərin, özbəklərin hüquqları daha yaxşı qorunurdu, yoxsa indi? Əlbəttə ki, onda. Yəni Azərbaycan, Gürcüstan, Qazaxıstan, Moldova, Ukrayna bu birliyə gedəcək. Çünki bu dövlətlər Qərbin hansı mövqedə dayandığını anlayıblar. Gürcüstan da anlayıb ki, Qərb onları aldadıb. Düşünürəm ki, Saakaşvili hakimiyyətdən gedəndən sonra Gürcüstan Rusiya ilə münasibətləri daha da sıxlaşdıracaq. Ona görə də, mən, Azərbaycan hakimiyyətini bir az çevik olmağa çağırıram. Azərbaycanın milli maraqları naminə buna getmək lazımdır.
[b]- Bəziləri düşünürlər ki, Azərbaycan demokratikləşəcəyi təqdirdə Qərbin dəstəyi ilə Qarabağ problemi həll edə bilər.[/b]
- Bunlar sadəlöhvcəsinə səsləndirilən fikirlərdir. Bu gün Serbiyanı hətta Avropa Birliyinə də, ?ATO-ya da qəbul edirlər, orda demokratik seçkilərdə keçirilir, insan hüquqları da qorunur, yəni Qərbin standartlarına uyğun bir ölkədir. Bəs, Kosovanı qaytarıb verdilərmi? Yox. Yəni demokratiya ilə ərazi bütövlüyü məsələlərini eyniləşdirmək qətiyyən düzgün deyil. Burada dövlətlərin maraqları var və hər bir dövlət öz marağından çıxış edir. Yaxud qonşu Güncüstan öz problemlərini həll edə bildimi, yaxud Moldova problemlərinin həllinə nail oldumu? Xeyr. Kimsə fikirləşirsə ki, demokratiya ilə Qarabağ problemini həll etmək mümkün olacaq, yanılır. Yaxud Qərbə yarınmaqla, Qərbin fikirini dəyişəcəyini düşünənlər də səhv edirlər.
[b]- Qüdrət bəy, qarşıdan parlament seçkiləri gəlir. Artıq bəzi partiyalar seçkidə birgə iştirak barədə qərar verib, bir qism niyyət protokolu imzalayıb. BAXCP-də vəziyyət necədir? [/b]
- Bu istiqamətdə bəzi partiya sədrləri ilə söhbətim olub. Hələ ki, kimsə hansısa sənədin imzalanmasına hazır deyil. Hamı gözləmə mövqeyindədir. Yəqin ki, seçkinin başlanmasına bir ay qalmış müəyyənləşəcək ki, seçkiyə tək gedəsi olacağıq, yoxsa blokla.
Yeri gəlmişkən, artıq biz 70 nəfər namizəd müəyyənləşdirmişik. Bunun da yeganə məqsədi odur ki, seçkidə pulsuz efir vaxtından istifadə edə bilək. Çox təəssüf ki, Azərbaycan müxalifəti həddindən artıq zəifdir, maddi-texniki bazası demək olar ki, yoxdur. Belə olduğu halda bütün dairələrdən namizəd irəli sürmək mənasızdır. Əslində bu, məhdud imkanların daha çox dairə üzrə dağılmasına səbəb olur. Bu da nəticənin olmamasına gətirib çıxarır. O baxımdan düşünürəm ki, əsas mübarizə 15-20 dairədə gedəcək.
[b]- Seçkiyə az müddət qalmış partiyanızda ikinci adam Mikayıl Rəhmiovu MSK-ya göndərirsiniz, yəni o, seçki prosesində namizəd olmaq şansını itirir? [/b]
- MSK-da yer verilsə, Mikayıl Rəhimov seçkidə iştirak etməyəcək. Hesab edirik ki, Azərbaycan reallıqlarında MSK-da olan şəxsin seçkilərin azad və ədalətli keçirilməsində çox böyük rolu ola bilər. Bunun üçün daha təcrübəli funksionerə ehtiyac var. O baxımdan da Mikayıl bəyin namizədliyini irəli sürdük. Hesab edirəm ki, onun MSK-da ədalətli qərarların verilməsində rolu ola bilər.
[b]- Artıq bəziləri dairələrini də müəyyənləşdirib, Siz necə, seçkiyə əvvəl deputat seçildiyiniz dairədən gedəcəksiniz, yoxsa? [/b]
- Çox böyük ehtimalla əvvəl namizəd olduğum dairədən gedəcəm. Amma başqa dairədən də namizəd ola bilərəm. Son qərarı isə seçki ərəfəsində verəcəyəm.
[b]- Bəzi internet saytlarında seçki ərəfəsində Sizə hakimiyyətdən vəzifə təklif ediləcəyi barədə xəbərlər yayılıb... [/b]
- Mən belə bir təklif gözləmirəm. Görməmişəm ki, hansısa müxalifət nümayəndəsi hökumətə dəvət olunsun. Azərbaycanda bu ənənə yoxdur. Belə bir addımın atılacağı da gözlənilmir. Bizim istədiyimiz başqa bir məsələ var. Mən dəfələrlə prlamentdə demişəm və hesab edirəm, hakimiyyətin borcudur ki, çoxpartiyalı sistemin inkişafı üçün partiyaların dövlət tərəfindən maliyyələşməsinə razılıq versin.
İkincisi, parlament kollegial orqan olduğuna görə burada mütləq rəhbər strukturlarda müxalifət nümayəndələrinə də yer verilməlidir. Bütün keçmiş sovet ölkələrində bu praktika tətbiq olunur, bir Azərbaycandan başqa. Bizdə hətta Milli Məclisin komitə sədrinin müavini də müxalifətçi yoxdur. İmkan yaradılmalıdır ki, müxalifətin kadrları özünü dövlət hakimiyyətinin bu və ya digər qanadında təsdiq eləsinlər. Dövlətin strukturlarını bir siyasi partiya inhisara almamalıdır. Qarşıdan gələn seçkilərdə Azərbaycan müxalifətinin qalib gəlmək imkanı yoxdur, amma müxalifət bütün gücü ilə çalışmalıdır ki, ən azından parlament rəhbərliyində təmsil oluna bilsin. Müxalifətdən minimum 25 adam parlamentə düşməlidir ki, fraksiya yarada bilsin. Fraksiya yaratmaqla da siyasi həyata bir canlanma gətirmək olar. Onda korrupsiyaya qarşı mübarizə effekt verər, digər problemlərin həllinə təsir imkanı artar. Bu baxımdan düşünürəm ki, bu seçkilərdən, xüsusiylə də konstruktiv müxalifətin üzərinə çox böyük yük düşür. Bu müxalifətin əldə edəcəyi qələbə Azərbaycanın gələcəyi baxımından çox önəmlidir.
Bu günlərdə AMİP-in qərargahında keçirilən müzakirədə İqbal Ağazadə söylədi ki, əsas məqsədi bu iqtidarı siyasi hakimiyyətdən salmaqdır. Mənimsə əsas məqsədim iqtidarı yox, Azərbaycanı dəyişməkdir, demokratik, hüquqi dövlət qurmaqdır. Əgər bunu iqtidarla əməkdaşlıq etməklə gerçəkləşdirmək mümkündürsə, qoy, iqtidar da bu prosesdə iştirak etsin. Məqsəd o olmalıdır ki, insanlar gəlib nəyə, hansı amala səs verəcək. İnsanlar gəlib hakimiyyətdən qisas almaq istəyənlərə, yoxsa doğrudan da bu hakimiyyətin içindəki müəyyən qüvvələri inandırmaqla, inqilabsız, üsyansız Azərbaycanı yeni mərhələyə keçirmək istəyənlərə səs verəcək.
[b]- Amma hiss olunur ki, hakimiyyətdəki müəyyən qüvvələr Sizin bu baxışlarınızın qalib gəlməsini istəmir. [/b]
- Bəli, bu fikrinizlə razıyam. Hətta hakimiyyətdə elələri var, istəyirlər ki, Azərbaycana təzyiqlər artsın. Onlar fikirləşirlər ki, belə olan halda ölkə başçısı bunların bir çox qanunsuz əməllərinə göz yumacaq.
[b]- Buna görə Sizə maneçilik yaratmayacaqlar ki, parlamentə düşməyəsiniz? [/b]
- Ümid edirəm ki, mənə və partiya nümayəndələrimizə kimsə cəsarət edib problem yaratmayacaq. Amma bu cür addımları da istisna etmirəm. Bu halda həmin adamları ifşa edərik.