Abşeronda qonşuların qorxunc mübahisəsi: “Kosa” və “keçəl” qılığında təhdid - FOTOLAR

img

17-09-2016 [17:57]


Bakıda eyni mənzilə bir neçə ay ərzində 4 dəfə naməlum şəxslər naməlum şəraitdə girib.

Ev sahibi deyir ki, ilk dəfə mənzillərinə oğurluq məqsədi ilə girilsə də, növbəti dəfələrdə naməlum şəxslərin məqsədləri fərqli olub.

Hadisə Novaxanıda, Püstəxanım Əzizbəyova küçəsi, ev 11-də qeydə alınıb.

"Axırıncı dəfə evə girəndə 12 yaşlı oğlumun qollarını bağlayıblar. Saçını qırxıb, qoluna iynə vurublar”- bu sözləri qorxa-qorxa deyən evin xanımı Mətanət Pənahovadır. 


Artıq ailə ikinci dəfə naməlum şəxslərin evə girməsindən qorxaraq 2 qız övladlarını babasıgilin evinə göndəriblər. 

Hadisəni daha da ilginc edən mənzilə girib, 12 yaşlı oğlan uşağının saçını qırxıb, qoluna iynə vuran şəxslərin geyim tərzi haqda deyilənlərdir.
12 yaşlı Amil Quliyev başına gələnləri danışır.

Onun sözlərinə görə, hadisə vaxtı həyətdə iki nəfər olub. Həmin şəxslərdən biri hündür, biri də alçaq boy olub. Onların birinin əynində qırmızı xalat, üzündə maska, digərinin isə uzun saqqalı və uzun saçı olub. 12 yaşlı Amil və bacısı gördükləri şəxslərin Novruz bayramının qəhrəmanları olan keçəl və kosa kimi geyindiklərini söyləyirlər.

"Toyuqların damı tərəfdə idilər. Evdə bacımla mən idik. Evimizə bir neçə dəfə oğru girdiyindən qorxurduq. Əlimə bıçaq götürüb həyətə çıxdım. Onlar tərəfə getdim. İkisi də birdən üstümə gəldi. Qollarımı arxadan bağladılar. Ayaqlarımı da iplə bağlayıb, qoluma iynə vurdular. Saçımı necə kəsmələrindən xəbərim olmadı. Elə bil, iynə məni keyitmişdi”- deyə 12 yaşlı Amil qorxu dolu gözləri ilə söyləyir.

Söhbətimizin üstünə evin sahibi Kamil Quliyev gəlib çıxır. O, 1998-ci ildən bu evdə yaşadıqlarını və fərdi yaşayış evlərini özlərinin tikdiyini deyir.

K.Quliyevin danışdıqları isə naməlum şəxslərlə bağlı bəzi qaranlıq məqamları açır. Bu hadisələrdə qonşularından şübhələndiyini deyən K.Quliyev söyləyir ki, 20 ilə yaxındır eyni məhəllədə yaşasalar da qonşuları ilə ulduzları barışmır ki, barışmır.

Qonşuları Eynulla və onun oğlu Fərruxla daim söz-söhbətlərinin olduğunu deyən K.Quliyev aralarında problemi belə izah edir: "Eynulla kişinin iki oğlu var. Bu adam nədənsə bizimlə yola getmir. Tək bizimlə yox, o biri qonşularla da. Heç kimlə danışmırlar. Həyətdə uşaqlar oynayanda çıxıb qışqırır, söyüş söyür ki, sakit olsunlar. İtin hürməsinə belə qəzəblənir. Heç cür yola gedə bilmirik. Bizdən əsas incikliyi isə məhəllədə olan bir hadisə ilə başladı”.

Qonşular arasında son xoşagəlməz hadisəni isə evin xanımı, K.Quliyevin həyat yoldaşı Mətanət Pənahova danışır:"Eynullagil qonşu xanımlardan biri haqda şikayət etmək istəyirdi. Guya ki, həmin qonşu evə başqa kişilər gətirir. Bizim şahid olmağımızı, şikayət etməyimizi istədi. Biz də bununla razılaşmadıq. Elə olanlar da bundan sonra başladı. Bizimlə düşmənçilik edir”.

Mənzildən ilk oğurluq hadisəsi bu il, iyunun 14-də baş verib. Mənzildə heç kim olmadığı vaxtda naməlum şəxslər fərdi yaşayış evinin həyətində olan ördəklərin bir neçəsini və M.Pənahovanın qızıl boyunbağını evdən aparıb. 

Hadisə ilə bağlı polisə müraciət edilib. Araşdırma aparılacağı deyilib. Lakin bir neçə ay keçməsinə baxmayaraq Abşeron Rayon Polis İdarəsindən bu barədə ailəyə hələ ki, heç bir məlumat verilməyib. 

İkinci dəfə evə naməlum şəxslər 4 gün fasilədən sonra- iyunun 18-də mənzilə giriblər. Bu zaman da həyətdə olan digər ördəkləri aparıblar. Ev sakinləri deyir ki, plastik qapını da sındırıb, evə giriblər. Lakin evdən heç nə aparılmayıb. 

İkinci oğurluq hadisəsindən sonra polis əməkdaşları ailədən kimdən şübhələndiklərini soruşub. Bu zaman Mətanət Pənahova qoşuları Eynullanın oğlu Fərruxdan şübhələndiyini deyib. Bu səbəbdən də qonşu Fərrux da polis idarəsinə çağırılıb və izahatı alınıb. Bu isə qonşular arasında yeni mübahisələrin yaranmasına səbəb olub.

M.Pənahova: "Mən sadəcə ondan şübhələndiyimi dedim. Daha sonra bizim evimizə hücum çəkdi, uşaqlarımı, bizi hədələdi. Deyir, siz kimisiniz ki, bizdən şikayət edirsiniz. Bu Fərrux və Kənan adlı dostu bu ərazilərdə "ad” çıxarıb. İşləri dələduzluq, qoçuluqdur. Onlar bir neçə dəfə bu cür əməllərinə görə polisə düşüblər. Mən də haqlı olaraq onlardan şikayət etdim. Bu şikayətdən sonra üçüncü dəfə evimizə giriblər. Televizoru təpiklə vurub aşırdıblar. Ayaq izi belə qalırdı. Evdə heç kim olmayıb. Əşyaları dağıdıb gediblər. Məhəllədə olan marketlərə gedib, bizim evə nə alıb-almadığımızı soruşurlar. Oğlum marketə gedəndə onu izləyirlər. Hər dəfə uşaqları görəndə təhdid edirlər. Biz polisdə olanda bunları da çağırdılar. Polis əməkdaşı bunları görüb dedi ki, "siz yenə gəldiniz? İşiniz hələ burdan qiyrtarmayıb”. Bunu ona görə deyirəm ki, bu şəxslər ilk dəfə deyil ki, bu cür əməl törədirlər. İndi evdə qala bilmirik. 
Qızlarımız babasıgildə qalır. Biz də gecə yata bilmirik. Qorxudan evə dəmir qapı qoymuşuq”.
Ailə deyir ki, polisə şikayətdən sonra Fərrux və Kənan adlı şəxslər onları dəfələrlə təhdid edib, sonuncu dəfə evə girəndə isə 12 yaşl Amili hədəf seçiblər. 

Amil həmin gün xatırladıqlarını danışarkən davam edir: "Məni tutanda dedilər ki, onsuz da biz hər gün sizin evinizdəyik. Həmin gün də hasardan düşmüşdülər. Kənanı səsindən tanıdım. Digəri də Fərrux idi, amma danışmırdı”.

Ev sahibi Kamil Quliyev deyir ki, qonşuları ilə aralarında olan hasarı qaldırmaq istəyiblər, lakin Eynulla kişi buna imkan verməyib: "İki evin arasında yarımçı hasar var idi. Bu hasarı qonşu çəkib. Biz də istədik ki, hasarın qalan hissəsini qaldıraq. İcazə vermədi. Dedilər ki, özünüzə hasar çəkin. Təzədən onların hasarının yanından hasar çəkmişik. Qorxudan dəmirlər basdırıb, tikanlı məftillərlə üstünü bağlayırıq ki, hasardan evə düşə bilməsinlər”. 

Hadisə ilə bağlı bəzi qonşularla da söhbət etdik. Öyrəndiyimiz ilginc məlumatlardan biri budur ki, 12 yaşlı Amilin əl-qolunu bağlayan, keçəl və kosa geyimində olanlar həqiqətən də Fərrux və Kənan adlı şəxslərdir. Qonşuların dediyinə görə, adları çəkilən şəxslər Novruz bayramı ərəfəsində eyni şəkildə geyinərək qapılara papaq atırlarmış. Həmsöhbətimiz olan sakinlər də Fərrux və Kənanın adını eşidərkən nədənsə danışmaqda tərəddüd edirlər. 

"Onlardan heç kimə xeyir gəlməyib”- deyən 35-40 yaşlı qonşu sağollaşaraq bizdən uzaqlaşır. Nədənsə bu şəxlsərin adını eşidənlər onlar haqda danışmaq istəmir. 

Ailənin dedikləri və qonşuların səsləndirdiyi fikirlərlə bağlı rəsmi məlumat öyrənməyə çalışdıq. İşi araşdıran Abşeron Rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi Xəyyam Rüstəmovla əlaqə saxladıq. 

Müstəntiq baş verənlərin sadəcə olaraq qonşular arasında mübahisə olduğunu deyir. 
Səsləndirilən iddialarla bağlı müstəntiqin dedikləri: "Həmin ailənin qoşusu ilə problemləri olub. Əvvəllər də hasar çəkmək məsələsinə görə problemlər yaşayıblar. Bu işi bir neçə dəfə araşdırmışıq. Məlum olub ki, hadisə sadəcə qonşular arasında mübahisədir. Uşaqların dediləri isə fantaziyadır. Belə qənaətə gəlmişik ki, uşaqlar öyrədilmiş şəkildə danışır. 12 yaşlı oğlana iynə vurulması ilə bağlı ekspertiza təyin etdik. Ona iynə vurulmadığı məlum oldu. Uşaq mənə deyirdi ki, qoluna maye vurublar, sonra isə dedi ki, sadəcə iynəni batırıblar. Hər iki qonşu polis idarəsində da münaqişəli ailə kimi qeydiyyata götürülüb. Tərəflərin dediyi reallığa uyğun deyil”.

Müstəntiq onu da əalvə etdi ki, ailələr arasında problemlərlə bağlı şikayətlər aylardır ki, davam edir: "Bu barədə qərar qəbul edib cinayət axtarış şöbəsinə göndərəcəm. Araşdırma aparılıb günahkar olan şəxlər cəzalandırılacaq”.

Ailənin evindən də oğurluq edilməsi ilə bağlı da araşdırma aparıldığını söyləyən müstəntiq qarşı tərəfin də bu ailədən şikayəti olduğunu bildirdi.

Adları çəkilən Fərrux və Kənanın əvvəllər də hər hansı bir xuliqanlıq və ya dələduzluq əməli törətməsinə gəlincə isə müstəntiq deyir ki, bu barədə onun icraatında araşdırma olmayıb və məlumatsızdır.

P.S. Yazıda adı çəkilən Eynulla, Fərrux və Kənan redaksiyamıza müraciət edib iddialar barədə öz fikirlərini bildirə bilərlə

İlkin Muradov
Musavat.com









Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA