DUi-nin hakimiyyətdən bir neçə tələbi var

img

26-04-2010 [03:42]


Demokratiya Uğrunda İttifaqın (DUİ) Sədrlər Şurasının növbəti toplantısı keçirilmişdir. Toplantıda qərarların icrası, ölkədəki ictimai-siyasi durum və qarşıda duran vəzifələr müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, DUİ SŞ Avropa İnsan Haqqları Məhkəməsinin Eynulla Fətullayevin dərhal azad olunması haqqında çıxardığı qərarın icra olunmasını hakimiyyətdən tələb edib. DUİ SŞ Seçki Qərargahının fəaliyyətini müzakirə etmiş və 102 seçki dairəsi üzrə namizədlərin siyahısını dəqiqləşdirib. DUİ SŞ 28 aprel 1920-cu ildə Azərbaycanın işğal olunması ilə bağlı Bəyanat qəbul edib. Bəyanatda deyilir: 90 il öncə rus bolşevik və erməni daşnak qüvvələri tərəfindən AXC süquta yetirilib. XX əsrdə ilk demokratik cümhuriyyət olan Azərbaycan milli dövlətimiz xarici müdaxilənin, işğalçı ordunun səyi nəticəsində devrilsə də, Azərbaycan türkləri XX əsrin sonunda yenidən həmin dövləin qaldırdığı bayrağı bir daha ucaltmış, müstəqilliyi bərpa edib. Azərbaycan dövlətinin süqutunda günahı olanlar hələ də cəzasız qalır. DUİ SŞ 1920-ci il işğal aktına görə Rusiya tərəfini beynəlxalq məhkəməyə verməyə, bu prosesdə iştirak edən yerli kommunistlərin xəyanətkar addımlarına tarixi qiymət verilməsi üçün Azərbaycan hakimiyyətini konkret tədbirlər görməyə çağırır. DUİ SŞ milli demokratik qüvvələri tarixi müstəqillik və demokratiya uğrunda səylərin birləşdirilməsinə, hər zaman gözlənilən təhlükəyə qarşı milli qüvvələrin sayıqlığının saxlanmasına səsləyir. DUİ SŞ 30 aprel 2009-cu ildə törədilmiş terror aktı ilə bağlı Bəyanat qəbul etmişdir. Bəyanatda deyilir: Ötən il 30 aprel tarixdə Azərbaycan Dövlət Neft Akademiyasında terror aktı nəticəsində bir qrup tələbə və müəllim qətlə yetirilib. Təəssüflər olsun ki, Azərbaycan iqtidarı 1 il ötməsinə baxmayaraq məlum terror aktının tam təfsilatı ilə araşdırılmasını təmin etməyib, hadisə ilə bağlı keçirilən məhkəmə prosesində isə ciddi ziddiyyətlər meydana çıxıb. DUİ SŞ terror aktını pisləməklə yanaşı bu aktın nəticəsində baş vermiş faciəyə görə bütün zərərçəkmiş ailələrə bir daha baş sağlığı verir, hakimiyyət orqanlarından hadisənin həqiqi günahkarlarını ortaya çıxarmağı tələb edir, 30 aprel gününün Tələbə günü elan olunması təşəbbüsünü dəstəklədiyini bəyan edir, 30 aprel faciəsinin ildönümünün qeyd olunmasına Azərbaycan iqtidarının maneələr yaratmasını pisləyir. Toplantıda DUİ -yə daxil olan 5 partiyanın ? Klassik Xalq Cəbhəsi , Azadlıq, Böyük Azərbaycan, Xalq və Milli Qurtuluş partiyalarının rəhbərləri iştirak edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA