25-04-2010 [07:31]
[b]Əvəz Temirxan: "İqtidar bizə meydan versə də gücümüzü görəcək, verməsə də" [/b]
Müxalif düşərgə qarşıdan gələn parlament seçkilərinə hazırlaşır. Azərbaycan Liberal Partiyasında da (ALP) seçkiyə hazırlıq işləri gedir. Ölkədəki ictimai-siyasi vəziyyət, müxalifətdaxili durumla bağlı müsahibə verən ALP-nin sədr əvəzi Əvəz Temirxanla söhbətə Liberal Partiyanın seçki hazırlığı ilə bağlı sualla başladıq.
- Seçki hazırlığı davam edir, artıq namizədlərin müəyyənləşdirilməsi prosesi demək olar ki, başa çatıb. Bu yaxınlarda "Azadlıq" bloku hər bir dairə üzrə öz nəmizədini müəyyənləşdirəcək, bloka daxil olan partiyalar arasında razılaşma əldə olunacaq.
[b]- ALP budəfəki seçkilərə lidersiz gedir, bu mənada vəziyyətiniz necədir? [/b]
- Liberal Partiya seçkiyə lidersiz getmir, sadəcə, liderimizin namizədliyini irəli sürmədən gedirik. Liderimiz Lalə Şövkət partiyamızın və onun daxil olduğu blokun namizədlərinə lazımi dəstəyi verəcək. Yəni Lalə xanım bir növ seçkidə "Azadlıq" blokunun vəkili simasında iştirak edəcək. Hesab edirəm ki, bu, müxalifətin qələbəsi üçün olduqca önəmlidir.
Parlament siyasəti Lalə xanım üçün keçilmiş bir mərhələ sayılır. Yadınızdadırsa, 1990-cı ildə Elçibəy də parlament seçkilərində namizədliyini irəli sürmədi, amma 1992-ci ildə keçirilən prezident seçkilərində qalib gəldi.
[b]- Müttəfiqləriniz olan partiyaların liderləri - Əli Kərimli, İsa Qəmbər parlament siyasəti mərhələsini keçməyiblərmi? [/b]
- İsa Qəmbərlə müttəfiqlik münasibətlərimiz bizdən asılı olmayan səbəblərdən keçmişdə qalıb. Əli Kərimli müttəfiqimizdir və mətbuata açıqlamasında bildirmişdi ki, Lalə Şövkət parlament seçkilərinə namizəd kimi getmirsə, yəqin prezident seçkilərinə hazırlaşır. Bu da onu göstərir ki, "Azadlıq" blokunda prezidentliyə namizədlik məsələsində də heç bir qısqanclıq yoxdur. 2013-cü il gələr, onda bu məsələyə qayıdarıq.
[b]- Yəqin ki, "Azadlıq" blokunun deputatlığa namizədlərlə bağlı vahid siyahısı müəyyənləşəcək. Bu siyahı hazırlanan zaman hansısa gərginlik, narazılıq gözlənilirmi? [/b]
- Çəkişmələr gözlənilmir, amma müzakirələr olacaq. AXCP-nin və VİP-in elə üzvləri var ki, mən, onların namizəd olmasını istəyirəm. Çox istərdim ki, VİP-dən Sevil Həmidova və Büllur Hümbətov, AXCP-dən Mirzə Sakit deputatlığa namizəd olsun. Yəqin ki, məhkumluğu götürülmədiyindən Qənimət Zahid seçkidə namizəd kimi iştirak edə bilməyəcək, amma Qənimət bəyin namizəd olmasını istərdim. Həm də istərdim ki, onun həyat yoldaşı Ayəndə xanım, Eynulla Fətullayevin atası Emin Fətullayev də deputatlığa namizəd olsunlar. Qoy, Azərbaycan xalqı görsün ki, ailənin bir üzvü həbs olunanda belə, digər üzvləri mübarizəni davam etdirirlər və müxalifət də onlara dəstək verir.
Düzdür, İnsan Haqları üzrə Avropa Məhkəməsinin son qərarından sonra Eynulla bəy özü də namizəd ola bilər. Bir sözlə, düşünürəm ki, partiyaların elə namizədləri olmayacaq ki, razılaşma əldə edilməsin.
[b]- Ümumiyyətlə, "Azadlıq" blokundakı partiyalara namizədlər üçün kvota olacaqmı, yəni hansı partiya nə qədər namizəd irəli sürə bilər?[/b]
- Mütləq deyil ki, namizədlərin sayı bərabər bölüşdürülsün. Bir partiyanın namizədinin çox, digərinin az olması problem yaratmayacaq. Əsas odur ki, ciddi namizədlərlə seçkiyə gedək ki, "Azadlıq" bloku qalib gəlsin. Hesab edirəm ki, "Azadlıq" blokunun parlament seçkilərində qələbəyə ümid etməyə mənəvi haqqı var. 2005-ci ildə keçirilən parlament seçkilərindən sonra "Azadlıq" blokunda bir araya gələn partiyalar bütün məhrumiyyətlərə baxmayaraq, ardıcıl, prinsipial müxalifətçilik siyasətini yürüdüblər.
[b]- "Azadlıq" blokundan kənar qüvvələr necə? [/b]
- Biz blokdan kənar müxalifət qüvvələri ilə əməkdaşlıq etmək niyyətindəyik. Məsələn, mən istərdim ki, ADP ilə əməkdaşlıq edək. Elə partiyalar var ki, namizədlərin müəyyən qisminin razılaşdırılması mümkündür. Seçki ili həmişə siyasi baxımdan hərarətli olur, ancaq mən istərdim ki, liderlər bu məsələlərə bir qədər soyuq başla yanaşsınlar. Düşünürəm ki, əgər demokratik seçki keçirilsə, müxalifət dairələrin ən azı 2/3-də qalib gələcək. "Azadlıq" bloku isə dairələrin yarısında qalib gəlmək iqtidarındadır.
[b]- Görünən odur ki, müxalifətin ümumi birliyi alınmadı. Müsavat DUİ ilə, "Azadlıq" bloku müttəfiqləri ilə, ADP və Ümid isə ayrı-ayrlıqda seçkiyə gedir. Seçkiyə parçalanmış şəkildə gedən müxalifətə belə vəziyyət nə vəd edir? [/b]
- "Parçalanmış" ifadəsinə diqqətlə yanaşmağı təklif edirəm. Bir fikir var: Yaxşıca birləşməzdən əvvəl yaxşıca ayrılmaq lazımdır. Yəni müxalifət partiyalarının seçkiyə vahid blok şəklində gedilməməsini faciələşdirməyə ehtiyac yoxdur. Əksinə, bunun müsbət cəhətləri var. Tutaq ki, müxalifət partiyaları namizədlər məsələsini müzakirə edir və ortaq bir məxrəcə gəlirlər. Sonra düşünülmüş şəkildə iki blokda prosesə qoşulurlar. Qarşılıqlı öhdəlik götürürlər ki, biz sizin namizədləri, siz də bizim namizədləri müvafiq dairələrdə müdafiə edəcəksiniz.
Digər tərəfdən, indikindən fərqli olaraq, mətbuatda da böhtan kampaniyalarına son qoymaq olar. Konkret olaraq, Liberal Partiyaya bir tərəfdən iqtidar haqsız olaraq böhtanlar yağdırır, digər tərəfdən isə bəzi müxalifət partiyaları...
[b]- Müsavat Partiyasını deyirsiniz? [/b]
- Bəzi müxalifət partiyaları... O məsələyə qayıtmaq istəmirəm.
[b]- Niyə ki, qorxursunuz? [/b]
- Mən Allahdan başqa, heç kimdən qorxmuram. Bəlkə çoxları bu hakimiyyətdən qorxur, amma biz həmişə repressiya maşınını bizə qarşı yönəldən rejimin belə, qarşısından qaçmamaşıq. Söhbət ondan getmir. Hazırda Azərbaycan xalqı bizə böyük ümidlərlə yanaşır. Ona görə də çalışmalıyıq ki, partiyalararası intriqalara son qoyaq, ən azı onları arxa plana keçirək. Bu mənada yersiz tənqidə yol verməməklə bağlı öhdəlik götürmək olar. Hansısa formada paralel mübarizə haqqında razılığa gəlmək də mümkündür.
[b]- Əvəz bəy, deyəsən, müxalif namizədlərin digər müxalif qüvvələr tərəfindən dəstəklənməsi də baş tutmayacaq. Çünki ADP, Müsavat və digər müxalifət partiyaları müttəfiqi olmayanları dəstəkləməyəcəklər. Elə Sərdar Cəlaloğlu ilə Arif Hacılının fikirləri də bunu deməyə əsas verir... [/b]
- Sizinlə razı deyiləm. Bu fikirlərdən nəticə çıxarmaq hələ çox tezdir. Mən, Sərdar bəyin fikirlərinə diqqət yetirmişəm, o, müxalifətdaxili əməkdaşlığı birmənalı şəkildə rədd etmir. Mənim ADP-nin sədr müavinləri ilə ayaqüstü söhbətim olub. Onlar isə əməkdaşlığın tərəfdarı olduqlarını bildiriblər. Sadəcə olaraq, bu situasiyanı yetişdirmək lazımdır.
- Bəs Müsavat?
- Müsavata gəldikdə, Arif Hacılının fikirlərində namizədlərin dəstəklənməməsi ilə bağlı qəti bir söz yoxdur. Deyib ki, əməkdaşlığın formasını gələcək müəyyənləşdirir. O, bu məsələdə haqlıdır. Məncə, proseslər inkişaf etdikcə kimin kimlə əməkdaşlıq edə biləcəyi məlum olacaq.
[b]- Məsələ ondadır ki, Müsavat əməkdaşlıq məsələlərində ALP, VİP, ADP-nin adını belə çəkmir, yalnız AXCP-ni nəzərdə tutur... [/b]
- Birincisi, biz bu hakimiyyətin ikinci postundan istefa verib getmiş Lalə Şövkətin nüfuzu əsasında Liberal Partiyanı yaratmışıq. Hakimiyyətin bütün istəklərinin əksinə olaraq, biz Azərbaycan siyasətində, müxalifətində özümüzü təsdiq etmişik, uğurlar qazanmışıq. Bizim istər iqtidarda, istər müxalifətdə olan opponentlərimizin münasibətindən asılı olmayaraq, ALP bundan sonra da uğurlarını davam etdirəcək.
[b]- Sizin Müsavatın dəstəyinə ehtiyacınız varmı? [/b]
- Biz "Azadlıq" bloku olaraq, digər partiyalarla namizədləri razılaşdırdıqda təqribən belə bir formul ola bilər. Məsələn, seçicilərə deyə bilərik ki, harda "Azadlıq" blokunun namizədi varsa ona səs verin, harda yoxdursa onda başqa müxalifətçilərə səs verin. Digər partiyalar da bu cür təbliğat apara bilərlər. Ona görə də hansısa partiyanın xüsusi dəstəyinə ehtiyacımız yoxdur. Amma təbliğat vaxtı müxalifət partiyalarının bəzilərinin arasındakı münasibətlərin çox kəskin olmasına baxmayaraq, bu formada seçiciləri iqtidara səs verməməyə çağırmaq olar.
[b]- Müttəfiqiniz Əli Əliyev deyib ki, "Azadlıq" bloku İsa Qəmbərin namizəd olacağı dairədən namizəd irəli sürməyəcək, bu, prinsip məsələsidir. Onunla razılaşırsınızmı? [/b]
- Mən dedim axı, namizədlərin müəyyənləşdirilməsində biri-birimizə güzəştə gedə bilərik. Qaldı ki, konkret şəxslərin namizədiyinin dəstəklənməsinə, namizədlərin razılaşdırılması məsələsi gündəmə gələndə sizin suala aydınlıq gətirə bilərəm. Bəlkə heç həmin adam namizəd olmadı, ona görə də indidən bu müzakirəni açmaq nəyə lazımdır?
[b]- Əslində İsa Qəmbər Sizin dəstəyinizə ehtiyacı olmadığını bildirir... [/b]
- Biz yaxamızı cırmırıq ki, konkret kiməsə dəstək verək, o da desin ki, dəstəyə ehtiyacım yoxdur. Əslində Lalə Şökvətin Azərbaycan cəmiyyətində elə böyük nüfuzu var ki, ALP-nin istənilən şəxsə dəstəyi ona xeyli səs gətirə bilər.
[b]- "Azadlıq" bloku da aksiyalara qərar verib. Necə düşünürsünüz, aksiyalarla ölkədəkə vəziyyəti dəyişmək mümkün olacaqmı? [/b]
- Bu hakimiyyətə təsir etmək imkanlarından biri, bəlkə də birincisi kütləvi aksiyalardır. Amma çox təəssüf ki, hakimiyyət buna qadağa qoyub. Artıq beynəlxalq təşkilatlar da Azərbaycanda sərbəst toplaşmaq azadlığı məsələsini ciddi şəkildə gündəmə gətiriblər. Ümid edirəm ki, kütləvi aksiyalara imkan veriləcək. Onda görərik, Azərbaycan xalqı bu iqtidarı daha çox dəstəkləyir, yoxsa müxalifəti. Əgər bu iqtidar doğrudan da həm daxildə, həm də xaricdə belə uğurlu siyasət yürüdürsə, nədən xalqa meydan vermir? Meydan versin, onda məlum olacaq ki, bu iqtidarın cəmiyyətdə heç beş faiz belə dayağı yoxdur. Ancaq iqtidar bizə meydan versə də gücümüzü görəcək, verməsə də. Çünki belə getsə, biz icazəsiz aksiyalara getməyə məcbur olacağıq. Yəni hakimiyyəti geri çəkilməyə məcbur edəcəyik. Onda kütləvi aksiyaların keçirilməsi üçün meydan veriləcək.
[b]Zaur ƏHMƏD [/b]