25-04-2010 [07:27]
[b]Zərdüşt Əlizadə: "Hakimiyyətin səmərəsiz xarici siyasəti, Azərbaycan ordusunun gücsüzlüyü, Azərbaycan dövlətinin beynəlxalq miqyasda bihörmət olması, ölkədəki anti-demokratiya Qarabağ probleminin həll olunmasına ciddi əngəllərdir"[/b]
Ermənistanla Türkiyə arasında imzalanan protokolların ratifikasiyası Sarkisyan administrasiyası tərəfindən tərəfindən donduruldu. Görəsən, bunun Azərbaycana, daha doğrusu, Qarabağ münaqişəsinin həllinə hansı təsirləri ola bilər? Ermənistanın bu addımının arxasında hansı məqamlar dayanır? Bu və ya digər məsələlərlə bağlı suallırımızı politoloq Zərdüşt Əlizadə cavablandırıb:
- Ermənistan bu addımı Rusiya və ABŞ-ın razılığı ilə atıb. Protokolları dondurdular, təbii ki, bu, Sarkisyanın, onun ətrafının, dolayısı ilə rus generallarının, Rusiyanın razılığı və göstərişi ilə edilir. Buna səbəb də odur ki, Obama çıxışında "genosid" sözünü işlədəcək. Yəni bu yolla Türkiyəyə təzyiq etmək istəyirlər.
[b]- Bu saziş Rusiya və ABŞ-ın istəyi ilə imzalanmayıbmı? [/b]
- Bəli. Sadəcə olaraq, onlar istəyirlər ki, Qarabağ münaqişəsi həll edilmədən Türkiyə-Ermənistan sərhədləri açılsın. Amma Türkiyənin Baş naziri Ərdoğan dirəniş göstərir ki, Qarabağ məsələsi həll olunsun. Deyir ki, heç olmasa, iki rayon boşaldılsın. Əvvəllər beş rayon tələbi var idi, indi vəziyyət ağırdır, iki rayonun boşaldılmasını tələb edir. Ancaq Ermənistan buna da razı deyil. Əslində Ermənistan yox, onun "sponsorları", "daydayları" olan Rusiya ilə Amerika bununla razılaşmır. Düzünə qalsa, Türkiyəyə sərhədlərin açılması xeyirdir. İstəyər ki, ətrafında olan dövlətlərlə normal münasibətləri olsun.
[b]- Ancaq protokolların ratifikasiya olunmasında şərtlə danışanlardan biri də Türkiyədir... [/b]
- Türkiyə şərtlə ona görə danışır ki, Sürix protokollarında qeyd olunduğu kimi, bölgədə sülh bərqərar olsun. Əgər Qarabağ münaqişəsi varsa, regionda sülh yoxdursa, sülh necə bərqərar ola bilər? Bu mənada Türkiyənin tələbləri haqlıdır.
[b]- Necə düşünürsünüz, protokolların dondurulması müvəqqəti xarakter daşıyır, yoxsa müəyyən müddət davam edə bilər? [/b]
- Təbii ki, müvəqqətidir. Əbədi heç nə yoxdur. Bu, Türkiyəyə qarşı təzyiq vasitəsidir. Amma mən düşünmürəm ki, bu cür təzyiqlərlə Türkiyəni diz çökdürə biləcəklər. Tutalım, Obama "genosid" sözünü işlətdi, nə dəyişəcək? Heç nə. Ermənistan gəlib Türkiyəni minəcəkmi, yoxsa gəlib Şərq vilayətlərini alacaqmı? Bunların hamısı boş söhbətlərdir. "Soyqırım" məsələsindən daima Türkiyə üçün təzyiq metodu kimi istifadə olunub. Amma bu gün bu vasitə ilə Türkiyəyə nəsə etmək mümkün deyil. Sadəcə olaraq, ABŞ və digər dövlətlər bundan Türkiyə əleyhinə bir təsir mexanizmi kimi istifadə edirlər.
[b]- Zərdüşt bəy, hazırda protokollar dondurulub, Siz isə bunun müvəqqəti olduğunu deyirsiniz. Bəs, proses bu şəkildə davam edərsə, bunun Qarabağ probleminin həllinə hansı təsiri ola bilər?[/b]
- Qarabağ problemi Türkiyə-Ermənistan sərhədlərinə görə həll edilmir. Daha ciddi, daha təsirli amillər var. Azərbaycan hakimiyyətinin səmərəsiz xarici siyasəti, Azərbaycan ordusunun gücsüzlüyü, Azərbaycan dövlətinin beynəlxalq miqyasda bihörmət olması, ölkədəki anti-demokratiya Qarabağ probleminin həll olunmasına ciddi əngəllərdir. Eyni zamanda təcavüzkar Ermənistan dövlətinə Rusiyanın, Amerikanın göstərdiyi maddi yardım, Avropanın maddi və siyasi dəstəyi Türkiyə-Ermənistan sərhədlərindən daha mühüm amillərdir. Bu mənada Qarabağ münaqişəsinin həllinə nail olmaq üçün qeyd etdiyim əngəlləri dəf etmək lazımdır. Ancaq Azərbaycan hakimiyyəti bu istiqamətdə hər hansı addım atmır. Amma Türkiyə ən azı protokollar məsələsində Qarabağ tələbini qoyur.
[b]- Deyirsiniz ki, ABŞ və Rusiya son proseslərdə Türkiyəyə təzyiq edir. Azərbaycan isə onun maraqlarını müdafiə edən Türkiyəyə hər hansı bir dəstək vermir...[/b]
- Çünki Azərbaycan tamamiylə səmərəsiz, müasir zamana uyğun olmayan bir mövqe tutur. Fərz edək ki, Türkiyə ilə Ermənistan arasında ziddiyyət var, diplomatik əlaqələr də yoxdur, sərhədlər də bağlıdır. Amma Türkiyə nə edir? İmkan verir ki, on minlərlə erməni gəlib Türkiyədə işləsin, qeyri-qanuni işləyirlər, amma gözünü yumur ki, işləsinlər və ailələrinə pul göndərsinlər ki, Türkiyəyə olan mənfi münasibəti erməni cəmiyyəti yavaş-yavaş dəyişsin. Bütün sorğular göstərir ki, bəli, erməni cəmiyyətində əbədi və əzəli türk düşməni surəti əriyib və yavaş-yavaş müttəfiq ölkə simasına çevrilib. Bəs, Azərbaycan nə edir? Rəsmi televiziya erməniləri millət kimi səhərdən axşama kimi söyür. Hərçənd ki, Türkiyədə heç kəs, heç vaxt erməniləri millət kimi söymür. Bizdə söyürlər. Bu, Azərbaycana xeyirdimi? Bunun beynəlxalq hüquq normalarına müəyyən təsiri olurmu, məsələnin sülh yolu ilə həllinə xeyirdimi? Əlbəttə, xeyr. Bu, nəyə əsas verir? Ona əsas verir ki, avam xalqa göstərsinlər ki, guya Azərbaycan hökuməti Qarabağ naminə nəsə edir. Amma eyni zamanda bizim ordumuz bərbad vəziyyətdədir, Azərbaycan dövlətinin imici sıfırdan da aşağıdır. Budur, Azərbaycanın Qarabağla bağlı apardığı siyasət.
[b]- Sizin təklifiniz nədir? [/b]
- Biz erməni cəmiyyətində Azərbaycana münasibəti dəyişdirə, orda ölkəmizin tərəfdarlarının sayını çoxalda bilərik. Biz bunu edirikmi? Xeyr. Hakimiyyətimiz vətəndaş cəmiyyəti səviyyəsindəki ədaqələrə qadağa qoyub. Sülhü istəyən hakimiyyət vətəndaş cəmiyyətinin sülh axtarışlarına mane olarmı? Yox, əksinə, pul ayırardılar, dəstək verərdilər. Çağırmalıyıq ki, gəlin baxın. Oturaq, müzakirə edək və görək, necə yaşaya bilərik. Hərdən-bir "statuslu" ziyalıları göndəririk. Qalan vaxtlarda isə mənasız və sülhün əleyhinə olan kampaniyanı davam etdiririk. Bu da göstərir ki, Azərbaycan hakimiyyəti Qarabağ probleminin həllində maraqlı deyil. Hakimiyyəti ancaq neft pulu, qaz pulu, kreditlər, infrastruktur layihələrindən gələn milyonlar, binaların, körpülərin tikintisi və s. maraqlandırır. Başları qarışıb bunlara, xarici və daxili siyasət isə bərbad gündədir.
[b]- Axı, proseslərin belə davam etməsi hakimiyyətin özünə də sərf etmir, bununla hakimiyyətin ömrünü uzatmaq olmaz... [/b]
- Əksinə, hakimiyyət elə bu siyasətlə ömrünü uzadır. Bu hakimiyyət Qarabağ davasında gəlib. Qarabağ davası olmasayıdı, nə bunlar, nə də Xalq Cəbhəsi hakimiyyətə gələ bilməzdi. Qarabağ dalğasında gəldilər, Qarabağ dalğasından istifadə edib hakimiyyətlərini möhkəmləndirdilər, bu amillə Qərbə, Rusiyaya şirin oldular. İndi də Qarabağ "dəyənəyi"ndən istfadə edib, xalqın başına vura-vura otururlar. Eyni zamanda ciblərini doldururlar. Qarabağ məsələsinə görə hansı təzyiqlər olur? Xalqmı qalxacaq, qarabağlılarmı etiraz edəcək, müxalifətmi qalxacaq? Heç kim qalxmayacaq. Hamı öz işindədir, Qarabağı düşünən yoxdur.
[b]- Son günlər gündəmdə olan məsələlərdən biri də ABŞ-Azərbaycan münasibətlərindəki gərginlikdir. Bu barədə nə düşünürsünüz? [/b]
- Azərbaycan-Amerika münasibətlərinin gərginləşməsi Qarabağ problemi ilə bağlı deyil. Amerikanın Qarabağla bağlı siyasəti 88-dən bəri dəyişməzdir. Onlar birmənalı şəkildə Ermənistanın tərəfində durub. Amerikanın Qarabağla bağlı mövqeyini bili-bilə Azərbaycan hökuməti ona gözün üstə qaşın var,- deməyib. Hazırda isə münasibətlər bir qədər korlanıb. Bu nə vaxt oldu? "Vaşinqton post"da Dubay mülkləri ilə bağlı məqalə çıxandan sonra birdən yada düşdü ki, sən demə, Amerika Ermənistanı müdafiə edirmiş.
[b]- Amma ABŞ Dövlət Departamentinin hesabatında da Azərbaycanda insan haqlarının pozulması, demokratik mühitin olmaması, sərbəst toplaşma azadlığı, siyasi həbslər və s. məsələlərin yer alması da hakimiyyətin narazılığına səbəb olub...[/b]
- Bu tənqidi fikirlər ABŞ Dövlət Departamentinin hər il elan etdiyi hesabatlarında öz əksini tapır. İnsan haqlarının pozulması, sərbəst toplaşma, korrupsiya, jurnalistlərin həbsi hesabatda hər dəfə qeyd olunur. Məsələ bunda deyil.
[b]- ABŞ-ın Azərbaycan hakimiyyətinə təzyiqlərinin səbəbi nədir? [/b]
- Amerika hesab edir ki, artıq vaxtdır, Ermənistanın Rusiyadan qoparmaq lazımdır. Rusiya istəyir ki, Qarabağ nə Azərbaycana qayıtsın, nə də Ermənistana verilsin və buna görə də hər iki ölkə asılı vəziyyətdə qalsın. Amerika isə istəyir ki, Ermənistanı Rusiyadan qoparsın, bunun üçün də ona nəsə verməlidir. Nəyi verəcək, Rusiyanın vermədiyini. Rusiya Ermənistana Qarabağı vermir, Amerika isə istəyir ki, Ermənistana Qarabağı faktiki şəkildə versin.
[b]- Azərbaycan tərəfi həm Rusiyanın, həm Amerikanın Qarabağla bağlı mövqelərini anlamırmı? [/b]
- Birincisi, Azərbaycan hakimiyyəti Rusiyanın da, Amerikanın da, Fransanın da, Ermənistanın da niyyətini çox gözəl bilir. İkincisi, onlar Rusiyanın, Amerikanın və Fransanın həmsədr olmasına ona görə razı olublar ki, onların Azərbaycan üzərindəki hakimiyyətini bu dövlətlər tanısınlar. Bu, onların şəxsi hakimiyyətlərinin möhkəmlənməsinə xidmət edən addımdır. Yəni hakimiyyətlərinə görə dövlətin və millətin maraqlarını qurban veriblər. Xalq Cəbhəsi hakimiyyətə görə Qarabağın getməsinə razılaşmışdı. O vaxt Etibar Məmmədov İsa Qəmbərə deyirdi ki, Şuşa məsələsini açaram, o da deyirdi ki, mən də Laçın məsələsini açaram. Bunlar vəzifəyə, hakimiyyətə görə nəyisə veriblər. Tarix boyu belə olub, hakimiyyətlər öz hakimiyyətləri naminə nəyisə veriblər.
[b]- Başqa bir məsələyə keçmək istərdim. Ukraynanın yeni prezidenti öz ölkəsində Rusiyanın hərbi dəniz donanmasının daha 25 il fəaliyyətinə icazə verir. Digər tərəfdən, Rusiya Qırğızıstanda inqilab yolu ilə hakimiyyəti dəyişdirdi. Sanki Rusiya regionda güc balansını öz tərəfinə çəkir. Bu mənada Azərbaycanı nə gözləyir? [/b]
- Bu dalğa 93-cü ildə MDB məkanında ilk dəfə Azərbaycana gəlib. Ondan sonra yavaş-yavaş Qırğızıstanda öz əksini tapıb. Rusiyanın siyasətindən kənara addım atan siyasətçilərə hər hansı bir cəza tətbiq olunub. Bu addım Gürcüstanda atıldı. Mən burada tarixi baxımdan təhlükə görmürəm. Hesab edirəm ki, Rusiya tədricən tənəzzülə uğrayan dövlətdir. Onun tarixi gələcəyinə inanmıram.
[b]- Qərbin də son dövrlər Azərbaycana təzyiqləri artıb. Hakimiyyətdən demokratiya tələbi, Eynulla Fətullayevlə bağlı qərar...[/b]
[i]- (Tələsik)[/i] Eynulla Fətullayevlə bağlı Avropa Məhkəməsinin qərarı təzyiq deyil. Onun işi iki il yarımdır ki, Avropa Məhkəməsindədir. Ordada işə çox ləng baxırlar. Təsadüfən gəlib indiyə düşüb. Mən düşünmürəm ki, Eynullanın bəraət qərarı Amerikanın Azərbaycana təzyiqinin təzahürüdür. Kim deyirsə, bu, Qərbin Azərbaycana təzyiqidir, düz qiymətləndirmir. Qərb tələb edir ki, bizdə məhkəmə qərarları beynəlxalq hüquq normalarına uyğun gəlmir.
[b]- Hətta həm bunun, həm də ABŞ-ın təzyiqlərinin seçki ilində olmasını təsadüfi saymırlar... [/b]
- Qərbdə məhkəmə hakimiyyəti xeyli dərəcədə müstəqildir. Guya ABŞ Dövlət Departamentindən Avropa Məhkəməsinə dedilər, onlar da qərar çıxardı ki, Eynulla dərhal azad olunmalıdır? Sadəcə, Eynullanın işi o qədər biabırçıdır, bütün hüquq normaları pozulub ki, onlar məcbur olub belə qərar verdilər.
[b]- Söhbət təkcə Eynulla Fətullayevin işindən getmir. Müxalifət də iddia edir ki, Qərb artıq hakimiyyətdən demokratiya, ədalətli seçki, sərbəst toplaşmaq azadlığı tələb edir... [/b]
- Azərbaycan müxalifətinin vəziyyəti təhlil etmək, hansısa proqnozlar vermək qabiliyyətini blirsinizmi, ona ciddi yanaşırsınızmı? Şəxsən mən ciddi yanaşmıram. Hər dəfə seçki ərəfəsində "bu dəfə biz gələcəyik",- kimi bəyanatları eşidirik. İndi də onlar qüvvələr nisbətini yanlış qiymətləndirirlər. Azərbaycan hakimiyyəti cəmiyyəti əzib və onun üzərində əyləşib.
[b]- Qərb 2010 seçkilərində bu siyasətə göz yumacaqmı?
[/b]
- Göz yumacaq. Neyləsinlər? Çünki Azərbaycanla işləməlidir. Bu yarıtmaz hakimiyyətdən başqa hakimiyyət də yoxdur.
[b]- Bəs, müxalifət? [/b]
- Müxalifət indiki düşdüyü vəziyyətə görə özü günahkardır. Özü yıxılan isə ağlamaz...
[b]Zaur ƏHMƏD
[/b]